Qarabağda son təxribatların PƏRDƏARXASI – Yeni ssenari hazırlanır

Qarabağda son təxribatların PƏRDƏARXASI – Yeni ssenari hazırlanır

Hazırda oxunan: Qarabağda son təxribatların PƏRDƏARXASI – Yeni ssenari hazırlanır

124019

Xəbər verdiyimiz kimi, martın 5-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında fəaliyyətini davam etdirən separatçılar tərəfindən təxribat törədilib. Belə ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın qanunsuz olaraq daşınmasının qarşısını almaq istəyən hərbçilərimizə separatçılar müqavimət göstəriblər. Baş verən toqquşmada 2 hərbçimiz şəhid olub.

Hadisə ilə bağlı Azərbaycan tərəfindən sərt açıqlamalar gəlib. Həm Müdafiə, həm də Xarici İşlər Nazirliyinin bəyanatlarında bir sıra siyasi mesajlar öz əksini tapıb. Xüsusilə də, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasının labüdlüyü hər iki bəyanatda açıq şəkildə qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Caliber: Qarabağda erməni təxribatı - Azərbaycan 3 diversantı məhv etdi


Təxribatın nəticələrinə gəlincə...

Birincisi, bu hadisə Ermənistandan sülhməramlıların müvəqqəti nəzarəti zonasına silah-sursat daşımalarının davam etdiyini üzə çıxardı.

İkincisi, separatçıların sülhməramlıların da dəstəyi ilə alternativ yollardan qanunsuz daşımalarda istifadə etdikləri göründü. Bu isə 10 noyabr bəyanatına ziddir. Çünki sənəddə Ermənistan və Xankəndi kommunikasiyasını təmin edən yeganə marşrut kimi Laçın yolu göstərilib.

Üçüncüsü, Ermənistanın və separatçıların “humanitar böhran” nağılları növbəti dəfə ifşa olundu.

Dördüncüsü, sülhməramlıların öhdəliklərini yerinə yetirməməsinin hansı nəticələrə gətirib çıxardığı növbəti dəfə əyani surətdə göründü.

Beşincisi, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycandan Laçın yolunu açmaq tələbinin absurduluğu üzə çıxdı. 

Sadalanan məqamlar təxribatın birbaşa nəticəsidir. Lakin baş verən təxribatla bağlı başqa önəmli məqamlara da nəzər salmaqda fayda var. Xüsusilə də, iki məsələnin təcili olaraq həlli istiqamətində işlərə başlanmasının vacibliyi bir daha göründü:

1. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması.

Bu məsələ uzun müddətdir ki, gündəmdədir. Hətta Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı da Laçın yoluna Azərbaycanın nəzarət etməsi mövzusu müzakirə edilmişdi. Doğrudur, Lavrov Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qurulmasının müzakirə olunmadığını qeyd etsə də, texniki nəzarətin mümkünlüyünü də istisna etməmişdi. 

Baş verən son təxribat və Rusiya sülhməramlılarının fəaliyyətsizliyi isə artıq Moskvanın mövqeyindən asılı olmayaraq, nəzarət-buraxılış məntəqəsinin labüdlüyünü nümayiş etdirdi. Göründüyü kimi, başqa formada qanunsuz daşımaların, eləcə də mümkün təxribatların qarşısını almaq mümkün olmayacaq. 

2. Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah edilməsi.

10 noyabr bəyanatının imzalanmasından 2 il yarıma yaxın vaxt keçsə də, sənədin bu müddəsı hələ də yerinə yetirilməyib. Azərbaycan rəsmiləri bütün təmaslarda məsələni gündəmə gətirsə də, separatçıları tərk-silah etməli olan Rusiya sülhməramlıları hələ də bu istiqamətdə hər hansı addım atmayıblar. Deməli, Azərbaycan tərəfindən bu istiqamətdə də əməli addımların atılmasına ehtiyac var. Daha dəqiqi, diplomatik təzyiqlərlə yanaşı, mümkün təhdidlərə “Qisas” əməliyyatında olduğu kimi sərt cavab tədbirləri ilə qarşılıq verilməsi labüddür.

Ümumilikdə isə, Azərbaycan tərəfindən verilən bəyanatlar yaxın vaxtlarda Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulacağını deməyə əsas verir.


Paralel olaraq, terrorçu birləşmələrə də adekvat zərbələrin vurulması, separatçılara qısqacda olduqlarını xatırladacaq. Və silah təminatı dayanan, başı əzilmiş separatçıların Azərbaycanın tələblərinə boyun əyməkdən başqa çıxış yolu qalmayacaq.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO