“İranla bağlı təriqətlər uzun müddətdir Azərbaycanda kök salıblar” - DEPUTAT

“İranla bağlı təriqətlər uzun müddətdir Azərbaycanda kök salıblar” - DEPUTAT

Hazırda oxunan: “İranla bağlı təriqətlər uzun müddətdir Azərbaycanda kök salıblar” - DEPUTAT

118083

“Bu gün Azərbaycanda hələ də İranla bağlı, eləcə də bir sıra digər istiqamətlərdə müəyyən radikal təlimlərin yayılmasına çalışanlar var. Ona görə biz daha çox çalışmalıyıq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib. Deputat bu cür təxribatlara qarşı işlərin aparıldığını da deyib:

“Ölkəmizdə din pərdəsi altında təxribat törədilməsinə, insanların yanlış istiqamətə yönləndirilməsinə qarşı müəyyən adımlar atılır, amma problem hələ də qalır. Hələ də bəzi radikal dini qruplar din pərdəsi altında radikal fikirləri, dini təlimləri insanlar arasında yaymağa çalışırlar.

Əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş var. Amma problemin tam həll olunduğunu deyə bilmərik. Bu istiqamətdə köklü, ciddi addımların atılmasına, kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Hazırda İranın dini ideologiyası ilə bağlı təbliğat aparan, radikal məzhəbçiliyi, dindarlığı təbliğ edən qrup və təriqətlərin fəaliyyətinin qarşısının alınması üçün addımlar atılır. Bu addımlar müvəqqəti, kompaniya xarakteri daşımamalıdır və sistemli olmalıdır. Bu istiqamdə fəaliyyət göstərən və ya buna cəhd edən bütün qrupların, şəxs və təşkilatların fəaliyyətinin qarşısı qətiyyətlə alınmalıdır”.

Deputat bildirib ki, biz bunu vaxtında etməsək, növbəti illərdə də bu problemi yaşayacağıq. Bu gün dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biri din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların zərərsizləşdirilməsi və fəaliyyətinin qarşısının alınmasıdır:
“Əgər biz bunu vaxtında etməsək, müəyyən çətinliklər yaşaya bilərik. Sosial şəbəkələrdə, mediada bu istiqamətdə fəaliyyət göstərən, təbliğat aparanların qarşısı qəti və sərt şəkildə alınmalıdır ki, gələcəkdə yarana biləcək təhlükələrdən özümüzü sığortalayaq”.

İranla bağlı təriqətlərin, cəryanlar uzun müddətdir Azərbaycanda möhkəmləndiyini, kök saldığını deyən deputat hazırda yaşanan problemin səbəblərindən birinin də bu olduğunu vurğulayıb:

“Amma artıq müəyyən addımlara başlamışıq. Ən xırda təxribatların, səylərin qarşısı alınmalıdır, necə ki, bu gün dövlət bunu edir. Bu cür qrupların səyləri maksimum dərəcədə sıradan çıxarılmalıdır”.

Deputat onu da bildirib ki, bu cür qruplara qarşı aparılan mübarizəyə paralel olaraq özümüzün də dövlət-din münasibətlərini formalaşdırmalıyıq. Onun sözlərinə görə, dinimizi gənclərimizə özümüz öyrətməli, təhlükəsizliyimizi qorumalıyıq ki, gələcəkdə ölkəmizdə belə hallar təkrarlanmasın.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO