Bu gün YEL ÇƏRŞƏNBƏSİ – Həm də dünyanın bir-biri ilə xəbərləşməsinə keçid GÜNÜDÜR

Bu gün YEL ÇƏRŞƏNBƏSİ – Həm də dünyanın bir-biri ilə xəbərləşməsinə keçid GÜNÜDÜR

Hazırda oxunan: Bu gün YEL ÇƏRŞƏNBƏSİ – Həm də dünyanın bir-biri ilə xəbərləşməsinə keçid GÜNÜDÜR

124071

Bu gün ölkəmizdə Novruz bayramına gedən yolda növbəti çərşənbə - Yel çərşənbəsi qeyd olunur.

Su ilə təmizlənənlər, diləyini suya danışanlar, Tanrıdan əkini üçün bol su diləyənlər, daha sonra ağırlığını oda tökənlər, Günəş işığının bolluğunu arzulayanlar ücüncü dəfə Yel babaya üz tutur, ən gözəl dualarla onu qarşılayırlar.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, təbiətə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Dünyanın bu başından o başına bir-birindən xəbər ötürülür.
 

MÖVZU İLƏ BAĞLI:

“Çilləyə qarpız kəsib girərdilər, narı yerə çırpıb çıxardılar” -  FOLKLORŞÜNAS


Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, təravətini gətirir. 

Yel çərşənbəsi axşamı şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə odun üzərindən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. 

Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, şirniyyatar bişirilir. Azərbaycan xalqının mifik təfəkkürünə görə, Yel həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu gözəl axşamlarda ancaq xoş sözlər danışaq.   

Külək, hava anlayışları ilə bağlı folklorumuzda çoxşaxəli örnəklərə rast gəlinir. Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:

A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.

Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. “Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar”, deyərdilər.

Qədim inanclarda Yel dağının da adı var. İnsanlar ürəklərində hər hansı bir dilək tutub o dağı ziyarət edir, nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. 

İlkin inanclarda Yel baba dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə sayılırdı. Tədqiqatçılar hesab edir ki, bəlkə də elə buna görədir ki, Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı - Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan çərşənbə hesab edilir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Əliyev isə deyir ki, Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyin:

“Bu gün Novruzun 7 çərşənbəsindən altıncısı, yəni doğru çərşənbələrdən üçüncüsü qeyd olunur. Külək əsir, yel əsir, tezliklə havanın dəyişəcəyini, istiləşəcəyini xəbər verir. Bəzi bölgələrimizdə bu küləyə “puçur” yeli də deyirlər, çünki bu küləkdən sonra ağaclar puçurlamağa (açmağa) başlayır. 

Küləyin əsməsi, istiliyi hər yerə yayması iqlim prosesi olsa da xalqımızın mifik dünyagörüşündə obrazlaşmış, “Yel baba” kimi şəxsləşmişdir. 

Yel babanın gətirdiyi yel mülayim, isti olduğundan elə bu çərşənbəyə də onun öz adıyla “Yel çərşənbə”, “Küləkli çərşənbə” deyilir. Bəzi bölgələrimizdə bu çərşənbə birinci çərşənbə kimi də qeyd olunurdu. Lakin son 30 ildə xüsusi ilə KİV-in vasitəsi ilə çərşənbələrin sıralandırılması ictimai rəydə özünə yer edib.

Yel çərşənbədə yel sanku havanı, suyu hərəkətə gətirir, onu oyadır, canlandırır, istiləşdirir. Bu istilik isə çayların, göllərin buzunu əritməyə, torpağın donunu açmağa başlayır.

Bu çərşənbədə ev-eşik his-tozdan təmizlənir, pal-paltarın, xalça-palazın tozu tökülür. Bəlkə də buna görə də bu çərşənbə “Toz çərşənbə” adlanır.

Üçüncü çərşənbə bəzi bölgələrimizdə Qara çərşənbə, Gül çərşənbə də adlandırılır. Həmin gün qəbirlər ziyarət olunar, kol-kosdan təmizlənər, dünyasını dəyişmiş yaxınlar yad edilər, dualar oxunardı.

Qohum-qonşu ziyarət olunar, pay aparılar, ağsaqqal, ağbirçəklərin halı xəbər alınar, nəyə ehtiyacları olduğu öyrənilər, dəstək verilərdi.

Yel, küləklə bağlı inanclar bu çərşənbədə daha geniş icra olunardı. İnsanlar dərdlərini, azarlarını küləyə danışardılar ki, onu götürüb aparsın. Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyib niyyət edərdilər: “Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər”. Heç zaman yeli əsdirəni söyməzlər.

Əkinçilər bu günlərdə taxıl əkinlərini suvarardılar. Bu suvarma “gülənbər” adlanırdı. Yaz şumuna hazırlıq məqsədi ilə xışı, kotanı, dəhrəni-baltanı, bıçağı-qayçını qaydaya salardılar, atlar, öküzlər nallanar, səpin üçün saxlanan buğda, arpa quyuları açılardı. Sürüləri çöllərə çıxarardılar ki, heyvanın ağzı dada çatsın.

Novruz bayramı ərəfəsində həyata keçirilən çərşənbələr insanları gələcəyə, yaşayıb-yaratmağa ümidləndirir, həvəsləndirir, səfərbər edir”.

Qeyd edək ki, bu il Su çərşənbəsi fevralın 21-də, Od çərşənbəsi fevralın 28-inə təsadüf edib. Yel çərşənbəsi martın 7-si, Torpaq çərşənbəsi (Axır çərşənbə) isə martın 14-də qeyd olunacaq.
Bayramınız mübarək olsun!

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO