Siqaret çəkmək təkcə XƏRÇƏNG yaratmır – 100-dən çox xəstəliyin səbəbi TÜTÜN

Siqaret çəkmək təkcə XƏRÇƏNG yaratmır – 100-dən çox xəstəliyin səbəbi TÜTÜN

Hazırda oxunan: Siqaret çəkmək təkcə XƏRÇƏNG yaratmır – 100-dən çox xəstəliyin səbəbi TÜTÜN

116730

“Siqaretin təhlükəsiz səviyyəsi yoxdur. Ömür boyu gündə yalnız bir siqaret belə çəkmək siqaretlə əlaqəli xərçənglərə (ağciyər, sidik kisəsi və mədəaltı vəzi) və vaxtından əvvəl ölümə səbəb ola bilər”.

Bunu Bizim.Media-ya açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Könül İsmayılova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Elektron siqaretlər Azərbaycan bazarından çıxarılmalıdır” – Şok SƏBƏBLƏR


Könül İsmayılova siqaretin yüksək dərəcədə asılılıq yaratması probleminə toxunub: 

“Siqaret çəkmək yüksək dərəcədə asılılıq yaradır. Bu onun tərkibində olan nikotinin orqanizmə təsiri nəticəsində baş verir. Bu asılılıq, hətta, heroin və kokain kimi narkotiklərin istifadəsi nəticəsində yaranan asılılıqla müqayisə olunur”.

Müsahibimiz hər il dünyada 8 milyondan çox insanın siqaret çəkdiyi üçün öldüyünü açıqlayıb: 

“Dünya Səhiyyə Təşkilatının (ÜST) mənbələrinə istinadən demək olar ki, tütünçəkmə hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Bu ölümlərin 7 milyondan çoxu birbaşa tütündən istifadə nəticəsində, təxminən 1,2 milyonu isə siqaret çəkməyənlərin tütün tüstüsünə məruz qalmasının nəticəsidir. Dünyada 1,3 milyard tütün istifadəçisinin 80%-dən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. 2020-ci ildə dünya əhalisinin 22,3%-i, bütün kişilərin 36,7%-i və qadınların 7,8%-i tütündən istifadə edib”.

Həkim bildirib ki, Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Komitəsinin (CDC) mənbələrində siqaret çəkməyin xərçəng, ürək xəstəliyi, insult, ağciyər xəstəlikləri, şəkərli diabet və emfizem və xroniki bronxit daxil olmaqla xroniki obstruktiv ağciyər xəstəliyinə (AXOX) səbəb olduğu qeyd olunub: 

“Siqaret çəkmək həmçinin vərəm, bəzi göz xəstəlikləri və revmatoid artrit də daxil olmaqla immun sistemi problemləri riskini artırır. Tütün tüstüsünün təsirinə məruz qalma (passiv tütünçəkmə) hər il siqaret çəkməyən böyüklər arasında təxminən 41,000, körpələrdə isə 400 ölümə səbəb olur. Passiv tütünçəkmə böyüklərdə insult, ağciyər xərçəngi və ürəyin işemik xəstəliklərinə səbəb olur.

Passiv tütünçəkməyə məruz qalan uşaqlar isə, ani körpə ölümü sindromu, kəskin respirator infeksiyalar, orta qulaq xəstəlikləri, daha ağır astma riski altındadır. Bu halda uşaqlarda tənəffüs yollarının xəstəlikləri( bronxit, laringit və s) daha ağır şəkildə təzahür edə bilər və ağciyərlərin böyümə sürəti zəifləyir.

Siqaret çəkmək hər 10 ağciyər xərçəngindən 7-sinə (70%) səbəb olur. Bununla yanaşı, yemək borusu, qırtlaq, ağız, böyrək, sidik kisəsi, qaraciyər, mədəaltı vəzi, mədə, uşaqlıq boynu, yoğun və düz bağırsağın xərçənginə, həmçinin kəskin mieloid leykemiyaya səbəb olur”.
Həkim-metodist onu da vurğulayıb ki, hamiləlik dövründə siqaret çəkmək düşük riski, vaxtından əvvəl (erkən) doğuş, az çəki ilə doğulmuş körpə, ölü doğum kimi ağırlaşmalar riskini artırır.


Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO