Neofobiyadan əziyyət çəkənlər və ya sərhədləri AŞMAQ QORXUSU 

Neofobiyadan əziyyət çəkənlər və ya sərhədləri AŞMAQ QORXUSU 

Hazırda oxunan: Neofobiyadan əziyyət çəkənlər və ya sərhədləri AŞMAQ QORXUSU 

115890

Dünyada, eləcə də həyatımızda yeniliklər qaçılmazdır. Baş verən dəyişikliyə açıq olmayan, yenilkdən qorxan insanlar da az deyil. 

Yenilikdən qorxan bu cür insanlar çox zaman bacaracağı bir işdən, gözəl şəkildə yaşaya biləcəyi həyatdan belə özünü məhrum edə bilər. Psixologiyada bu hal “neofobiya” adlandırılır. 

Araşdırmalara görə, neofobiya daha çox uşaqlarda və yaşlı insanlarda özünü göstərsə də, hər yaşda olan insanlarda görünə bilir. Mütəxəssislər isə həm xəstələrin, həm də onların yaxınlarının həyatını çətinləşdirən bu xəstəliyin müalicə olunmasını tövsiyə edir.

Bizim.Media olaraq, oxucularımız üçün sözügedən mövzu ilə bağlı bir çox detalları araşdırdıq. 

Neofobiya nədən yaranır? 

Türkiyəli mütəxəssis-klinik psixoloq Uluq Çağrı Bəyaz mövzu ilə bağlı insanları düşündürən suallara aydınlıq gətirib.

“Həyatımızın gedişatında demək olar ki, hamımız mövcud nizamımıza uyğun yaşamağa və bu münasibətlə formalaşan rutinlərimizə daha çox bağlı olmağa meyilliyik” deyən Bəyaz sözlərinə belə aydınlıq gətirir: 
“Hər gün eyni saatda oyanmaq, eyni şeyi etmək, eyni vaxt intervalında işləməyə çalışmaq kimi... Belə davam etdikcə bu istiqamətdə bir vərdiş formalaşır. Zamanla bundan qopmaq və sərhədləri aşmaq çətin ola bilər. Yeni şeyləri sınamaqdan çəkinmək, hətta qorxular baş verə bilir. Yeniliyə həddindən artıq qapalı olmaq və rahatlıq zonasından kənara çıxmaqdan imtina da bu halla birlikdə ortaya çıxa bilər”.  

Psixoloqun sözlərinə görə, neofobiya insanların həyatlarında və ya ətrafında baş verən yeniliklərdən qorxması və narahatlığı olaraq adlanır. Dəyişiklik və yeniliyin yer üzündə insan həyatı davam etdikcə var olacağını söyləyən Bəyaz “Filosofların da buna çox istinad etdiyini deyə bilərik. Məsələn, Dekart deyirdi ki, dəyişməyən yeganə şey dəyişmənin özüdür. Əslində o, burada dəyişikliyin həyatın çox mühüm rasionallığı olduğuna işarə edir”, - deyə əlavə edib.

O bildirib ki, insanların şəxsiyyət xüsusiyyətlərinin neofobiyanın meydana gəlməsində rolu var: 

“Daha çox obsesif düşüncələrə meyilli, vasvası, nəzarətdə saxlamağa çalışan və ya bu zehniyyətə sahib fərdlərdə görülür. İnsan çəkdiyi sərhədləri aşmaqdan qəti şəkildə imtina edir. Yeni bir şey yaşamaq ərəfəsində o, həddindən artıq qəzəb, əsəbi davranış nümayiş etdirə bilər.

Belə insanlar işdə və evdə eyni yerdə otura bilərlər. Çölə çıxanda eyni restoranda eyni yeməyi yemək kimi davranışları ola bilər. Evə çox bağlı olma vəziyyəti də var. Harasa getmələri lazım olduqda, hətta yollarda belə müxtəlif marşrutlar seçməməyə üstünlük verərlər. Onlar sosial izolyasiyaya meyilli olurlar”.

Həkim bildirib ki, neofobiyadan əziyyət çəkənlər gündəlik həyatda bir çox çətinliklərlə üzləşirlər.

Belə ki, onların bu halı daim dəyişən həyatla uyğun gəlmir. 

Təbii ki, neofobiyanın tək səbəbi şəxsiyyət xüsusiyyətləri deyil. Həkim genetik ötürülmənin də rolunu vurğulayır.

Bəs çarəsi varmı?

Həkim deyib ki, dərman, yəni farmakoloji müdaxilə tələb olunarsa, psixiatr müayinəsindən sonra bunu tövsiyə etmək olar. Bu problem zamanı psixoterapiya faydalı ola bilər: 

“Xüsusilə koqnitiv davranış terapiyası çox qiymətli bir həlldir. Amma burada önəmli olan müalicədə öyrənilməsi lazım olan dinamikadır.  Hər şeydən əvvəl bu cür insanların həyatın əslində böyük bir qeyri-müəyyənlik olduğunu qəbul etmələri önəm daşıyır”.

Qeyri-müəyyənliyə dözümsüzlüyün az qala hər kəsin yaşadığı problem olduğuna diqqət çəkən mütəxəssis bunun çağımızın ən böyük narahatlıqlarından biri olduğunu vurğulayır: 

“Əvvəllər insanlar qeyri-müəyyənliyə bizdən daha çox dözə bilsələr də, texnologiyanın inkişafı bizi elə bir nöqtəyə gətirib ki, bəzi işləri asanlaşdırmaqla rahatlığımızı artırmağımıza baxmayaraq, qeyri-müəyyənliyə dözümlülüyümüzü aşağı salır. Qeyri-müəyyənliyə nə qədər dözümlü olarıqsa, yeniliklərə bir o qədər açıq oluruq. Amma bizim qeyri-müəyyənliyə dözümsüzlüyümüz illər keçdikcə azalmağa başladı. Son vaxtlar rahatlıq zonamızdan çıxmaq bizim üçün çətinləşdiyindən, neofobiya keçmişə nisbətən daha çox görünməyə başlayıb”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO