Deputat ayaqyolu problemini gündəmə gətirən müəllimin müdafiəsinə QALXDI - “Töhməti geri götürülsün”  

Deputat ayaqyolu problemini gündəmə gətirən müəllimin müdafiəsinə QALXDI - “Töhməti geri götürülsün”  

Hazırda oxunan: Deputat ayaqyolu problemini gündəmə gətirən müəllimin müdafiəsinə QALXDI - “Töhməti geri götürülsün”  

113850

Xəbər verildiyi kimi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradan sonra adıçəkilən müəllimə töhmət verilib. 

Mil-Muğan Regional Təhsil İdarəsinin sosial şəbəkələrdə müzakirələrə səbəb olan İmişli rayonu Aranlı kənd tam orta məktəbi ilə bağlı açıqlamasında qeyd olunur ki, Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.

Leyla Nəcəfquliyeva növbəti videogörüntüsündə ajiotaj yaradan görüntünün faktiki olaraq bir-iki ay əvvəl çəkildiyini bildirib və elə onun bu məqsədlə töhmət aldığı məlum olub. 

Məktəbdə ayaqyolu olmamasına etraz edən müəllimin bu addımı ictimaiyyətdə müsbət qarşılanıb və dəstəklənib. Onun töhmət alması isə sərt tənqidə səbəb olub. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi də müəllimin töhmət almasını doğru addım hesab etməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbdə sanitar qovşağın olmamasını ictimailəşdirən müəllimə töhmət verilməsi ilə bağlı AÇIQLAMA


“Mövcud vəziyyətlə bağlı müəllimə töhmət verilməsi doğru deyil. Əslində müəllim çatışmazlığı görüb onun aradan qaldırılması üçün tədbir görülməsini tələb edib. Qaldı ki, töhmət hansı halda verilə bilər, burada müəllimlərin etik-davranış qaydaları və təhsil haqqında qanunda da göstərilir ki, müəllim üzrsüz səbəbdən dərsdə iştirak etmirsə, ona töhmət deyil, ilkin mərhələdə xəbərdarlıq verilir.  İlkin xəbərdarlığa məhəl qoyulmazsa, ardınca töhmət verilə bilər. Əgər dekabrın əvvəlində müəllimə töhmət verilibsə, bu da araşdırılmalıdır. Məktəbdəki problemi ictimailəşdirdiyinə görə müəllimə töhmt verilməsi absurddur. Əgər o, tabeliyində olan öhdəlikləri yerinə yetirmirsə o zaman töhmətin verilməsi doğru ola bilər”.

İmişlidən seçilən millət vəkili Razi Nurullayev isə ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanı sonadək müdafiə edəcəyini bildirib:

“Məktəbə iki gün gəlməyibsə və onun çağırışı ilə şagirdlər də eyni hərəkəti edibsə, bu, qanun pozuntusu sayıla bilməz. Çünki müəllim məhz problemə diqqəti cəlb etmək üçün bu addımı atıb və bunu da bacarıb. Azərbaycanın hər bir məktəbində xırda problem var və kiçik neqativlər bəzən böyük çatışmazlıqları arxada qoyur. Məhz bu xırda problemlər müəllimlərə, şagirdlərə və tələbələrə məşəqqətlər yaşadır. O baxımdan müəlliməni qorxutmaq üçün ona töhmət verilməsi və təzyiq göstərilməsi yolverilməzdir. Bununla bağlı müəyyən addımlar atıram. Köməkçilərə də tapşırmışam və özüm də çox ciddi maraqlanıram. Bəzi məqamlar var ki, araşdırıram. Müəllimə verilən töhmətin götürülməsi ilə bağlı da addım atacağam. Hesab edirəm ki, bizim atacağımız tədbirləri gözləmədən müəllimə verilən töhmət geri götürülməlidir”. 

Məktəbdə yaltaqlığa yol verilməməlidir. Bir müəllimin şəxsiyyəti sındırıla bilməz. 

Məktəb müəllimini mütiləşdirmək, ona təzyiq göstərmək olmaz. Əks təqdirdə onun yetişdirdiyi nəslin də gələcəyi olmaz və fidan körpələrimiz o yaşda qorxu altında saxlanılar”.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO