Mətbuat Şurası:

Mətbuat Şurası: ""Euronews" və “Le Figaro”da erməni çıxışları qərəzli yayımlanıb”

Hazırda oxunan: Mətbuat Şurası: ""Euronews" və “Le Figaro”da erməni çıxışları qərəzli yayımlanıb”

111769

Mətbuat Şurası "Euronews" telekanalına və “Le Figaro” nəşrinə müraciət edib.

Şuradan Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli şəkildə yayımlanması dərin təəssüf hissi doğurur.

"Bütövlükdə Azərbaycan jurnalistlərinin haqlı narazılığını ifadə edən Mətbuat Şurasının yanaşması bundan ibarətdir ki, medianın zorakılığa, bölücülüyə və qarşıdurmaya xidmət edən propaqanda üçün tribunaya çevrilməsi yolverilməzdir, jurnalistikanın peşə prinsiplərinə ziddir.

Qarabağ Azərbaycanın BMT tərəfindən tanınmış suveren ərazisi, Xankəndi qədim Azərbaycan şəhəri, orada yaşayan əhali isə Azərbaycan vətəndaşlarıdır.

Amma “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti dekabrın 25-də keçirilən aksiyasını işıqlandırarkən, nəinki Azərbaycanın suveren hüquqlarını, hətta Qarabağ bölgəsində yaşayan sıravi erməni əsilli vətəndaşların belə, mənafelərini nəzərə almayıblar. Onlar məsələni otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlamış cinayətkarların və onların əməllərinin davamçılarının maraqları kontekstində təqdim ediblər.

Təəssüflə bildiririk ki, “Le Fiqaro” və “Euronews”un Fransa xidməti Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir.
“Le Fiqaro” və “Euronews” jurnalistikanın tərəfsizlik və obyektivlik kimi mühüm prinsiplərinə uyğun olaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda, artıq, 15 gündür ki, davam edən aksiyası ilə maraqlana və məsələnin əsl mənzərəsini bütün tərəflərin mövqeyi nəzərə alınmaqla, təsvir edə bilərdilər. Əfsus ki, biz bu peşəkar yanaşmanı görmədik.

“Le Fiqaro” nəşri Fransanın tanınmış ictimaiyyət nümayəndələrinin Azərbaycana qarşı qeyri-obyektiv müraciətini təşkil edərək və yayaraq, belə bir təsəvvür formalaşdırmağa çalışır ki, guya, Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Aydındır ki, bu bəyanat, Fransadakı erməni lobbisinin səyləri nəticəsində ərsəyə gəlib və onun maraqlarına xidmət edir. 

Qeyd etməyi vacib sayırıq ki, KİV qurumunun hansısa materialı siyasi konyukturaya uyğun olaraq işıqlandırması, “Jurnalistlərin hüquq və vəzifələrinə dair Beynəlxalq Münhen Bəyannaməsi”nin prinsiplərinə ziddir. Jurnalist və KİV qurumu bundan çəkinməli, ictimaiyyətin həqiqəti bilməsi üçün çalışmalıdır.

Belə mənfi meyillər, Azərbaycan və Fransa xalqları arasında münasibətlərə də ciddi zərər gətirir, Azərbaycan ictimaiyyətində Fransa haqqında mənfi rəyin yaranmasını sürətləndirir.

Öz sıralarında Azərbaycanın məşhur media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası “Le Fiqaro” qəzetini və “Euronews”un Fransa xidmətini Qarabağ həqiqətlərinə həssas yanaşmağa çağırır, beynəlxalq hüququn norma və prinsiplərinə, Fransa dövlətinin də tanıdığı müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmağa dəvət edir. 

Şura hesab edir ki, bu media orqanları, ümumən, Fransa mediası Cənubi Qafqazda yenidən siyasi avantüra planlarını reallaşdırmaq istəyənlərə tribuna verməməli, reallığı görməli, ədalət prinsiplərinə əsaslanmalıdırlar. Yalnız bu yolla bölgədə davamlı sülhün yaradılmasına, Azərbaycan və erməni xalqlarının birgə təmsil olunduqları coğrafiyada inkişafa və tərərqqiyə, insan hüquq və azadlıqlarının qorunmasına töhfə vermək mümkündür. 
İnanmaq istərdik ki, müraciətimiz səmimi qəbul ediləcək, müvafiq nəticə çıxarılacaq, vurğuladığımız məqamlar kifayət qədər həssas daxili təbiətə malik Cənubi Qafqaz bölgəsinə ədalətli yanaşmanı təmin etmək meyarı kimi, “Le Fiqaro” qəzeti və “Euronews”un Fransa xidməti də daxil olmaqla, bütövlükdə Fransa və Avropa mediasının gələcək fəaliyyətində nəzərə alınacaq" - müraciətdə qeyd edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO