Azərbaycanda son illər məişət tullantıları ilə bağlı yaşanan problemlərin həlli istiqamətində bir sıra addımlar atılıb. Ölkəmizdə məişət tullantılarının təkrar emalı məsələsi öz həllini ümumən tapıb. Amma bununla belə, məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsinə də ehtiyac var.
Bu məsələ hətta bir neçə dəfə Milli Məclisdə də qaldırılıb. Digər tərəfdən, son dövrlər məişət tullantıları məsələsi regionlarda da aktual xarakter almağa başlayıb.
Əvvələr rayon və kənd yerlərində zibillər əsasən yandırılır və ya basdırılırdısa, indi onu hara gəldi, necə gəldi tullayırlar. Bir sözlə, regionarda bu prosesə nəzarət çox aşağı səviyyədədir.
Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənovun fikrincə, məişət tullantıları məsələsində idarəetmənin təkmilləşdirilməsi üçün təkrar emal prosesini təşkil edəcək infrastruktur formalaşmalı və prosesə özəl sektor cəlb edilməlidir:
“Azərbaycanda məişət tullantılarının təkrar emalı ilə bağlı son dövrlər müəyyən işlər görülür və onun da nəticəsində bu istiqamətdə müəyyən töhfələr əldə edilib. Ancaq prosesin bütün ölkə üzrə tətbiqi imkanlarından hələlik zəif istifadə olunur. Xüsusən də nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilər sıfırdan qurulur. Planlama zamanı məişət tullantılarının təkrar emalı məsələsi özəl sektorla əməkdaşlıq çərçivəsində əsas diqqət mərkəzində olmalıdır. Kəndlərə və böyük şəhərlərə aid tullantıların vahid mərkəzə yönləndirilməsi məsələsi xüsusilə gündəmdə olmalıdır.
Burada əsas məsələ təkrar emal prosesini təşkil edəcək infrastrukturun formalaşdırılmasıdır. Eyni zamanda, məişət tullantılarının toplanması prosesinin mərhələli şəkildə özəl sektora transformasiya edilməsidir.
Hazırda bu istiqamətdə dövlət iştirakçılığı üstünlük təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu funksiyalarla əsasən özəl sektor məşğul olur. Məhz özəl sektorun prosesdə iştirakı ilə sanitar problemlərin həlli yolunda daha yaxşı nəticə alınır. Burada müzkirə olunan məqamlardan biri də tariflər məsələsidir. Bu məsələdə ləngimə var. Özəl sektorun prosesdə maraqlı olması üçün tariflər cəlbedici olmalıdır. Azərbaycan hökuməti bu istiqamətlərdə təşəbbüslərini artırmalıdır”.
Rüfət Sultan, Bizim.Media