17 otaqlı binasını məktəbə vermiş KİŞİNİN EVİ nəhayət təmir olunur – FOTO

17 otaqlı binasını məktəbə vermiş KİŞİNİN EVİ nəhayət təmir olunur – FOTO

Hazırda oxunan: 17 otaqlı binasını məktəbə vermiş KİŞİNİN EVİ nəhayət təmir olunur – FOTO

127003

Məşədi İbrahim ağa. Bəlkə də bu ad çoxlarına tanış deyil. Amma Qazax mahalında bu insanı çox yaxşı tanıyırlar və böyük hörmətlə anırlar. Rəsmi ağa statusu olmasa da varına, puluna, mülkünün çox olmasına və hörmətli bir kişinin - Hacı İsmayılın oğlu olduğuna görə ona eldə-obada ağa deyirmişlər. Məşədi İbrahim Azərbaycanda ilk milli təhsil ocağının yaradılmasında böyük rolu olanlardan biridir. 

Bizim.Media-nın yerli bürosu bu xeyriyyəçi insan haqqında daha ətraflı danışmaq, onun milli təhsilin inkişafına verdiyi töhfənin böyüklüyünü göstərmək üçün bir qədər tarixə baş vurmağı lazım bildi…

Azərbaycanda milli təhsilin inkişafı həm də Firudin bəy Köçərlinin adı ilə bağlıdır.

Ömrünü öz doğma torpağında yerli ziyalıların yetişdirilməsinə həsr edən mütəfəkkir hələ Qori seminariyasında çalışdığı müddətdə dəfələrlə Azərbaycan (tatar) bölməsinin ölkəmizdə fəaliyyət göstərməsinə çalışmışdı. Qori Seminariyası o dövrdə öz mövcudluğu və fəaliyyəti ilə Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətinin inkişafında müstəsna rol oynadı.

Seminariyanın Azərbaycan bölməsinin mövcud olduğu 39 il müddətində Azərbaycan məktəbi üçün 250-yə yaxın pedaqoq hazırlandı ki, onlar da öz növbəsində Azərbaycanın milli maarifçilərini yetişdirdilər.

Həmin dövrdə milli ruha köklənmiş Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyov, Səfərəli bəy Vəlibəyov, Firidun bəy Köçərli kimi onlarla seminaristlər yetişmişdi ki, onların da bir istəyi, bir amalı var idi.

Nəyin bahasına olur-olsun, xalqı maarifləndirmək, elmə, təhsilə cəlb etmək. Bu arzunu reallaşdırmaq üçün Azərbaycanlı ziyalılar Qori Müəllimlər Seminariyasının rəhbərliyi qarşısında ilk dəfə 1884-cü ildə Azərbaycan bölməsinin Azərbaycana köçürülməsi məsələsini qaldırdılar.

Seminariya iclaslarında dəfələrlə bu təkliflə çıxış edən Səfərəli bəy Vəlibəyov hər dəfə rəhbərlik tərəfindən sərt etirazla qarşılaşsa da, fikrindən dönmədi və soydaşlarını da bu amal uğrunda ətrafında birləşdirə bildi. Səfərəli bəyin çağırışına ilk təşəbbüs geniş miqyasda seminariyanın müəllimi Firidun bəy Köçərlidən gəldi.

O, 1906-cı ildə Bakıda "Nəşri-maarif” Cəmiyyətinin toplantısında çıxış edərək ziyalılarımızı bu işdə onlara dəstək olmağa çağırdı. O zaman milli məktəbin yaradılması və milli ruhda böyüyəcək ziyalıların yetişdirilməsi məsələsi həm bir siyası baxış olduğundan buna imkan verilmirdi. Yalnız rus çarının yıxılmasından və gürcü knyazlığının başının hökumət qurmağa qarışdığı zaman bu şəraitdən istifadə edən Firudin bəy Köçərli öz istəyinə mayın 28-i 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra çatır. 

Müstəqil Azərbaycanda təhsilin inkişafı üçün ilk növbədə milli kadr qıtlığı məsələsi həmin dövrdə Parlamentdə müzakirəyə çıxarılır.

Həmin iclasda F.Köçərli bu qıtlığı aradan qaldırmaq üçün Qori Seminariyasının Azərbaycan bölməsinin Azərbaycana köçürülməsi məsələsini irəli sürərək, hökumətdən kömək istəyir. Hökumət məsələyə dərhal reaksiya verir və Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan) bölməsinin Qazaxa köçürülməsi üçün F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə F.Köçərlinin sərəncamına 5 min rubl pul ayırır. Bu qərardan sonra millətinə "maarif işığı” gətirməyə tələsən Firidun bəy ölümünü göz altına alaraq Qoriyə tələsir, gecə ikən gizlincə, həyat yoldaşı Badisəba xanımla seminariyanın Azərbaycan bölməsinə aid olan bütün əmlakı, sənədləri və dərs vəsaitlərini kisələrə dolduraraq qatara minir.

Qatar yolda ikən Gürcüstan hökuməti duyuq düşür və qatarın dalınca adam göndərir. Qatar Böyük Kəsik dayanacağını keçib Salahlıya yaxınlaşanda dayandırırlar. Xoşbəxtlikdən, danışıqlar nəticəsində qatar Tiflisə boş qayıdır, seminariyanın ləvazimatı isə Qazax bəylərinin köməyi ilə Salahlıya daşınır. 

Həmin dövrdə böyük bir seminariyanın təşkili məsələsi çox çətin bir proses idi.

Bu zaman Məşədi İbrahim Ağa 17 otaqdan ibarət öz malikanəsini xeyir-dua ilə Qazax Müəllimlər Seminariyasına verir və Firidun bəyə böyük hörməti olan Məşədi İbrahim sonralar da seminariyanın hər bir işində ona dəstək olur. 

Məşədi İbrahim Hacı İsmayıl oğlu 1872-ci ildə Qazağın Kosalar kəndində anadan olub. Yerli sakinlərin dediyinə görə Məşədi İbrahim ömrünün sonuna qədər kimsəsizlərə əl tutub və xeyriyyə işləri ilə məşğul olub. 1918-ci ildə Firudin bəy Köçərlinin və onun əslən Qazax elindən olan xanımı, Badisəba Vəkilova ilə Salahlıya gəldiyini, Qazaxda milli seminariya yaratmaq istəklərini bildikdən sonra Məşədi İbrahim 1910-cu ildə tikdirdiyi 17 otaqlı mülkünü təmənnasız olaraq verir. 

Yerli sakinlər Məşədi İbrahimin çox xeyirxah bir insan olduğunu söyləyirlər. Özü yazmağı və oxumağı bilməsə da zəhməti ilə varlanmış, Qazax mahalında bir neçə bina və karvansara sahib olmağı bacarmışdı.

Deyilənlərə görə Hacı İbrahim əldə etdiyi qazancının çox hissəsini mədrəsə və məscidlərə verir, imkansızlara paylayırmış. 

Ötən ilə qədər diqqətdən kənar qalan Hacı İbrahimin xatirəsi nəhayət 2022-ci ildə ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasının bərpa etmək təşəbbüsündən sonra anılıb. Belə ki, bu tarixi binanın əsaslı təmiri zamanı öz mülkünü təmənnasız Azərbaycan təhsinin inkişafına bəxşeyş edən Hacı İbrahim də diqqətdən kənarda qalmayıb. Layihə çərçivəsində bu xeyirxah insanın Qazax rayon Kosalar kəndində yaşadığı ev də təmir olunur.

Qazax rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı evin binasının təmiri təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir.

Bu nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramın göstəricisidir. 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO