Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti bir qrup əməkdaşı dağıntılar altında qalmış uşağın meyitini çıxarıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər Teleqram kanallarında yayılıb.
Görüntülərdə göz yaşları içərisində xilasedicilərin göz yaşları içərisində faciəyə şahid olduqları əks olunub.
Xatırladaq ki, bu gün Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin daha bir qrupu Türkiyədə fevralın 6-da baş verən zəlzələ ilə bağlı Kahramanmaraş şəhərinə çatıb.
FHN-in əməkdaşları Türkiyədə 7 mindən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerindədirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, fevralın 6-sı Türkiyədə qeydə alınan güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.
Onu da əlavə edək ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Alçina Amilqızı, Bizim.Media