“Nəzarət funksiyası istənilən parlamentin fəaliyyətində mühüm yer tutur. Dünya təcrübəsində parlament nəzarətinin müxtəlif hüquqi modellərinə rast gəlmək mümkündür.
Qanunların icrasına nəzarətin həyata keçirilməsi mühüm prioritet təşkil edir. Çünki, cəmiyyətdə ictimai münasibətlər məhz qanunlarla təmzimlənir.
Dövlət idarəçiliyinin səmərəliliyi, vətəndaş-dövlət münasibətləri birbaşa qanunların xarakterindən asılı olur”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Milli Məclisin nəzdində yaradılacaq Qanunların icrasına nəzarət qrupu haqqında danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Yeni parlamentin 1 ili, kim nə ilə yadda qalıb? - SORĞU - VİDEO
Onun sözlərinə görə, yeni qrup əsasən icraata nəzarət funksiyasını yerinə yetirəcək.
“Dövrün tələbləri ilə uzlaşan, ölkənin inkişaf tələblərinə cavab verən qanunların qəbul olunması ümumi inkişafın əsasını təşkil edir. Lakin etiraf etmək lazımdır ki, məsələ heç də həmişə qəbul olunan qanunların keyfiyyətindən asılı olmur.
Mükəmməl qanunvericilik ola bilər, lakin onların icrası səmərəli olmadıqda təbii ki, nəticələr gözləntilərə cavab vermir. Bu baxımdan, qanunların icrasına effektiv nəzarətin həyata keçirilməsi olduqca vacibdir”.
Deputat qəbul edilən qanunlara ciddi nəzarətin olunmasının vacibliyini də vurğulayıb.
“Qanunların icrasında ciddi nəzarətin həyata keçirilməsi vacibdir. Əks halda bu qanunların keyfiyyəti şübhə doğurar.
Prezident İlham Əliyev də daha çox keyfiyyətə diqqət yetirməyi tövsiyyə edib. Qanunları qəbul etmək, mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, onların icra səviyyəsini də nəzarətdə saxlamaq lazımdır”.
Sonda E. Mirbəşiroğlu belə bir qrupun yaradılmasının qanunların işləklilik səviyyəsini qaldıracağını da deyib:
“Bu həm də parlamentin funksionallığını daha da gücləndirəcək. Hesab edirəm ki, Milli Məclisdə Qanunların icrasına nəzarət qrupunun yaradılması müvafiq istiqamətdə ciddi keyfiyyət dəyişikliyini şərtləndirəcək. Bu qrupda müxtəlif sahələr qanunların icrasına nəzarət edəcək deputatlar təmsil olunacaqlar”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq yaxın vaxtlarda Milli Məclisin nəzdində Qanunların icrasına nəzarət qrupu yaradılacaq.
Həmin qrupda müxtəlif sahələri əhatə edən deputatlar təmsil olunacaq.
Vüsalə Balayeva, Bizim.Media