2022-ci il neft sənayemiz üçün hansı yeniliklərlə yadda qaldı? - “Bizim Barel”in başına gələnlər 

2022-ci il neft sənayemiz üçün hansı yeniliklərlə yadda qaldı? - “Bizim Barel”in başına gələnlər 

Hazırda oxunan: 2022-ci il neft sənayemiz üçün hansı yeniliklərlə yadda qaldı? - “Bizim Barel”in başına gələnlər 

111389

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında 
İlin sonuna bir həftə qalır. Ona görə də onun enerji yekunlarına nəzər yetirməyin zamanıdır.

Dünyanın cari ildə nizamının bu səviyyədə pozulmasını istər siyasi səhnədə, istərsə də iqtisadiyyatda olsun, yəqin heç kəs gözləmirdi. Bu baxımdan da başa çatmaqda olan 2022-ci ilə nəzər saldıqda bir il öncə verilmiş proqnozların faktiki olaraq özünü doğrultmadığını müşahidə etdik. Maliyyə nöqteyi-nəzərindən, yola saldığımız il demək olar ki, dünyanın əksər ölkəri üçün çox çətin oldu: son 30-40 il ərzində yaşanmayan inflyasiya insanların qazanclarını hiss ediləcək dərəcədə aşağı saldı, investorlar itkilərə məruz qaldılar, qlobal fond bazarları isə təqribən 15% çökdü. 

Və bütün bunlara bais müharibə oldu. Haqqında danışılan, amma baş verməsinə az qala hamının şübhə ilə yanaşdığı Rusiya-Ukrayna müharibəsi.

Rusiyanın kollektiv Qərblə uzun illər apardığı siyasi mübarizə 2022-ci ildə gözlənilmədən özünün qaynar fazasına daxil oldu, artıq 300 gündən çox davam edən bu müharibə onilliklər boyu min bir əzabla yaradılan ticari əlaqələrin qısa müddətdə yenidən format edilməsinə gətirib çıxartdı, yeni əlaqələrin hansı yollarla əldə edilməsi isə zaman tələb edən məsələdir, bu aradakı dövr isə sözün həqiqi mənasında “əzablı yollar”dan keçə bilər. Axı ortada müharibə var, özü də bu müharibə aydındır ki, iki ölkə arasında getmir, onun ağrısını da, acısını da bütün dünya çəkir. Sadəcə kimi az, kimi də çox.  

Neft bazarları. Brent markalı neftin ötən ilki 71 dollar orta qiyməti ilə müqayisədə bu il qara qızılın dəyəri təqribən 44% baha oldu. Bunun özü kifayət qədər bahalı bir qiymətdir, əgər nəzərə alsaq ki, cəmi 2 il əvvəl neftin orta qiyməti 42 dollara belə çatmırdı.  

Gəlin il boyu neft qiymətlərinin dəyişməsinə nəzər salaq. 2022-ci il başlayarkən neft 80 dollar ətrafında ticarət edilirdi və indi də demək olar ki, həmin diapazondadır. Və maraqlısı budur ki, Ukraynada müharibə başlayanda qara qızılın qiymətində kəskin artım müşagidə olunmadı.
Bazarın təlaşı Rusiya iqtisadiyyatına sanksiyalar və bunun enerji daşıyıcılarına da həvalə edilməsi xəbərləri gündəmə gələndə başladı. Martın 7-də Brent markalı neft London birjasında 139 dollardan baha qiymətə satıldı. Dünya bazarı 2008-ci ildən bəri belə qiymətlə üzləşməmişdi. Sonrakı aylarda qlobal bazar müharibəyə alışdıqca, neft ticarətində risklər nisbətən azaldıqca qiymətlər də ona mütənasib azaldı və hazırda müharibədən əvvəlki ab-havadadır.  

Bizim neft. Azərbaycanın neftinə gəldikdə isə... rəsmi statiskanın açıqladığı rəqəmlərdən çıxış etsək, bu il hasilatın 32,5 milyon tona qədər azalmasını proqnoz edə bilərik. Bu isə ötən illə müqayisədə əmtəəlik neft və kondensat həcmlərinin 5,8% və ya təqribən 2 milyon ton azalması deməkdir. Azərbaycanda hasilatın cari ildə yüksək templə azalması isə onun aktivində olan əsas neft bloku – “Azəri-Çıraq-Günəşli” yataqlarında üst laylarında ehtiyatların çıxarılması, daha dərin qatlardakı laylarının neft vermə qabiliyyətinin aşağı olması ilə əlaqələndirilir. Yəni məsələnin mahiyyəti neft hasilatının geoloji baxımdan daha mürəkkəb şəraitə keçidinə bağlıdır.

Bu baxımdan AÇG-dən cari ildə neft hasilatının 2,5 milyon tondan çox azalması heç də təəccüblü deyil. Ölkə üzrə maye karbohidrogen həcmlərinin 2 milyon ton azalması fonunda təkcə AÇG-də hasilatın 2,5 milyon azalması isə o deməkdir ki, bp-nin operatorluğu altında hasil edilən Şahdəniz yatağından kondensat hasilatında kifahyət qədər artmım var. Bu, təkcə Şahdənizə aid deyil, həmçinin digər qaz-kondensat yataqlarında da hasilatın artmasının əlamətidir. 

Neft gəlirlərimiz. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlardan çıxış etsək, bu il Azərbaycanın təkcə xam neft gəlirlərinin 19,5 milyar dollara qədər artımını proqnoz edə bilərik.

Ötən il isə bu göstərici 13,2 milyard dollar olmuşdu, yəni 48%-lik bir artım. Özü də hasilatın təqribən 15 milyon barel azalması fonunda gəlirlərin bu qədər artımı neftin ölkə iqtisadiyyatındakı rolunun hələ  kifayət qədər olduğu göstərir.  

Elə Dövlət Neft Fonduna neftdən gələn gəlirlərə nəzər saldıqda bunu daha əyani müşahidə etmək olar. Belə ki, təkcə cari ilin 11 ayının yekunlarına görə, “Azəri-Çıraq-Günəşli” yataqlarındakı mənfəət neftinin satışından 9 milyard 161 milyon dollar gəlir əldə edilib. Yəni bu il AÇG-dən dövlətimizin mənfəəti 10 milyard dollara qədər yüksələ bilər. Bu isə ötən il əldə etdiyimiz gəlirdən təqribən 67% çox bir göstəricidir.  

Qaz statistikamız. 2021-ci ildə Azərbaycan 32,57 milyard kubmetr əmtəəlik qaz hasil etməyə nail olmuşdu. Cari ildə isə bu həcmləri 34,5 milyard kubmetrə qədər artıra biləcək.

Azərbaycanda qaz hasilatı davamlı olaraq 2018-ci ildən yüksək templərlə artır. Bu da “Şahdəniz-2” layihəsi üzrə qaz hasilatına başlanması və onun ixracının həyata keçirilməsi ilə əlaqədar idi. Təsəvvür edin ki, 2018-ci ildə Azərbaycanda 19,2 milyard kubmetr qaz hasil edilmişdi və 4 il sonra hasilatı təqribən 80%- artıra bilib. Və bu da son deyil. Çünki yaxın 5-6 ildə yeni yeni yataqlar istismara veriləcək və əmtəəlik qaz hasilatını 2030-cu ilədək 45 milyard kubmetrə qədər artırmaq üçün imkanlar var. Əgər hasilat çartırsa, demək onun ixracı da artmalıdır.  

Qeyd edim ki, Azərbaycan qaz ixracatçısı ölkəsinə 2007-ci ildə çevrilib. 2021-ci ildə artıq ölkəmizin ixrac həcmləri 19 milyard kubmetrə çatıb. Bu həcmlərin 8,2 milyard kubmetri isə Avropa bazarının payına düşüb. 2022-ci ildə ixracın 22 milyard kubmetrə qədər artacağı planlaşdırılır ki, bunun da 11,3 milyard kubmetr həcmi Avropada satılması ehtimal edilir. Orta perspektivdə isə Azərbaycan 30 milyard kubmetrə qədər qaz həcmlərini xarici bazarda satmağı planlaşdırır. 

Gerçəkləşməyən planlar. Amma cari ildə neft sənayemizdə planlaşdırdığımız, amma gerçəkləşdirə bilmədiyimiz məqamlar da olub. Söhbət Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihəsindən gedir. Bu ilin ortasında məlum oldu ki, əvvəllər aprel ayına planlaşdırılan, daha sonra yaya qədər təxirə salınan Avro-5 standartında dizel yanacağını istehsal etmək mümkün olmayacaq.

Bunlar zavodun modernləşdirilməsi zamanı ortaya çıxan texnoloji proseslərin tənzimlənməsi prosesləri ilə əlaqələndirildi, amma indiyə qədər anons edilməyib ki, öz istehsalımız olan keyfiyyətli yanacağı yerli istehlakçı nə zaman əldə edə bilər. Hələ zavodun tam modermnləşdirilmə qrafiki də dəyişdirildi və bu proses 2027-ci ilə qədər davam edəcək ki, layihədə nəzərdə tutulduğu kimi orada ildə 7 milyon tondan çox xammal emal etmək mümkün olsun. Bakının tıxaclı yollarında isə müasir ekoloji standartlara cavab verən yanacağın olmasına çox ehtiyac var, bəlkə də bu, ümummilli bir layihə olmalıydı vaxtında ki, onun nəticəsini ölkə vətəndaşları bu qədər gözləməyəydilər. 

Qaz layihələri. İlin qazla bağlı əsas hadisəsi qızmar yay günündə baş verdi – 18 iyulda Bakıya səfər edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Azərbaycan prezidenti İlham Əliyevlə “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu” imzaladı. Bu sənədin mahiyyəti Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya çatdırılmasını nəzərdə tutur və əldə edilən razılaşma nəticəsində Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəkləyərək Azərbaycandan qaz tədarükünü ikiqat artırmağa sadiq olduğunu bəyan etdi. Və bütün bu işləri 2027-ci ilə qədər reallaşdırmaq haqda ictimaiyyət məlumatlandırıldı.  

