“İranla Azərbaycan arasında münaqişənin aradan qalxdığı dövr olmayıb” – Fərhad Məmmədov

“İranla Azərbaycan arasında münaqişənin aradan qalxdığı dövr olmayıb” – Fərhad Məmmədov

Hazırda oxunan: “İranla Azərbaycan arasında münaqişənin aradan qalxdığı dövr olmayıb” – Fərhad Məmmədov

118256

“Müstəqilliyin bərpasından sonra Azərbaycanla İran arasında münasibətlər inkişaf etməyib. Eləcə də, münasibətlərdə 30 ildən artıq müddətdə münaqişənin aradan qalxdığı dövr olmayıb. Müəyyən dövrlərdə münasibətlərin normallaşması yalnız daha pis dövrlə müqayisədə səciyyələndirilə bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.

Politoloq qeyd edib ki, İranda Ruhaninin prezidentliyi dövründə  ölkələr arasında münasibətlər nisbətən yaxşı idi:

“Bunu nüvə proqramı üzrə “sövdələşmə” dövründə İranın xarici dünya ilə münasibətlərinin ümumi şəkildə normallaşması ilə əlaqələndirmək olar. Yəni xarici aləmlə münasibətlərin normallaşması Azərbaycanla münasibətlərin normallaşmasına təsir edirdi”.

Fərhad Məmmədovun sözlərinə görə, 90-cı illərin əvvəllərində İran Azərbaycana fəal şəkildə daxil oldu və öz yumşaq güc sistemini formalaşdırdı. 

“Bu sistem on ildir darmadağın edilir, lakin hələ də bitmir”.

Politoloq ölkələr arasında siyasi ziddiyyətlərdən də söz açıb:

“İran öz mövqelərinin zəifliyinə görə Cənubi Qafqazdakı işlərə qarışmırdı, hətta Rusiyanı regionda dominant ölkə hesab edirdi. Üstəlik, Rusiya 30 il ərzində İranla qarşıdurmada region ölkələrini dəstəkləyib və İrandan dəhşət hekayəsi kimi istifadə edib. Ukrayna müharibəsindən sonra Rusiyanın resurslarını məhdudlaşdırandan sonra İran “Rusiya mirası” uğrunda mübarizəyə qoşuldu.

Digər tərəfdən, İran Azərbaycanın regionda təsirini məhdudlaşdırmaq üçün 30 il ərzində Ermənistanı dəstəkləyib. Azərbaycanın İsraillə münasibətləri Tehranı qıcıqlandırdığı kimi, bu da Bakını qıcıqlandırdı. 2020-ci il müharibəsindən sonra Ermənistan Azərbaycanı məhdudlaşdırmaq rolunu oynaya bilməzdi və Bakının İsraillə əlaqələri genişlənməyə başladı. Səfirliyin açılması, texnologiya və qarşılıqlı dəstək bu genişlənməyə örnəkdir”.

Fərhad Məmmədov bildirib ki, əvvəlki dövrdə siyasətçilərin və din xadimlərinin açıqlamaları hər iki ölkədə ciddi şəkildə tənzimlənib, bəyanatlar balanslaşdırılsa da, artıq vəziyyət fərqlidir:

“İranın Azərbaycanda dini, Azərbaycanınsa İrandakı etnik azərbaycanlılara təsiri mövcuddur. Bu mövzular daimi və təbiidir, lakin digər mövzularda cavablar daha kəskin olur. 2020-ci il müharibəsindən sonra İranın Qarabağdakə hərəkətləri, məsələn İran benzininin Qarabağa çatdırılması və diversantların göndərilməsinə Azərbaycandan dərhal cavab gəldi.

Bununla yanaşı, ərazi iddiaları da mövcuddur. Bu, İranın bütün Azərbaycan ərazisinə iddiaları, Azərbaycanda isə Güney Azərbaycan mövzusunun aktuallaşması ilə xarakterizə olunur. Tərəflər arasında müharibə təhlükəsinə gəlincə isə, bu özünü məşqlər, ponton körpülərin qurulması, “boz qurd” işarəsinə qarşı “aslanın quyruğu” simvolu formasında nümayiş etdirir”.

Fərhad Məmmədov qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum ölkələr arasında münaqişənin yeni səviyyəsinə çevrilib. Politoloq münaqişənin daha da dərinləşməsinin mümkün əlamətlərindən də söz açıb:

- İran səfirinin Bakıdan geri çağırılması və səfirliyin fəaliyyətinin dondurulması;

- İran ərazisindən keçən Araz-Zəngəzur dəhlizi üzərindən körpünün tikintisinin dayandırılması;

- İran müctəhidlərinin Azərbaycan müsəlmanlarını üsyana çağıran fətvaları - Bakının güney azərbaycanlılara dəstəyinin institutlaşması;

- təlimlər bəhanəsi ilə hərbçilərin sərhədlərə yığılması”.

Bəs normallaşma haqqında nə demək olar?

“Adətən belə dövrlərdə Xameneinin şəxsi nümayəndəsinin normallaşma təklifi, sadalanan münaqişə səviyyələrində prioritet seçilməsi və konkret mövzuların normallaşdırılması təklifləri ilə Bakıya səfəri olur. Təcrübədə də bu cür hallar var. Eyni zamanda Türkiyənin müəyyən formada vasitəçiliyilə Prezident Rəisinin Türkiyəyə səfəri gözlənilir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO