“Martın 18-dən Bakı-Gəncə-Ağstafa sürətli qatar fəaliyyətə başlayacaq”.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq - CƏDVƏL
Məlumatda deyilir ki, 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək:
“Belə ki, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq. Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır”.
Məlumatda qeyd olunur ki, hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq:
“Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək. Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edəcək. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq”.
Qeyd edək ki, 459 kilometr uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Yalama, Bakı- Qəbələ istiqamətində də sürət qatarının martın 18-dən etibarən fəaliyyətə başlayacağını demişdi. Hazırda sürət qatarı ancaq Bakı Lənkəran və Bakı-Şuşa istiqaməti üzrə planlaşdırılmayıb. Amma bu istiqamıətdə sürət qatarlarının gələn ildən etibarən fəaliyyətə başalayacağı deyilir.
Surxay Atakişiyev, Bizim.Media