Avropa hökumətinin başçısı bununla bağlı belə bir açıqlama vermişdi:

“Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir. Azərbaycan Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyi və iqlimə uyğun transformasiyada çox mühüm tərəfdaş olacaq”. 

Bəli, Azərbaycanın etibarlı tərəfdaş olduğunu Avropada artıq çoxları hiss edir. Elə ilin sonuna doğru, dekabrın 16-da SOCAR ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında 2023-cü ildən etibarən Azərbaycan qazının tədarükünə dair müqavilə imzalanması bunun bariz sübutudur.

SOCAR-ın yaydığı məlumatında bildirilir ki, müqavilə çərçivəsində gələn il yanvarın 1-dən etibarən təbii qaz Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsilə alıcıya çatdırılacaq.

Rumıniya mətbuatının verdiyi xəbərə görə isə, 2023-cü ilin birinci rübündə Azərbaycandan 300 milyon kubmetrədək qaz idxalı planlaşdırılır. Beləliklə, Rumıniya Avropa bazarında Azərbaycan qazını alacaq 4-cü ölkə olacaq.  

Bizim qazı almaq istəyənlər sırasında isə 10-dan artıq ölkə var artıq. Bütün bunlar Azərbaycana olan inamın göstəricisidir. Bu inam isə sözdə deyil, əməldə həyata keçirilən işlər nəticəsində qazanılır.  

Qaz mövzusu cari ilin sonuncu ayında Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin ilk zirvə toplantısında da danışıqların qarşılıqlı maraq kəsb edən hissəsinə çevrilib. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, türkmən qazının Avropaya tədarükünün zamanı yetişib. Və onun marşrutunu da göstərib: Azərbaycan üzərindən. Daha sonra vurğulayıb ki, bir ay müddətində bunun mexanizmini hazırlamaq üçün hər üç ölkənin energetika nazirləri birgə iş aparmalıdırlar. Daha sonra bu məsələ Azərbaycanın dövlət başçısı ilə məsləhətləşməli və Türkmənistan prezidentinin Ankaraya səfəri zamanı məsələ həllini tapmalıdır.  

Yaşıl enerji. Prezident İlham Əliyevin dekabrın 17-də Rumıniyaya səfəri zamanı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Bu saziş mahiyyətcə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığında yeni səhifə açır və Cənubi Qafqazı Avropa ilə birləşdirən “yaşıl dəhliz”in əsasını qoyur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa yeni texnoloji həll əsasında Qara dənizin dibi ilə Gürcüstan sahilindən Rumıniyaya qədər uzanacaq 1195 km-lik sualtı elektrik magistral xətti ilə ötürücülük qabiliyyəti 1000 meqavat olan enerjinin nəqlini planlaşdırır. Özü də sadəcə elektrik deyil, yaşıl enerjinin. Yəni bərpa olunan və alternativ enrji mənbələrindən alınan işığın.           

Həmin mərasimdə “Ölkəmiz Avropaya elektrik enerjisinin, əsasən yaşıl enerjinin mühüm tədarükçüsü olamğa hazırlaşır”, - deyə İlham Əliyev bildirib və əlavə edib ki, Azərbaycanın bərpaolunan enerji potensialı, külək və günəş enerjisinin həcmi 27 min MVT-dan çoxdur.  
Azərbaycan prezidentinin dedikləri isə real faktlara söykənir. Belə ki, cari il yanvarın 13-də Səudiyyə Ərəbistanının Acwa Power şirkətinin inşa edəcəyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli ilə Azərbaycanın yaşıl enerji sisteminin generasiya tarixində yeni səhifənin başlanğıcı qoyuldu.  Martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisinə start verdi. Bu layihələrin icrası nəticəsində ildə 1 mlrd. kVt·saatdan çox elektrik enerjisinin istehsalına nail olunacaq.  

Hazırda ölkəmizin elektroenergetika sistemində ümumi gücü 63,6 MVt gücündə 5 külək elektrik stansiyası fəaliyyət göstərir. İşğaldan azad edilən ərazilərdə isə təqribən 2 min MVt texniki potensial müəyyən edilib. 

Bir sözlə yola saldığımız ili enerji baxımından uğurlu bir il hesab etmək olar, çünki Azərbaycan Qərb bazarlarına qaz ixracının iki dəfə artırılmasına dair Avropa İttifaqının razılığını ala bilib, Avropada qaz ixracı coğrafiyasının 2023-cü ildən genişləndirilməsinə dair kommersiya sazişi imzalayıb və nəhayət, uzunmüddətli dövrü hədəfləyən Avropaya yaşıl enerjinin ixracına dair ilk meqa layihənin iştirakçısına çevrilib. Qarşıda isə onların uğurla həyata keçirilməsi üçün məsuliyyətli bir dövr gəlir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO