İki dəfə ölümdən dönən azərbaycanlı tələbə - “Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi”

İki dəfə ölümdən dönən azərbaycanlı tələbə - “Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi”

Hazırda oxunan: İki dəfə ölümdən dönən azərbaycanlı tələbə - “Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi”

119842

“Baxdım ki, qarşıdakı bina üstümə gəlir. O an ayaqlarım kilidləndi və yerə oturdum. Hərəkət edə bilmədim. Son saniyədə qonşumuz məni oradan çıxardı. Yoxsa, mən də həyatda yox idim. Ölümlə burun-buruna gəlib geri önmək hər halda bu olsa gərək...”

Bu sözləri Bizim.Media-ya açıqlamasında ard-arda iki zəlzələdən son anda qurtulan Malatya Turgut Özal Üniversitetinin magistr tələbəsi Aytəkin Bəbirova deyib. Azərbaycanlı tələbə iki gün əvvəl Aərbaycanın Malatyadakı səfirliyinin xətti ilə vətənə təxliyə edilib. O, dəhşətli anları belə xatırlayır:

“Malatyada 4 mərtəbəli binanın sonuncu mərtəbəsində Adıyamandan olan türk rəfiqəmlə birgə yaşayırdım. Qaldığımız yer zəlzələnin ən çox zərər gördüyü mərkəz ərazilərdən biridir. Hadisə günü yatmışdım, rəfiqəm məni oyatdı. Baxdım ki, evin bütün əşyaları yerdədir.
Məni də küçəyə elə rəfiqəm çıxardı. Azərbaycanda heç vaxt zəlzələ şahidi olmamışdım. Qorxu, panika və şok keçirmişdim, beynim işləmirdi. Ev çəkələyi ilə həyətə düşmüşdüm. Qar yağırdı, şaxta və soyuqdan ayaqlarım donmuşdu.

Günorta 4-ə qədər taksi dayanacqlarında qaldıq. Kafelər qapılarını açdı ki, ən azından insanlar orada sığına bilsinlər. İlk etapda xeyli bina yerləbir oldu. O dəhşətli səhnəni ifadə etmək çətindir”. 

Aytəkin Bəbirovanın sözlərinə görə ikinci təkanda qonşunun müdaxiləsi ilə son anda ölümdən dönüb:

“Ayaqlarımı hiss etmirdim. Evə qalxdıq ki, əynimi dəyişim. O an ikinci böyük zəlzələyə rast gəldik. Qonşumuz və rəfiqəm məni çölə çıxardı...Yan binamız uçdu. İnsanların bağırtı səsləri, dağıntı altında qalan canlar, o vahimə gözümün önündən getmir.
O dəhşətləri danışdıqca, qanım donur. İnsan ölmür, amma ruhən ölür. Hara addım atırsan binalar uçur. Sanki həyatda qalmaq üçün mücadilə edilən qorxu filmi idi. Gördüyüm o gözəl şəhərdən əsər-əlamət qalmadı. Tanıdığım bir dostumun ailəsinin 25 üzvü binanın çökməsi ilə dağıntıların altında qaldı və hamısı dünyasını dəyişdi.

Başqa bir tanışımın iki ailəsi tamamilə yox oldu. Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi. Dağılmış binalar o qədər çoxdur ki, xilasetmə qrupları axtarış işlərini tam çatdırıb apara bilmirlər.

Öz binamızın aqibəti nə oldu, bilmirəm. Çünki sonradan əraziyə buraxılmadıq. Qalmağa yerimiz yox idi. Malatyadan xeyli kənarda qarlı, şaxtalı havada yük avtomobilində gecələdik”. 

Azərbaycanlı tələbə vətənə təxliyəsindən də danışıb. O, deyib ki, bakalavr təhsili aldığı Bakı Dövlət Universitetinin müəlliminin köməyilə Bakıya gətirilib:

“Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli mənlə əlaqəyə keçdi. Bizim Malatyadakı səfirliyimizin koordinatlarını göndərdi. Səfirlik adımı təxliyə siyahısına saldı və Azərbaycana göndərildim. Yol boyu bütün təminatlarımız görüldü.
Sadəcə əynimdəki paltar və əl çantamla vətənə döndüm. Pasportum və Bakı Dövlət Universitetinin bakalavr diplomum orada qaldı. Tək üzüldüyüm də budur ki, 4 illik əziyyətim və zəhmətim getdi. Ürəyim yenə Malatya üçün çırpınır. Ora mənim doğma şəhərimdir və mütləq geri dönəcəyəm”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO