Türkiyəli blogerin Bakı metrosundan VİDEOSU – Problemə Metropolitendən CAVAB

Türkiyəli blogerin Bakı metrosundan VİDEOSU – Problemə Metropolitendən CAVAB

Hazırda oxunan: Türkiyəli blogerin Bakı metrosundan VİDEOSU – Problemə Metropolitendən CAVAB

116565

Bakı metrosunda stansiyadakı vaxt tablosunda qatarın stansiyaya gəlmə vaxtı yox, çıxma vaxtı əks olunur. Bu günlərdə türkiyəli blogerin bu barədə Bakı metrosunda çəkdiyi video isə Türkiyədə trendə çevrilib. Elə Azərbaycanda da videonu paylaşan, “niyə” sualını verən az deyil.

Bəs, görəsən, bu, niyə belədir? Hər kəsə yeni qatarın stansiyaya yaxınlaşacağı vaxt lazımdırsa, metroda niyə qatarın stansiyadan çıxma vaxtı göstərilir? 

Bizim.Media-nın sualını “Bakı Metropoliteni”nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov cavablandırıb. Metropoliten rəsmisi bildirib ki, bu, postsovet məkanının bütün metropolitenlərində belə olub: 

“Bakı metrosu açılanda Sovet metro sisteminin tərkib hissəsi olub. Həmin dövrdə qəbul olunmuş qaydaya görə, qatarın gəlmə vaxtı yox, stansiyadan çıxma vaxtı göstərilib. Bu, Bakı metrosunda da həmin dövrün qanunauyğunluqlarına əsasən tətbiq olunub”. 

Metropoliten rəsmisi bildirib ki, qatarın gəlmə vaxtını göstərən sistemə keçməklə bağlı Bakı metrosunda müvafiq araşdırmalar aparılıb: 

“Təbii ki, dünyada başqa sistemlər də var. O cümlədən də qatarların gəlmə vaxtını göstərən sistem mövcuddur. Bakı metrosunda da bunu tətbiq etməklə bağlı araşdırma aparılıb, tətbiq imkanları öyrənilib. Lakin bunun üçün müvafiq texniki-təchizatla bağlı məsələlər həll edilməli, sistemli yeniliklər tətbiq olunmalıdır”.

Bəxtiyar Məmmədov bildirib ki, sözügedən məsələ ilə bağlı yeniliyin tətbiq edilməsi isə hələlik planda yoxdur: 

“Bu məsələ prinsipial olaraq Bakı Metropolitenində sərnişindaşıma üçün böyük bir əhəmiyyət kəsb etmir. Çünki metropolitendə vahid interval qrafiki tətbiq olunur və bu barədə ictimaiyyətə də məlumat verilir. Bu səbəbdən də metrostansiyaya daxil olan sərnişin metro qatarının gəlmə vaxtını bilir. Ümumi ictimai nəqliyyat prinsiplərini götürsək, intervallar kifayət qədər aşağıdır. Yəni bu məsələnin sərnişindaşımada sərnişinlərin rahatlığı və digər məsələlər üçün ciddi və xüsusi əhəmiyyəti olmadığını nəzərə alsaq, bununla bağlı yeni tətbiqə keçmək hazırda planlaşdırılmır”. 

Aləmdə Nəsib, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO