Zaqatalada baş verən zəlzələdən 11 İL ÖTÜR – FOTO 

Zaqatalada baş verən zəlzələdən 11 İL ÖTÜR – FOTO 

Hazırda oxunan: Zaqatalada baş verən zəlzələdən 11 İL ÖTÜR – FOTO 

123241

Türkiyədə baş verən zəlzələ və onun doğurduğu acı nəticələri ölkəmizdə hər kəs üzüntü ilə qarşıladı. Azərbaycanın elə guşəsi, ucqar kəndi olmasın ki, qardaş ölkədəki qardaşlarımıza yardım üçün səy göstərməsin. 

Xatırladaq ki, 2012-ci ildə bu təhlükə və qorxunu Zaqatala sakinləri də aylarla yaşayıb. 

Bizim.Media-nın yerli bürosu xəbər veriri ki, o zaman itkilərimiz olmasa da, insanların evləri dağılmış, çadırlarda məskunlaşmışdılar. 

Zəlzələ mərkəzində yerləşən kənd

Güclü zəlzələ özü ilə qorxu, fəlakət və acı nəticələr gətirir. Zaqatalada baş verən zəlzələ də onlardan biri idi. Tarix boyu zaqatalalıların görmədiyi bir hadisə baş verdi. Zəlzələnin mərkəzi rayonun Gözbarax, Mamrıx kəndləri olsa da, Zaqatalanın ona yaxın kəndində təbii fəlakət fərdi mənzil və sosial obyektlərdə ciddi fəsadlar yaranmışdı. 

Qeyd: 2012-ci ilin may ayında Zaqatala rayonunda, mərkəzi Gözbarax və Mamrıx kəndləri olmaqla, bir neçə güclü təkanlar baş verdi. Xoşbəxtlikdən tələfat olmasa da, bu kəndlərdə demək olar ki, salamat bir ev, mənzil qalmamışdı. İndi isə burada tamam başqa bir mənzərədir. Kənd abadlaşıb, əksər mənzillər yenidən inşa olunub.
Kənd sakini Cərulla Mustafayevlə evinin qarşısında görüşürük. Söhbətimiz başlar-başlamaz Türkiyədəki fəlakəti xatırladan Cərulla müəllim o günləri ürək ağrısı ilə xatırlayır. Deyir, bizdə olan zəlzələ ilə Türkiyədəkini müqayisə etməyə dəyməz. Düzdür, bizdə də evlər dağılmışdı, bir-iki nəfər yüngül yaralanmışdı. Lakin qardaş ölkədə böyük bir faciə yaşanır. 

...“Zəlzələdə böyük fəlakət baş vermişdi, kənd yerlə-yeksan olmuşdu. Gözbarax kəndi. Səhər olduğu üçün ilk təkanları əhali hazırlıqlı qarşılamışdı, insanlar evlərindən çölə çıxmışdılar. Axşam 18:15-də olan zəlzələdə isə kənd tamamilə yerlə-yeksan olmuşdu. O zaman üç nəfər xəsarət almışdı. Qalanlar sağ-salamat idi. 

Bu hissləri keçirdiyimiz üçün bu gün Türkiyədəki qardaşlarımızla bir yerdə olmağımızı bir daha yada salırıq, o hissləri biz də yaşayırıq. Uşaqlar, məktəblilər, ziyalılar, qocalar, hər kəs o acı hissləri bu gün yaşayır. Biz Türkiyə ilə, qardaş dövlətlə bir yerdəyik, onlara hər an dəstəyik“... 

Digər kənd sakini zəlzələdən sonra yeni evlə təmin olunan Şölə Qurbanova da əvvəlcə türkiyəli qardaşlarımıza başsağlığı verir. Məlum olur ki, kənd sakinləri zəlzələ həyəcanını yaşadıqlarından Türkiyədə hadisə baş verən kimi ilk olaraq onlar səfərbər olub, müxtəlif yardımlar etməyə başlayıblar. 

...“Zəlzələdən bir neçə gün sonra ölkə prezidenti özü gəlib baş çəkdi bizə. Bizim dağıntıları o, şəxsən özü gördü və dövlətimiz bizə böyük dəstək oldu. Bizə gözəl, möhtəşəm evlər tikildi. Zəlzələ zamanı Türkiyə bizə çox böyük dəstək olmuşdu, bizə yardımlar göndərilmişdi. Bu gün də biz onlara hər cür köməyə hazırıq və edirik”.... 
Gözbarax kənd İcra Nümayəndəliyindən verilən məlumata əsasən, bu yaşayış məntəqəsində 700-dən bir qədər artıq təsərrüfat var. Zəlzələdən sonra Gözbaraxda 400 ev yenidən inşa olunub, bununla yanaşı kənddə məktəb, uşaq bağçası və digər infrastruktur da yenilənib.

Növbəti zəlzələlər zamanı kənddəki evlərdə çatlar əmələ gəldiyindən həmin sakinlərə də növbəli şəkildə evlər inşa olunur. 

Zəlzələdən sonra Zaqatalada 4294 evə qəzalı rəyi verilib. Bəs 11 il əvvəl baş verən zəlzələdə Zaqatalada nə qədər ev, sosial obyektə zərər dəyib və hansı işlər görülüb? Bu suallarla rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasına üz tuturuq. 

Komissiyanın sədri Tofiq Əhmədov vəziyyətlə bağlı bunları deyir:

”4294 evə qəzalı rəyi verilib, hazırda 4038 ev tikilərək vətəndaşların istifadəsinə verilib. İndi də həmin evlərin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. Gözbarax kəndində daha çox dağıntılar olub. Ətraf Qımır, Bazar, Suvagil, ətraf kəndlərin hamısında yetərincə qəzalı evlər vardı. Onların böyük əksəriyyəti, 90 faizi tikilərək vətəndaşların istifadəsinə verilib. Bundan başqa, xeyli sayda bərpa-gücləndirmə işlərin aparılası evlər var idi. 5037 evə bərpa gücləndirmə rəyi verilib.  Evin sahəsindən asılı olaraq, bütövlükdə rayon sakinlərinə 25 milyon 802 min manat dövlət büdcəsindən köməklik göstərilib”.

Tofiq Əhmədov sözlərinə onu da əlavə edib ki, qardaş Türkiyədə baş verən zəlzələdən zərər görənlər üçün zaqatalalılar ilk gündən yardım kampaniyasına qoşulub.

Türkiyəyə rayondan qida məhsulları, isti geyim və yataq dəstləri göndərilib. Daha sonra texniki avadanlıqlar, eləcə də quraşdırılan evlər də qardaş Türkiyəyə yola salınıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO