Adı olub, özü olmayan TİBB MƏNTƏQƏLƏRİ - Bölgələr nə vaxt yada DÜŞƏCƏK? 

Adı olub, özü olmayan TİBB MƏNTƏQƏLƏRİ - Bölgələr nə vaxt yada DÜŞƏCƏK? 

Hazırda oxunan: Adı olub, özü olmayan TİBB MƏNTƏQƏLƏRİ - Bölgələr nə vaxt yada DÜŞƏCƏK? 

111972

Azərbaycanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti yarasızlıqdan və kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, rayonlarda yeni mərkəzi xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həmin xəstəxanalarda çalışmaq üçün kadr çatışmır.

Eyni zamanda kəndlərdə fəaliyyət göstərən tibb məntəqələri də elə kadr çatışmazlığından yararsız hala, işlək olmayan vəziyyətə gətirilib. Bəzi kəndlərdə isə ümumiyyətlə tibb məntəqələri yox səviyyəsindədir.

Belə bir mənzərə Sabirabad, İsmayıllı, Zərdab, Kürdəmir və Ucar rayonlarında yaşanır. Məlumat üçün bildirək ki, Sabirabadın Narlıq kəndinin 2500-ə yaxın əhalisi var. Narlıq kəndi rayon mərkəzindən 16 km məsafədə yerləşir. Amma bu ərazidə əhaliyə xidmət göstərəcək tibb məntəqəsi və həkim yoxdur.

İsmayıllının İstisu kəndindən də analoji problemdən şikayətlənənlər var. Kənddəki tibbi məntəqəsi isə uzun illərdir ki, bərbad vəziyyətdədir. 
Adı olub, özü olmayan tibb məntəqələri niyə işlək vəziyyətə gətirilmir? 

Tibb üzrə ekspert, həkim Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, nəinki bölgə və kəndlərdə, Bakı şəhərinin özündə əksər tibb müəssisələri yararsız vəziyyətdədir:

“O qədər çatışmazlıqlar var ki...Bu gün xəstəxanaların və tibb məntəqələrinin həm maddi-texniki bazası, həm kadr çatışmazlığı ilə bağlı ciddi problemlər var. Bu isə səhiyyə qurumlarının birbaşa yetərsiz fəaliyyəti ilə bağlıdır.

Bakı şəhərinin özündə elə xəstəxanalar var ki, onlar ən adi tibbi sərf materialları ilə təmin edilməyib. Bu qədər sığortaya pullar yığılır və ayrılır.

Bu, hara və necə xərclənir? Dəfələrlə vurğulamışam ki, yığılan vəsaitin sərfiyyatına nəzarət edən nə qurum, nə də bu istiqamətdə şəffaflıq var. Dünya bazarında hansısa tibbi avadanlığın qiyməti 10 min dollardırsa, nəyə görə bunlar onu 20 və ya 30 min dollara alıblar? Bunlara nəzarət yoxdur. Varsa da formal xarakter daşıyır. Ona görə də tibbi avadanlığın təminatı ilə bağlı problem yaranır”.

Bölgələrin tibb müəssisələrində kadr çatışmazlığına gəlincə, Aydın Əliyev qeyd edib ki, onlara bu istiqamətdə stimullaşdırıcı və motivasiyaedici tədbirlər planı hazırlamaq lazımdır:

“Ya üçqat əməkhaqqı, ya mənzil şəraiti ilə, yaxud da xidməti avtomobillə təmin olunmalıdırlar ki, insanlar buna meyl edib işləsinlər. Dəfələrlə bu məsələni ictimailəşdirsək də, nə problemə reaksiya verən, nə də çözümünü edən tapılır”.
Qeyd edək ki, adlarını çəkdiyimiz bölgələrdəki tibb məntəqələrinin fəaliyyətsizliyi ilə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərmişik. Qurum məsələni araşdırandan sonra açıqlama verəcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO