103 il sonra Maraş xarabalıqların içindən yenidən DİRÇƏLMƏYƏ başlayır – REPORTAJ

103 il sonra Maraş xarabalıqların içindən yenidən DİRÇƏLMƏYƏ başlayır – REPORTAJ

Hazırda oxunan: 103 il sonra Maraş xarabalıqların içindən yenidən DİRÇƏLMƏYƏ başlayır – REPORTAJ

123140

Birinci Dünya Müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Maraş şəhərinin itirilməsi ilə qəhrəman türk xlqı barışmamışdı. “Maraş bizə məzar olunca, düşmənə gülzar ola bilməz” deyib 1920-ci ilin Yanvar ayının 21-də işğalçı qüvvələrə qarşı ayağa qalxmışdı. Və cəmi 22 gün ərzində Maraşı Kahramanmaraş eləmişdilər. 

103 il bundan əvvəl tarixin ən amansız savaşından üzüağ çıxıb sinəsin xaraba qoyan, yadelli ordunun ayağını öz hüdudlarından həmişəlik kəsən Maraş şəhəri təbiətin qəzəbindən yenidən xarabalıqlara çevrilib... 

Qəhrəmanlığına görə medal alan bu şəhər həmin medalın şərəfinə ucaldılmış abidənin fonunda nə qədər solğun görünsə də, yenidən canlanmağa başlayıb...

Şəhərin bir nöqtəsində həyatını itirmiş, hələ də dağıntılar altından ölü çıxarılan sakinlərin dəfninə hazırlıq məqsədilə düzəldilmiş çoxlu sayda tabut hündür tayanı xatırladır. 

Amma bu görüntü, zəlzələdən sonra təhlükəsiz əraziyə daşınmış adamların doğma şəhərə qayıdışına kölgə sala bilmir.... Canlanmanın müşahidə olunması həyatın davam etməyindən xəbər verir. Mağazalar açılır, yollarda şütüyən maşının sayı hər gün çoxalır, hətta az xəsarət almış binalardan əşyalar çıxarılmağa başlanılıb. Xüsusi texnikaların köməkliyi ilə insanlar yüksək mərtəbəli binalardan ev əşyalarını daşıyıb çıxarır.

Həmsöhbətimiz Battal Temircik deyir ki, evi tamamilə yararsız hala düşsə də ailə üzvlərindən itirdikləri yoxdur. Ancaq bir neçə yaxını fəlakət qurbanlarına çevrilib: 

"Həyat davam edir, zəlzələ olanda biraz qorxduq, amma yenə də öz məhəlləmdəyəm. Bütün maraşlılar kimi mən də qəhraman şəhərimizin bərpa olunub əvvəlki vəziyyətinə qayıtmasına könüllü olaraq bacardığımı edəcəm". 

Günlərdir şəhərin sükutuna qənim kəsilən srena səsləri də susmaq üzrədir. Artıq şəhərin hava limanından uçuşlar da tam bərpa edilib. Səmada tez-tez uçuş və ya eniş edən təyyarələrin uğultusu şəhərin artan səs-küyünün ahəngini tamamlayır. 

Həmsöhbətimiz deyir ki, bir zamanlar yadellilərin işğalında olarkən babalarımızın bir şüarı olub "Maraş bizə məzar olmadan, düşmənə gülüzar ola bilməz".  İndi tək amalımız bir hissəsi xarabalığa çevrilən şəhəri yenidən gülüzar etməkdir.

"Buna görə də dövlətimizin ətrafında möhkəm birləşib məqsədimizə çatacağıq". 

Bir sözlə dünyanın tək medallı şəhəri zamanın növbəti ağır sınağı ilə üz-üzədir. Bir yanda sahibini gözləyən yüzlərlə boş tabutlar, digər yandan bura dönən insanlar və canlanmağa başlayan, günəşin belə işıqlandıra bilmədiyi buz kimi küçələrin rənglənməsi nikbin gələcəyə ümidləri biraz da artırır. 

Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO