2022-ci il dekabrın 12-də Laçın-Xankəndi yolundan ekoaktivistlərimizin start verdiyi aksiya artıq iki aydan çoxdur ki, davam edir. Bu dövr ərzində, fəallar, vətəndaş cəmiyyəti və QHT nümayəndələri fasiləsiz olaraq Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki yataqların qanunsuz istismarına qarşı etirazlarını bildirirlər.
Aksiyanın başlama səbəbi sırf yeraltı sərvətlərimizin qanunsuz talanması və Azərbaycan rəsmilərinin monitorinqinə törədilən əngəllər idi. Lakin etirazlar davam etdikcə bir sıra tələblər də aksiya iştirakçıları tərəfindən dilə gətirilməyə başlandı. Eyni zamanda aksiya keçən müddət ərzində bir sıra nəticələr də qazandı.
1. Aksiyanın başlamasından 16 gün sonra, dekabrın 28-də etirazlar ilk töfhəsini verdi.
Həmin gün yataqlarımızı qanunsuz istismar edən “Base Metals” şirkəti Qarabağdakı “Qızılbulaq” və “Dəmirli” yataqlarında fəaliyyəti dayandırdıqlarına dair açıqlama verdi.
2. Yanvarın 16-da “Base Metals” şirkəti Qızılbulaq mədənindəki avadanlıqlarını sökməyə başladı.
Bununla da şirkətin gələcəkdə yenidən fəaliyyətinə start verməsi ehtimalları da sıfıra endi.
3. Aksiyaçıların Laçın-Xankəndi yolu üzərində mövcudluğu Qarabağa və əks istiqamətdə qanunsuz daşımaları da minimuma endirdi.
Artıq əvvəlki dövrdə olduğu kimi, Qarabağa silah-sursatın açıq formada daşınması, separatçıların və xarici ölkə nümayəndələrinin bölgəyə istədikləri kimi gəlib-getmələri mümkün deyil. Eyni zamanda Qarabağdakı sərvətlərimiz də daha öncə olduğu kimi Ermənistana aparılmır.
4. Rusiyanın Qarabağa canişin kimi göndərib, öz bölgəsəl məqsədləri üçün oyunçuya çevirməyə çalışdığı Ruben Vardanyan üzərindən qurulan planlar suya düşdü.
Artıq bir neçə gündür ki, Vardanyanın Qarabağdan Moskvaya qaçdığı bildirilir. Bölgəyə gəldikdən bəri mütəmadi olaraq özünü reklam edən erməni oliqarxın günlərdir gözdən iraq olması da bu iddiaların reallıq ehtimalını xeyli artırıb.
5. Fəallarımızın aksiyası separatçı rejim üzərində də ciddi təzyiq yaratmağa müvəffəq olub.
Laçın yolundan praktiki nəzarət separatçıların əl-qolunu bağlamaqla, qondarma rejimin bölgənin erməni əhalisi arasındakı nüfuzunu da yerlə bir edib.
6. Davam edən aksiyanın rus sülhməramlılarına təsiri də göz önündədir.
Rusiya hərbçilərinin əvvəlki avtoriteti və sərbəstliyindən əsər-əlamət qalmayıb. Daha dəqiq desək, aksiyaçılarımız sülhməramlılaarın fəaliyyəti üzərində də ictimai nəzarət mexanizmi formalaşdırmağa müəssər olublar.
7. Bütün sadalananların ümumi nəticəsi kimi Qarabağda yaşayan erməni əhalinin Azərbaycana inteqrasiyası yolunda da önəmli imkanlar yaranıb.
Aksiya sadə ermənilər üçün nə separatçıların, nə də sülhməramlıların “xilaskar” obrazında olmadıqlarını nümayiş etdirdi. Digər tərəfdən, imkanlı ermənilərin Qarabağdan qaçmağa başlaması da sadə əhali üçün Azərbaycana inteqrasiyadan başqa seçim imkanın qalmadığını gün keçdikcə daha çox hiss etdirir.
Göründüyü kimi, 2 ay kimi qısa bir müddətdə aksiya ciddi nəticələr qazanmağa müvəffəq olub. Etirazların bundan sonrakı hədəfinin nə olacağı ilə bağlı isə müxtəlif ehtimallar irəli sürülsə də, əsasən bir variant daha geniş müzakirə olunur. Söhbət Laçın yolu üzərində nəzarət postunun qurulması və Azərbaycan tərəfinin iştirakı ilə birgə nəzarət mexanizminin yaradılmasından gedir.
Əgər aksiya əvvəlki qaydada davam edərsə, Laçın yolunda nəzarət postunun yaradılması yaxın dönəmdə mümkün ola bilər. Bu 2020-ci il 10 noyabrı tarixli birgə bəyanatın müddəalarına da uyğundur. Belə ki, sənədin 6-cı bəndində qeyd olunub:
“Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.
Yəni, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasına hər hansı hüquqi maneədən də söhbət gedə bilməz.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:30 / 13.02.2023
Laçın yolundakı aksiyanın 2-ci AYI – Nələr qazandıq?
Hazırda oxunan: Laçın yolundakı aksiyanın 2-ci AYI – Nələr qazandıq?
Hazırda oxunan: Laçın yolundakı aksiyanın 2-ci AYI – Nələr qazandıq?
120147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.