Kənd sürücüsündən alicənab DAVRANIŞ: “Əlaçı uşaqları həmişə pulsuz aparacam”

Kənd sürücüsündən alicənab DAVRANIŞ: “Əlaçı uşaqları həmişə pulsuz aparacam”

Hazırda oxunan: Kənd sürücüsündən alicənab DAVRANIŞ: “Əlaçı uşaqları həmişə pulsuz aparacam”

115653

“Qaxda hazırlq mərkəzinə gedirəm. Füzuli dayı öz avtobusunda düz bir aydır məni pulsuz aparıb gətirir kurslara. Orda topladığım ballar əsasında Füzuli dayı güzəştlər edir bizə. 500 üzəri bal limiti var. Mən də o limiti keçdiyim üçün Füzuli dayının bu xoş məramından faydalanıram”.

11-ci sinif şagirdi Şəfiqə bu unikal faktı Bizim.Media-ya danışıb.

Deyir ki, Füzuli dayının avtobusunun yan-yörəsi həmişə kəndimizin qabaqcıl, seçilən uşaqları ilə dolu olur. Çünki bilirlər ki, oxuyan, çalışqan və hansısa sahədə uğurlara imza atan gənclərə Füzuli Rəşidov xüsusi diqqət edir.
Füzuli Rəşidov 20 ildir ki, Qaxın Qaradolaq və İbaxlı kəndlərindən Qax şəhərinə işləyən marşurutda çalışır. Marşrut xətti üzərində Qaysarlı və Qıpçaq kəndləri də var. Bu dörd kəndin əlaçı və müsabiqə qalibi olan məktəblilər onun avtobusunu həmişə fərəhlə gözləyirlər. Füzuli dayı isə hər bir qalibi tanıyır və ilk növbədə onlar üçün yer saxlayır.

Səhər dan yeri ağaranda evdən çıxır. İlk işi avtobusu ilkin texniki baxışdan keçirməkdi. Mühərrikin yağını, suyunu, təkərlərin hava balansını mütləq nəzərdən keçirəndən sonra sükan arxasına əyləşir. Çünki avtobusunda qənimət bir nəsil daşıyır, özü də necə həvəslə...

Bu xeyrxah insanın daimi müştəriləri də az deyil. Eyni xətt üzərində şəxsi avtomobili ilə xidmət göstərənlər olsa da Füzuli Rəşidovun nəqliyyat vasitəsini səliqəli və təhlükəsiz idarə eməsi sərnişinlərin də onu seçməsinə, ona etimad göstərməsinə səbəb olur.

Daimi sərnişinlərdən biri olan Çəməngül İbrahimova deyir ki, mnim uşaqlarım da körpəlikdən burda oxuyub:

“11ildə Füzuli onların hamısını məktəbə gətirib, qapıdan götürüb, qapıya da salıb. Heç bir təmənnasız, aparıb-gətirib. Özümüzn də nə vaxtsa veşimiz olubsa, gedəcək yerimiz olubsa, aparıb-gətirib, istədiyimiz yerə düşürüb, istədiyimiz yerdən də götürüb. Allah razı olsun”. 

Qax avtovağzalına gəlib bu halı gözümüzlə müşahidə edirik. Yenə Füzuli Rəşidovun avtobusunun yanı qələbəlikdir. Bu dəfə onu müxtəlif kəndlərdən olan balaca idmançılar gözləyir. Hamısı Füzuli dayının başına toplaşıb bu günkü nəticələrindən bəhs edir.

Fürsətdən istifadə edib Füzuli dayıdan məktəblilərə göstərdiyi bu diqqət-qayğının hardan qaynaqlanmasını soruşuruq:

“Özüm sürücü olsam da iki övladıma ali təhsil vermişəm. Onların bu mərtəbəyə gəlib çatması üçün min cür əziyyətim olub. Onlar uğura imza atdıqca isə əzablar yaddan çıxıb, ürəyimə fərəh dolub.
Ona görə də istəyirəm ki, millətimin balası oxusun, mənim də gücüm çatan budur, uşaqları həvəsləndirirəm ki, yaxşı oxusunlar, indidən qoy mənim tərəfimdən zəhmətlərinə verilən dəyərdən ruhlansınlar. Biz kimdən əskiyik ki? Hansı millət bizdən üstündür ki? Oxumağa can qoymaq, dəstək olmaq lazımdır. Gələcək təhsillə bəxtiyar olacaq”.

Füzuli dayı deyir ki, indi ölkəmin dörd bucağından vaxti ilə daşıdığım uşaqlardan salamlar alıram:

“Onların uğurunu eşidəndə ürəyim dağa dönür, Allah yollarını açıq eləsin, mən bundan sonra da bacardığımı edəcəm. Təki ölkəni elimsizlikdən xilas edək. Mənim də sürücü kimi gücüm buna çatır. Bərxudar olun, haqqınızı da halala edin ki, o məsafədə yol gəlib məni axtarıb tapmısız”.

Sağollaşırıq. Füzuli dayı isə daha bir dəstə idamnçı uşaqları avtobusuna doldurub üzü dağala, kəndə doğru yol alır...

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO