Son günlərdə Abxaziya Parlamenti, Rusiya Dövlət Dumasına bərabər şərtlərlə, Rusiya ilə Ermənistan arasında Abxaziya üzərindən dəmir yolu əlaqəsi açılması layihəsində iştirak etməyə hazır olduğunu bildirən müraciət ünvanlayıb. Bu barədə Abxaziya parlamentlərarası əlaqələr komitəsinin sədrii Astamur Logua məlumat verib.
Layihənin müəlliflərindən olan Logua Qarabağdakı müharibə bitdikdən sonra bölgə ölkələrinin dəmir yolu əalqələrinin yenidən bərpası ehtimalını müzakirə etməyə başladıqlarına diqqət çəkərək, Abxaziyanın bu məsələyə biganə qalmamalı olduğunu bildirib.
Abxaziya və Ermənistan arasında dəmir yolu layihəsinə qarşı münasibətlər isə fərqlidir. Bəzi
qərbyönümlü erməni ekspertlər Abxaziyadan keçməklə Ermənistan və Rusiyanı əlaqələndirəcək dəmir yol xəttinin heç də səmərəli olmayacağı qənaətindədir. Onların fikrincə, Abxaziyanın Gürcüstanla qarşılıqlı iqtisadi əlaqələrinin olmaması layihənin reallaşma ehtimalını sıfıra endirir.
Lakin şərqşünas Karina Gevorqyan isə əksinə layihəni kifayət qədər perspektivli hesab edir. O, layihənin reallaşması üçün Gürcüstanla hazırkı reallıqda hər iki tərəfin maraqlarına cavab verəcək danışıqların aparılmasına ehtiyac olduğunu bildirir.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Rusiyada muxtariyyət tələb etdi: “Abxaziya da bizə birləşəcək”
Layihənin Ermənistan üçün olduqca ümidverici olduğunu qeyd edən Gevorgyan, Abxaziyanın təklifi gürcü ekspertlər və siyasətçilər arasında yaranan narahatlıqla bağlı olduğuna diqqət çəkib.
Onun fikirncə, Azərbaycan və Ermənistan arasında 11 yanvarda imzalanmış sənədə əsasən qarşılıqlı nəqliyyat yollarının açılması nəzərdə tutulub. Bu isə Rusiya ilə Ermənistan arasındakı əlaqənin Azərbaycan vasitəsilə təmin olunmasın gətirəcək. Nəticədə Cənubi Qafqazın əsas naqliyyat arteriyası Gürcüstandan yan keçəcək.
Gevorqyanın açıqlamaları bəzi maraq qruplarının Cənubi Qafqazdakı dəyişən vəziyyətdən heç də razı qalmadığını göstərir. İlkin olaraq Ermənistan daxilindəki bəzi qüvvələr Rusiya ilə əlaqələrin Azərbaycan ərazindən keçməklə təmin olunmasını istəmir.
Çünki bunun gələcəkdə Ermənistanı Azərbaycandan nəqliyyat infrasturukturunda və iqtisadiyyatından tam asılı vəziyyətə salacağından narahatdırlar. Eyni zamanda bu nəqliyyat dəhlizi Azərbaycan və Türkiyə arasındakı əlaqəni də təmin edəcək ki, nəticədə Ermənistanın iki qonşusu arasında hər hansı əngəl qalmayacaq.
Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanı birləşdirəcək nəqliyyat dəhlizi eyni zamanda Cənubi Qafqaz regionda da logistik fəaliyyətlərin əsasını təşkil edəcək. Bu isə 30 ilə yaxındır Gürcüstanın həyati əhəmiyyətə malik tranzit ölkə mövqeyini bir anda sıradan çıxarmış olacaq.
Rusiyadan birbaşa Türkiyəyə uzanan dəmir yolu region dövlətləri üçün daha əlverişli olacaq, nəinki Gürcüstan ərazisindən keçən elternativ nəqliyyat dəhlizləri. Bu baxımdan Ermənistanın Azərbaycandan keçməklə Rusiya ilə birləşdirəcək dəmir yolu layihəsi Gürcüstan üçün real təhdidə çevrilmiş olacaq.
Ermənistanı Abxaziya vasitəsilə Rusiya ilə əlaqələndirəcək dəmir yolu layihəsi ən azından nəzəri də olsa Cənubi Qafqazda iqtisadi rəqabətin artıq başlandığını, müxtəlif maraq qrupları müharibə sonrakı vəziyyəti öz mənafelərinə uyğun dəyişdirməyə çalışdığını göstərir.
Rəvan Əliyev, Bizim.Media