Rusiyaya neft sanksiyası, rekord səviyyədə ucuzlaşan QİYMƏTLƏR - “Bizim Barel”in başına gələnlər 

Rusiyaya neft sanksiyası, rekord səviyyədə ucuzlaşan QİYMƏTLƏR - “Bizim Barel”in başına gələnlər 

Hazırda oxunan: Rusiyaya neft sanksiyası, rekord səviyyədə ucuzlaşan QİYMƏTLƏR - “Bizim Barel”in başına gələnlər 

108891

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında 
Yola saldığımız həftə təlatümlü məlumatlarla açıldı. Söhbət Rusiya neftinə tətbiq edilən qiymət həddinin qüvvəyə minməsindən gedir.  

Rusiya neftinə qiymət sanksiyası. Və bu qiymət həddinə artıq  nə az, nə çox düz 32 ölkə qoşulduğunu elan edib. Necə deyərlər qiymət həddi koalisiyası yarandı ki, bunlara da Avropa İttifaqı ölkələrindən əlavə  həm G7 ölkələri - ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, həm də Avstraliya qoşuldu.  
Qiymət həddinin qısaca açması ondan ibarətdir ki, neftin ticarəti zamanı tankerlərlə daşınan Rusiya mənşəli xam neftin alqı-satqı qiyməti bir barel üçün 60 dollardan baha olmamalıdır.  

Rusiya hökumətində yanacaq-enerji kompleksinə cavabdeh olan baş nazirin müavini Aleksandr Novak isə bildirib ki, Moskva Rusiya neftinə qiymət həddi  tətbiqinə qarşı tezliklə addımlar atacaq. Amma həftə içi məlum oldu ki, bu addımları atmağa hələ heç də tələsmirlər.  

Bazarın münasibəti. Əslində bazarda nə baş verdi? Bazar iştirakçıları hələ sentyabr ayından Rusiya neftinin qiymətlərinə məhdudiyyət tətbiq ediləcəyindən xəbərdar idilər. Artıq oktyabrda bu tədbir Aİ-nin Rusiya əleyhinə sanksiyalarının səkkizinci paketinə daxil edilmişdi və zamanı da bəlli idi: xam neftin qiymətinə məhdudiyyət dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən qüvvəyə minəcək. 

Yəni bazar iştirakçıları üçün bu bazar ertəsi hansısa gözlənilməz halla üzləşmək məsələsi yox idi. Və hadisəni emosiyadan uzaq bir gerçəklik kimi qəbul etdilər. Bu baxımdan da hərraclarda neft qiymətlərinin Rusiya tərəfinin əvvəllər iddia etdiyi kimi nəinki sıcrayışlı, heç artımı da qeydə alınmadı. Əvəzində azalmanın yeni minimumu ilə üzləşdik. Dekabrın 8-də Brent markalı neft partiyasının minimal qiyməti 75 dollar 77 sentə qədər ucuzlaşdı. Bu qiymətə neft sonuncu dəfə 2021-ci ilin 27 dekabr tarixində satılmışdı. Rusiya neftinin yuxarı həddi barədə razılıq əldə edilən zaman (2 dekabrda) isə “qara qızıl” 86 dollar ətrafında ticarət edilirdi.  

Həqiqətən, dünya neft bazarının tənzimlənməsində az müddətdə çox maraqlı iki fərqli vəziyyəti müşahidə edə bildik. Əvvəla, 2016-cı ilin dekabrında bazarda qiymətlərin aşağı qiymətində 23 ölkə bir araya gəlib neft ixrac edən ölkələrin sıralarını daha da genişləndirərək OPEC+ müstəvisində birləşdilər və onun ədalətli qiymət həddinə çatdırılması üçün ortaq mövqe qoydular. Üstündən düz 6 il ötəndən sonra artıq 32 ölkə birləşib Rusiya-Ukrayna müharibəsinin təsirləri nəticəsində “çızından xeyli çıxmış” neft qiymətlərini yenidən ədalətli məcrasına yönəltmək qərarı verdilər. Amma bu dəfə onu ucuzlaşdırmaq üçün. 

Ən maraqlısı isə bubur ki, enerji bazarları üzrə ixtisaslaşan beynəlxalq “Argus” agentliyi dünən Rusiyanın “Urals” markalı neftinin Asiya bazarlarında bir barel üçün 43,72 dollara qədər ucuzlaşdığını açıqladı, bu isə Rusiya neftinə tətbiq edilən qiymətin yüksək həddindən 27% ucuzdur.  

Bu, qlobal bazar münasibətlərində qiymətlərin tənzimlənməsinə müdaxilənin yeni bir formasıdır. Hələlik, bir başlanğıcdır, görək sonu necə olacaq?  

Qaz qiymətləri və iqlim. Bu həftə mavi yanacağın qiyməti Avropa bazarlarında xeyli artımla müşahidə edildi, 1500-1700 diapazonunda satıldı. Bunun baiskarı isə iqlimdir. Şimal yarımkürəsində (o cümlədən Avropada) havalar iqlim normalarından məkanlara görə daha soyuq keçir. Elə Azərbaycanın timsalında da bunu hiss edirik. Ona görə də qaza olan maraq hər yerdə kifayət qədərdir. Hətta Xəzərin o tayında belə.  

Dekabrın 8-də məlum oldu ki, ildə 60 milyard kubmetr qaz hasil edən Özbəkistan kimi bir ölkə Çinə ixracını tam dayandırıb. Niyə Özbəkistandan başladım.  

Özbəkistan və Qazaxıstan “qaz ittifaqına” qarşı. Çünki bu ölkənin energetika naziri, eyni zamanda baş nazirin müavini statusunda olan Jurabek Mirzəmahmudov Moskvanın təklif etdiyi qaz ittifaqı məsələsinə münasibət bildirərkən bəyan etdi ki, onun ölkəsi heç zaman qaz müqabilində siyasi şərtlərlə hansısa ittifaqda təmsil olmağa razılaşmayacaq və Rusiya ilə qaz nəqlinə dair müqavilənin bağlanacağı təqdirdə, bu qaz müttəfiqliyi deyil, sadəcə texniki-iqtisadi əməkdaşlıq kimi qiymətləndirilə bilər. 

Məsələdən hali olmayanlara xatırladım ki, noyabrın 28-də Moskvaya rəsmi səfərə gəlmiş Qazaxıstan prezidenti Qasım Jomart Tokayevlə görüşdə həmkarı Vladimir Putin “Rusiya, Qazaxıstan və Özbəkistanın qaz ittifaqında birləşməsi və mövcud infrastrukturlardan istifadə edərək birgə maraqlar çərçivəsində bundan yararlanmağı” təklif etmişdi. Amma məsələ o qədər dumanlı olaraq qalır ki, onun daha çox kimin maraqlarına cavab verməsi heç də aydın deyil.  
Yəqin elə buna görədir ki, dekabrın 7-də Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko açıqlayıb ki, Astana beynəlxalq problemlərin həlli metodu kimi sanksiyaları dəstəkləməsə də, amma respublika məhdudiyyətlər rejiminə əməl edir. 

“Rusiya Federasiyası ilə qaz ittifaqı haqqında sazişin məzmununu müzakirə etmək hələ tezdir, çünki hələlik bu, bir növ ideyadır. Amma Qazaxıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, rəsmi Astana sanksiyalardan yan keçmək üçün öz ərazisindən istifadə olunmasına imkan vermir”, deyə Qazaxıstan rəsmisi bildirib. 

Və o, daha maraqlı bir məsələni ictimailəşdirib: Qazaxıstanda anti-Rusiya sanksiyaları fonunda mümkün riskləri öyrənmək üçün artıq hökumət komissiyası yaradılıb.   

Bütün bunların açması o deməkdir ki, Rusiyanın qaz ixracında Qərbdən Şərqə 180 dərəcə dönüşü zamanı Mərkəzi Asiyanın bu iki dövlətinin infrastrukturundan istifadə etməsi məsələsi heç də asan deyil. Çünki bu ölkələr nəqletmədən əldə edəcəkləri qazancın sanksiyalardan doğan risklər nəticəsində itiriləcək qiymətini də hesablamağa başlayıblar.  

Türkiyə və qaz siyasəti. Qaz, qazanc və siyasət məsələlərini özündə cəmləşdirən maraq doğuran başqa bir xəbər isə Asiya və Avropanın birləşdiyi məkana yönəlir. Belə ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bəyan edib ki, qarşıdan gələn ilin fevralında İstanbulda Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsini müzakirə etmək üçün beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. 

Nazirin sözlərinə görə, bu konfransda qaz qovşağı layihəsinin potensial təchizatçılarla müzakirəsi aparılacaq. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə bir müddət əvvəl açıqlamışdı ki, onun ölkəsi təkcə qaz tranziti ölkəsi deyil, həm də qiymət bazarının formalaşdığı ölkəyə çevrilə bilər. Xatırladım ki, Türkiyə qaz qovşağı ideyasının müəllifi də Rusiya prezidenti Vladimir Putin olub.  
Azərbaycanın narahatlığı. İndi görürsünüzmü, Kremlin bu qaz ideyalarının bir başı Çin istiqamətinə getsə də, o biri sonluğu gəlib dirənir Türkiyəyə, o yerə ki, bizim qaz da buradan Avropaya axır və axınının genişləndirilməsi məsələsi gündəmdədir. Yəni istər Xəzərin o tayındakı qaz olsun, istərsə də Qara dənizdən gələn qaz, burada bizim də maraqlar da var axı... Rəsmi Bakının artıq ictimailəşdirdiyi məlumatdan aydın olur ki, Azərbaycan qazının Avropaya əlavə həcmlərini çıxartmaq üçün Türkiyə ilə tranzit razılaşması indiyə qədər əldə edilməyib. Azərbaycan prezidenti İlham Əliyev danışıqlarln gözlədiyimizdən daha çox vaxt aparmasından narahatlığını ifadə edib, “Ümid edirik ki, biz bu razılığa gələcəyik”, fikrini səsləndirsə də, eyni zamanda müəyyən səbəblər üzündən bu razılığa nail olunmasa, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı Azərbaycanın planlarının təhlükə altına düşəcəyini də deməyi unutmayıb. 

Necə deyərlər artıq yavaş yavaş müxtəlif maraqların olduğu ortaya çıxır. Özü də təkcə Azərbaycan və Türkiyəyə bağlı məsələ deyil ki, iki qardaş ölkə oturub bunu qısa zamanda həll etsin.  

Qazın arxasında gizlənən maraqlar. Fikrimcə, dünyada Rusiya-Ukrayna müharibəsinin təsirlərindən yaranmış enerji böhranının çözələnməsində mavi yanacağın bu qədər əhəmiyyətə yüksəlməsi ilə Qərb -Türkiyə münasibətləri də yeni müstəviyə keçid edir. Və rəsmi Ankara yaranmış vəziyyətdən özünün milli maraqları naminə kifayət qədər yararlanmaq istəyini heç də gizlətmir. Rusiya amilindən istifadə edilməsi isə, yəni qaz mərkəzi məsələsini nəzərdə tuturam, Türkiyənin hərbi-siyasi nüfuzunun da dünyanın söz sahibləri arasında mərkəzi mövqeyə transferinə hesablanıb və bunun gücü də hazırda enerjiyə bağlıdır. Ankaradan asta-asta verilən mesaj budur: Avropanın Rusiya qazına alternativ təhcizatını optimal yolu Türkiyədən keçir.

Hələlik biz Türkiyənin Qərblə konkret hansı məsələlər üzərində razılaşmaq istədiyini ancaq təxmin edə bilərik. Amma görünən budur ki, Türkiyə istəyinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Məsələn, Boğazlarda birdən birə tanker tıxaclarının yaranması. Məsələ o yerə çatdı ki, sanksiyaların icrasına nəzarət edən ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo vəziyyətə müdaxilə edəsi oldu. Çərşənbə axşamı o, türkiyəli həmkarı Sedat Önala zəng edərək, yuxarı hədd qiyməti rejiminin yalnız Rusiya neftinə şamil edildiyini və Türkiyənin ərazi sularından keçən gəmilərin əlavə yoxlamasına ehtiyac olmadığını vurğulayıb. 

Türkiyə isə diplomatiyada kommersiyada olduğu kimi çoxşahəli addımlar atmağın gətirəcəyi dividentləri gözəl proqnozlaşdırır. Bloomberg agentliyinin öz qaynaqlarına istinadən verdiyi məlumata görə, dekabrın 9-da “Gazprom”un nümayəndə heyəti Ankarada Türkiyə ilə 2023-cü il üçün qazın alqı-satqısına dair yeni həcmləri müəyyənləşdirməlidir.
Və qeyd edilir ki, əgər bundan əvvəl Türkiyə tərəfi Rusiyadan aldığı qazın 25%-nin rublla ödənilməsi haqda razılığa gəlmişdisə, indi isə alacağı qaz qiymətlərinə görə 25% endirim tələbi ortaya qoyub.  

Mənim diqqətimi çəkən bir məsələ də... Xəzərin o tayında gələn həftə Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin zirvə toplantısından öncə ölkələrin energetika və nəqliyyat nazirlərinin xüsusi toplantısıdır. Burada isə “Dostluq” yatağı üzrə 2021-ci ilin yanvarında Azərbaycanla Türkiyə arasında imzalanmış hökumətlərarası memorandumun SAZİŞƏ çevrilməsi haqda danışılır. Axı o yataqdan neftdən əlavə qaz da çıxarılması var planda. Təbii ki, türkmən tərəfin payına düşən qaz artıq Avropaya onun öz adı ilə ayaq aça bilər. Bir anlıq təsəvvür edin bunun həcmini yox, Qərbdə doğuracağı siyasi-psixoloji təsirlərini. “30 ilə yaxın idi ki, Xəzərin o tayından qaz arzusundaydınız, amma alınmırdı, indi buyurun alın, gətirdik o qazı” deyiminin enerjisinə... 

Görünür bu məsələnin nəyə hesablandığını Kremldə də təxmin edirlər və o baxımdan da Mərkəzi Asiyada yaratmaq istədikləri qaz ittifaqına bilərəkdən Türkmənistanın da adını salmayıblar. Axı belə baxanda Rusiya da bu işə öz töhfəsini verdiyini rəsmi Ankara vasitəsi ilə Qərbə çatdırar və 3 onillikdir ki, yoxdan yaratdığı “Xəzərin o tayından bu taya qaz keçməz” məsələsini qısa bir zamanda həll edər. Təbii ki, hər şey əvəz əvəzə bağlıdır, “çox sağol”la qlobal və regional problemlər həll olmur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO