Gələcək üçün plan qurmaq doğrudurmu? - PSİXOLOQ

Gələcək üçün plan qurmaq doğrudurmu? - PSİXOLOQ

Hazırda oxunan: Gələcək üçün plan qurmaq doğrudurmu? - PSİXOLOQ

112762

Yeni il yaxınlaşır. Çoxları üçün yeni il təkcə təqvimin dəyişməsi deyil, həmçinin yeni planlar, yeni hədəflər deməkdir. Plan qurmaq, hədəflər müəyyən etmək gözəldir, insanı ilhamlandırır. Onlara əməl etmək isə olduqca çətin, bəzən isə lap mümkünsüzdür. Necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”. 

Düzdür, mütəxəssislər plan quranda reallaşması mümkün hədəflər qoymağımızla bağlı xəbərdarlıq edirlər.

Lakin bir çox hallarda istəklərimizin tez reallaşmasını arzulayır, pilləkənləri bir-bir yox, iki-iki qalxmağa çalışırıq. Belə olduqda isə bəzən iki addım irəli düşmək istəyərkən, üç addım geri düşdüyümüz məqamlar da olur. Nəticədə əvvəlcədən müəyyənləşdirdiyimiz zaman çərçivəsində hədəflərə nail olmağımız çətinləşir, gecikir, bəzən isə ümumiyyətlə mümkün olmur. 

Bəs plan qurduğumuz halda, onların biz istəyən və istəməyən səbəblərdən baş tutmaması mental sağlamlığımıza necə təsir edir?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran psixoloq Fuad Əsədov bildirib ki, gözləntilərimizi doğru şəkildə formalaşdırmağımız önəmlidir:

“Təbii ki, həyatda dəyişə bildiyimiz hallar olduğu kimi, dəyişə bilmədiyimiz hallar da var. Dəyişdirə bilməyəcəyimiz hallara qarşı anlayışlı yanaşmağımız, dəyişdirə biləcəklərimizlə də bağlı planlar qurmalıyıq. Cəhd etmək haqqını əlimizdən almırlar. Lakin gözləntilərimizi doğru şəkildə formalaşdırmağımız önəmlidir”. 

Psixoloq baş tutmayan planlara da həyatın bir parçası kimi baxmalı olduğumuzu xatırladıb: 

““Həyat sən planlar qurarkən, başına gələnlərdir”. Bu, doğrudan da belədir. Hər birimiz plan qururuq, amma bəzən işlər biz istəyən kimi getmir. Bu, hər birimiz üçün keçərlidir. Planların baş tutmaması hər kəsə fərqli təsir göstərir. Buna pis olub üsyan edən, kədərlənənlər olduğu ki, həyatın bu dəyişikliklərinə, “öz bildiyini saymağına” tolerantlıq göstərib daha barışıq yaşayan insanlar da var. Hesab edirəm ki, doğrusu da elə budur. Həyatın enişli-çıxışlı yollarına, bizi apardığı müxtəlif məcralara uyğunlaşmağa çalışmalıyıq. Həyat belə bir yerdir. Heç kəs bizə bütün arzularımızın, planlarımızın reallaşmasına dair vəd verməyib. Biz onsuz da öz daxilimizdə başa düşürük ki, bu cür hallar ola bilər və belə vəziyyətlərlə qarşılaşdığımızda da buna həyatın bir parçası kimi baxmaq lazımdır”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO