Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” sığınacağında ölümə tərk edilən “Totu” ləqəbli uşağın dəhşətli görüntüləri barədə xəbər dərc etmişdik.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial hesabında “Sevgi evi” uşaq sığınacağında baş verənlərlə bağlı narahatlığını bildirərək, körpənin xilası üçün dövlət qurumlarına çağırış etmişdi.
O, sığınacaqda yaşayan “Totu”nun (əsl adı Aysun) 2 il ərzində döyülərək nə hala düşdüyünü, sığınacaq sahibi Könül Qasımovanın isə uşaqlarla davranışı və hərəkəti barədə ona çoxsaylı müraciətlərin olduğunu qeyd etmişdi.
MÖVZU İLƏ BAĞLI:
Körpələrə işgəncə verilən "Sevgi evi" sığınacağında daha bir uşaq ÖLÜMƏ tərk edilir – TÜKÜRPƏDİCİ VİDEO
Körpənin tükürpədici görüntüləri və gələcək taleyi ictimaiyyətdə də səs-küy yaradıb. Hər kəs “Totu” nun dərhal müayinə və müalicə olunaraq dövlətə verilməsini tələb edib. Sığınacaq sahibi Könül Qasımovanın və onunla birgə qalan körpənin anasının ünvanına isə sərt tənqidlər gəlib.
Məsələ ilə bağlı qınaq obyektinə çevrilən Könül Qasımova “İnsagram” hesabında açıqlama verib.
Uşağın sığınacaqda işgəncə görməsi ilə bağlı iddialarla razılaşmayan Könül Qasımova körpənin döyülməsi barədə paylaşım edən Kəmalə Ağazadəni qanun qarşısında cavab verəcəyi ilə hədələyib:
“Bu yaxınlarda mətbuat konfransı keçirəcəyik və bütün mətbuata bu barədə açıqlama veriləcək. Vəkilim Loğman Abdullayevlə birgə bütün orqanlara müraciət edəcəyik. İnsanlıqda adı olmayan məxluqlar yenə paylaşım ediblər.
Mən o paylaşıma özüm cavab vermədim. Çünki ona uyğun adam deyiləm və heç kimin səviyyəsinə enmirəm. Sən Kəmalə, mənim adımı çəkməyə layiq deyilsən. O, şər-böhtanlarla bağlı, əlavə olaraq isə şərəf və ləqayətimin alçalmasına görə qanun qarşısında cavab verəcək.
Bu şərlənmələr dəfələlərlə davam edib. Amma sübutu olmayıb. Kəmalə xanım uşağın döyülməsi, sığınacaq və mənim haqqımdakı ittihamları sübut etməsə, mən ondan əl çəkməyəcəyəm. Uşağın anası yanımdadır və baş verənlərin şahididir.
O, da hər yerə müraciət edib. Uşağa heç nə olmayıb. Biz TƏBİB-lə mütəmadi əlaqədəyik. Körpə TƏBİB-in nəzdində olan Uşaq Nervpotologiya Xəstəxanasının reanimasiya şöbəsində yatıb. Əlimizdə müayinə kağızları var.
Həmin xəstəxananın qeydiyyatındadır. Ayrıca, mən Zülfü Qasımovanın qızıyam və öz ailəmlə fəxr edirəm. Məni heç kim yıxa bilməz”, - deyə Könül Qasımova vurğulayıb.
Haqqında bəhs olunan körpənin anası isə baş verənlərlə bağlı “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Baxşəliyevanı və Kəmalə Ağazadəni ittiham edib. Hətta onların ünvanına sərt tənqidlər və təhqirlər səsləndirib.
Bizim.Media-ya bu barədə danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə dövlətin qanunları qarşısında hər kəsin məsuliyyəti olduğunu, sözügedən uşaqla bağlı qanunsuz nəsə edibsə, cavab verməyə hazır olduğunu bildirib.
Məsələ ilə bağlı dövlət qurumlarından hələki reaksiya yoxdur.
Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı.
İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.
Qeyd edək ki, “Sevgi evi” Uşaq sığınacağında baş verənlərlə bağlı istintaq yekunlaşıb və iş materialları məhkəməyə göndərilib. Amma 7 aydır qapadılması barədə qərar verilsə də, sığınacaq fəaliyyətdədir.
Alçina Amilqızı, Bizim.Media