Revmatizmin yaratdığı həyati TƏHLÜKƏ – Həkimdən XƏBƏRDARLIQ

Revmatizmin yaratdığı həyati TƏHLÜKƏ – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Revmatizmin yaratdığı həyati TƏHLÜKƏ – Həkimdən XƏBƏRDARLIQ

109361

“Revmatizmin törədicisi A tipli β-hemolitik streptokokkdur. Mikroorqanizm angina, faringit, kəskin respirator infeksiyalar, qızıl yel, skarlatina və s. kimi xəstəliklərə səbəb olur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova sözgüdən xəstəlik haqqında məlumat verərkən bildirib. Onun sözlərinə görə, revmatizmin klinikası bu xəstəliklərin kəskinləşməsindən 1-2 həftə sonra başlayır.

“Xəstəliyin klinik mənzərəsi mərhələsindən, formasından, prosesin kəskinliyindən, orqan və sistemlərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlifdir. Tədricən oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu, ürək-damar (miokardit, endokardit) və başqa orqan sistemlərinin zədələnməsi ilə özünü büruzə verir. Xəstəliyə əsasən uşaq və yeniyetmə yaşlarında (7-15 yaş) rast gəlinir. Birincili revmatizm yaşlı və qocalarda nadir hallarda rast gəlinir.

Qadınlar kişilərə nisbətən 2.5-3 dəfə çox xəstələnirlər. Müalicəyə xəstəliyin erkən vaxtında, aktiv fazasında başlanılması daha məqsədəuyğundur. Çünki bu mərhələdə birləşdirici toxumada, ürəkdə və başqa orqanlarda gedən dəyişikliklər geriyə dönən olur”.

Həkim Günay İsmayılova həmçinin revmatizm xəstəliyinin vaxtında qarşısı alınmadıqda, digər xəstəliklərə səbəb olduğunu vurğulayıb:

“Revmatizmin bir neçə klinik forması var: poliartrit (oynaqların zədələnməsi), revmokardit (ürəyin zədələnməsi), annulyar eritema (dəridə halqavari səpkilər), revmatik xoreya, ağır nevroloji simptomlar (əllərin titrəməsi, əzələ zəifliyi, qeyri-iradi hərəkətlər), dərialtı düyünlər (oynaqlarda dəri altında bərk düyünlər) və s.

Əksər hallarda revmatizm ilkin olaraq oynaqların zədələnməsinə səbəb olur. Bu əsasən diz, topuq, dirsək, çiyin, az hallarda mil-bilək oynaqlarında inkişaf edir. Zədələnmiş oynaqlarda ağrı, şişkinlik, dəri örtüyünün qızarması müşahidə olunur. İkinci olaraq ürəyin revmatik mənşəli zədələnməsidir.

Bu zaman prosesə ürəyin hər 3 qatı cəlb oluna bilir. Bu özünü döş sümüyü arxası ağrı, təngnəfəslik, ürək döyüntüsünün tezləşməsi, ritm pozulmaları, qapaq çatışmazlığı əlamətləri ilə göstərir. Bundan başqa, ağciyərlərin, böyrəklərin, mərkəzi sinir sisteminin revmatizm mənşəli zədələnmələri də inkişaf edə bilər”, - deyən G.İsmayılova bu halda dərhal həkimə müraciətin vacibliyini vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO