Bir aktyorun kino həyatından EPİZODLAR: “Ləzgi balası İbrahim pəhləvanı necə yıxdı? – FOTO

Bir aktyorun kino həyatından EPİZODLAR: “Ləzgi balası İbrahim pəhləvanı necə yıxdı? – FOTO

Hazırda oxunan: Bir aktyorun kino həyatından EPİZODLAR: “Ləzgi balası İbrahim pəhləvanı necə yıxdı? – FOTO

120614

1957-ci ildə çəkilmiş "Qızmar günəş altında" filminə yəqin ki, baxmayan az adam olar. Astara rayonunda çayçılıqla məşğul olan kəndlərin birində quraqlıqla mübarizə aparan əmək sevər gənclərin həyatından bəhs edən film o qədər rəğbət qazanmışdı ki, bu film indi də "mavi" ekranlardan düşmür. 

Filmdə gənc həkim - Aydın Zeynalov rolunu Qusar rayonundan olan Əkbər Fərzəliyev canlandırıb. Mərhum Əkbər Fərzəliyevlə düz 10 il qonşu olmuşuq. Eyni binada yaşadığımızdan Əkbər müəllimlə tez-tez rastlaşır və salamlaşırdıq. Amma "Qızmar günəş altında" filmində Aydın obrazına Ələkbər müəllimin çəkildiyini heç vaxtı bilməmişəm. 

Həmsöhbətlərim Əkbər Fərzəliyevin qızı Lyudmila və oğlu Eldar Fərzəliyevdir. Eldar müəllim danışır ki, atası Əkbər müəllim 67 yaşında ağır xəstəlikdən vəfat edib. 

Əkbər Fərzəliyev ixtisasca aktyor olmayıb. Oğlunun sözlərinə görə, atası 1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Ancaq kino-teatr sahəsinə xüsusi marağı olduğundan 3-cü kursda təhsilini yarımçıq qoyub.

"Atam 1955-ci ildə-tələbəlik dövründə ilk dəfə Bakıda çəkilən "Bəxtiyar" filmində kütləvi səhnələrə çəkilib. Həmin vaxtdan teatr və kinoya xüsusi marağı yaranıb. Dövlət Dram Teatrına və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə qəbul olunub. Həmin dövrlərdə Azərbaycanın kino və teatr dahiləri Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Leyla Bədirbəyli, Rza Əfqanlı, Barat Şəkinsksya, Möhsün Sənani, Mərziyə Davudova və digərləri ilə tanış olub. Onların sənət dünyasından bəhrələnməyə çalışıb. 1956-cı ildə quruluşçu rejissor Hüseyn Seyidzadənin dəvəti ilə "O olmasın,bu olsun" filmində Üzeyir Hacıbəyov obrazında epizodik rola çəkilib."

Eldar Fərzəliyev deyir ki, atası 1957-ci ildə rejissor Lətif Səfərovun, Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında "Qızmar günəş altında" tammetrajlı bədii filmdə əsas rollardan olan Aydın həkim roluna çəkilib:

“Elə mənim adımı da atam həmin filimdən, Aydın həkimin sağaltdığı Eldar rolundan götürüb. Mən bu barədə əvvəllər bilməmişəm, sonra anam mənə dedi ki, atan sənin adını həmin filmdəki obrazından götürüb".

Söhbət əsnasında Eldar müəllim çəkilişlərin birində təsadüfən atasının xəncərlə bir xalq artistini yaralamasından danışır. Deyir ki, atam bu barədə "Mənim kino xatirələrim" adlı memuarında yazıb. 

"Atamın xatirələrində belə bir epizod var. “Koroğlu" filmi çəkilirdi. Qalada döyüş səhnəsinin çəkilişləri zamanı ssenari üzrə xəncəri sol tərəfdən sağ tərəfə vurmalydım. Həmin məşhur aktyor başını sol tərəfdən çıxarmalı olduğu halda səhvən başını xəncər vurulan sağ tərəfdən çıxarır”. Atamın endirdiyi zərbə onun başına dəyir, başı qanayır. Xəncər iti olmadığı üçün yara dərin olmur, amma başından qan axır. Çəkiliş dayanır. Aktyorlar atama, “xəncər çıxdı, qan çıxdı", "ləzgi balası, sən nə etdin?" deyib sataşırlarmış.

Hadisədən sarsılan atam çox pis olur, dönə-dönə üzr istəyir. Yoldaşları da ona dəstək olur.

Həmin aktyor sonra atamı bağışlayır. Yaralanmış aktyor "olan şeydir" deyir. 

Qızı Lyudmila xanım isə Əkbər Fərzəliyevin "Koroğlu "filminin çəkilişlərindən qayıdarkən tanınmış gənc pəhləvanı necə yıxmasından danışır:

"Məşhur pəhləvan Ağarəhim Muxtaliyev Koroğlu roluna çəkilməyə çox uyğun idi. Amma hamı onu İbrahim deyə çağırırdı. Onun boyu 2 metr, çəkisi 120 kq və atletik bədən qurluşlu olub. Rejissor əvvəlcə onu zahiri görünüşünə görə Koroğlu roluna çəkmək istəyib, amma İbrahimin aktyorluq bacarığı olmadığından o epizodik rola çəkilib.

Atamın İbrahimi məğlub etməsi də çəkiliş heyətinin Mingəçevirə getməsi zamanı baş verir. 1958-ci ilin isti iyul günlərindən biri idi. Atam danışırdı ki, "İbrahim avtobusda məndən arxa sırada oturmuşdu. Adəti üzrə yaxşıca “vurmuşdu”. Mənə xeyli "böyük qardaş" deyərək zarafat edir, məndə qıcıq yaradırdı. Mən tərəfdə oturan uşaqlar da zarafat edirdilər. Birdən mənə dedilər ki, ay ləzgi qardaş, onun cavabını verə bilmirsən? Sürücüyə saxla dedim. Avtobus dayandı. Ayağa durub İbrahimdən aşağı düşməsini tələb etdim. Hamı gülüşdü. Nodar Şaşıqoğlu, Gündüz Abasov, Əli Məmmədov və başqaları avtobusdan düşüb bizi cəngə çağırdılar. Göy otlu yer idi. Mən köynəyimi çıxarıb kənara atdım. İbrahim gülə-gülə yanıma gəldi. “Zemlyak”, - dedi, - “icazə verirəm, necə istəyirsən, yapış və məni yıx”. Əvvəl meydanda var-gəl etdik. Məqam gözlədim. Ani təkanla İbrahimi başımın üstündən elə atdım ki, yerə sərildi. İbrahim zərbə ilə yerə dəyib və bir müddət nə baş verdiyini anlaya bilmədi”. 

Qızının sözlərinə görə, atası İbrahimin Koroğluya bənzər çox güclü pəhləvan olduğunu həmişə onlara danışıb. Atam bizə deyirdi ki, "Leyli və Məcnun" filmində atı çiyninə qaldırıb dağdan atan şəxs də İbrahim pəhlavan olub. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO