Bu gün Beynəlxalq Kino Günüdür

Bu gün Beynəlxalq Kino Günüdür

Hazırda oxunan: Bu gün Beynəlxalq Kino Günüdür

112054

Dekabrın 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 

Bizim.Media xatırladır ki, 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” ekran əsri də var idi.

Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.

Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.
Yeri gəlmişkən, Azərbaycanda Milli Kino Günü hər il avqustun 2-də qeyd edilir.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib.

Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı və qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO