Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə, dağların ətəyində yerləşən, 10 hektar ərazini əhatə edən məbəd kompleksi. Bu kompleksdə tariximizin açılmayan sirləri, öyrənilməyən səhifələri hələ kifayət qədərdi. Söhbət Qaxın Ləkit kəndi-məbədlər oylağından gedir.
Bizim.Media-nın əməkdaşı dəniz səviyyəsindən 2 min metr yüksəklikdə, dağların ətəyində yerləşən məbəd kompleksinin vəziyyəti ilə maraqlanıb. Burada 10 hektardan çox ərazidə məbədgah kompleksi yerləşir.
Bu kompleksdə tariximizin açılmayan sirləri, öyrənilməyən səhifələri hələ kifayət qədərdi. Söhbət Qaxın Ləkit kəndi-məbədlər oylağından gedir.
Ləkit kəndi Qax rayonunun Şimal-Qərbində, dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində bir neçə tarix-memarlıq abidəsi var. Onlardan ən möhtəşəmi və qədimi Qafqaz Albaniyası dövrünə aid dağüstü meşənin içərisində yerləşən Yeddi Məbəd kompleksidir. Tikililərin sayına görə bu tarixi ərazi Yeddi Məbəd adlandırılır və VI-VII əsrlərə aid edilir.
Burda hər fəslin öz gözəlliyi var. Xeyli yol qət etdikdən sonra Yeddi Məbəd kompleksinə çatırıq. Ərazidə sovet dövründə araşdırmalar aparılsa da müstəqillik illərində heç bir tədqiqat və bərpa işləri görülməyib. 2006-cı ildə məbəd kompleksi ilə yaxından tanış olan mərhum tarixçi-jurnalist Murad Acının araşdırmalarına görə, Böyük Hun imperatoru Atillanın nəvələri Roma casuslarından qorunmaq üçün Ləkiti özlərinə sığınacaq seçiblər. Məbəd kompleksinin həyətində təndir, taxıl saxlamaq üçün yeraltı tikili və təsərrüfat küpləri tapılıb.
Tarixçilərin harayı
Ləkit kənd sakinləri, hazırda təqaüddə olan tarix müəllimi Vaqif Aydınov və Vidadi Şamilov bu tarixi abidənin bütün sirlərinə bələdilər desək bizi yanılmarıq. Vaqif müəllim təəssüfünü gizlətmir.......
“Buranın tarixi 2 min əvvələ gedib çıxır. İnzibatı mərkəz kimi tikilən Ləkit kəndinin şimalında inşa olunmuş Yeddi Məbədin Cənubunda da məbəd var. Bu məbədlər bir neçə hektar ərazini əhatə edir. Bu ərazidə qədim insanların, qədim dövlətin yaratdığı abidələr hələdə görənləri heyran qoyur.
Niyə Yeddi Məbəd?
Kompleksin Qərbində yerləşən üç böyük otağa malik bazilika formalı digər məbədin daxilində üç apsida və apsidaya toxunan günbəzaltı dördkünclü tikili mövcuddur. Qərb küncündə din xadiminin otağı yerləşir. Burda bazilikanın uzunluğu 24 metr, eni 13,8 metrdir. Kompleksin Qərb hissəsindəki həmin məbəd çoxsaylı dəyişikliklərə məruz qalıb. Məbəd daxilində aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunub ki, XII-XIII əsrlərdə həmin binadan məscid kimi istifadə edilib.
Digər bələdçimiz Vidadi Şamilov deyir ki, uşaqlığı burada keçib. Bəlkə də tarixçi olmalarının bir səbəbi də bu məbədgah kompleks olub. Bu tarixi abidənin gözlərinin önündə məhv olmasını qəbul edə bilmirlər.
“Aliyə Qaraməmmədovanın rəhbərliyi ilə burada arxeoloji qazıntılar aparıldı. Lakin gənc nəslə çatdıra biləcək hər hansı materialımız yoxdur. Tarixçilər bura haqda çox az məlumatlara mailkdilər”.
Vaqif Aydınov bildirir ki, ictimaiyyətə hələ də bu abidələrin tarixi əhəmiyyəti yetərincə məlum deyil. Hazırda dövlət səviyyəsində tədqiqat işi aparılmalı təcili abidələrin bərpa işlərinə başlanılmalıdır”.
Yeddi Məbəddə tədqiqat işləri niyə aparılmır?
Qaxda turizmin inkişafı ilə əlaqədar bu memarlıq abidəsinin də turizm marşrutuna daxil edilməsi, abidələrə aparan yolların, mühafizə zonalarının, keçid və girişlərin abadlaşdırılması vacib amildir. Vidadi müəllim deyir ki, burada hər hansı bərpa işi başlasa yaşlı olmasına baxmayaraq ilk könüllülərdən biri də özü olacaq.
Yeddi Məbədlə bağlı ümid hələ ölməyib
Mədəniyyət Nazirliyi yanında Mədəni İsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-yanın sualına cavab olaraq bildirdilər ki, Yeddi Məbəd kompleksinin bərpa edilməsi nəzərdə tutulur. Görüləcək işlər artıq investisiya planına salınıb. Amma işlərin nə vaxt bağlanacağı hələ sual altındadı.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 23.02.2023
Qədim memarlıq abidəsi məhv olmaq üzrədir - TARİXÇİLƏRİN HARAYI
Hazırda oxunan: Qədim memarlıq abidəsi məhv olmaq üzrədir - TARİXÇİLƏRİN HARAYI
Hazırda oxunan: Qədim memarlıq abidəsi məhv olmaq üzrədir - TARİXÇİLƏRİN HARAYI
121908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.