Gəncə-Daşkəsən Regional Məşğulluq filialı üzrə bu ilin 10 ayı ərzidə 5029 vətəndaş işlə təmin edilib.
Bu məlumatı Bizim.Media-nın yerli bürosuna müsahibəsində Gəncə–Daşkəsən Regional Məşğulluq filialının müdiri Emil Bədəlov verib. Onun sözlərinə görə, hazırda filialda 1169 vakant iş yeri var.
Bu boş iş yerləri ilə bağlı gündəlik müraciət edən şəxslər, o cümlədən mərkəzdə qeydiyyatda olan vətəndaşlar ixtisas və peşələrinə uyğun olaraq işlə təmin edilirlər:
“Məşğulluq filialının əməkdaşlıq etdiyi 25-ə yaxın idarə, müəssisə və təşkilatın mühasib və kadrlar üzrə nümayəndələri ilə işsizlərin işlə təmin edilməsinə dəstək göstərmək, eləcə də xüsusi ehtiyacı olan şəxslərin vakant yerlərə göndərilməsi üçün maarifləndirici dəyirmi masa tədbirləri keçirilir. Əsas məqsədimiz regionda fəaliyyət göstərən müəssisə və təşkilatlarda olan boş vakant yerlərin vaxtında müəyyən edilərək iş axtaranların diqqətinə çatdırılmasıdır”.
Filial müdiri əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri davam etdirilir.
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən qeyd olunan kateqoriyadan olan şəxslərə özünüməşğulluq proqramı, iş ilə təminat və digər məşğulluq tədbirləri üzrə dəstək göstərilir:
“Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə veteranları daim diqqət mərkəzindədir. Onlar üçün bütün iş saatlarında filialımızın rəhbərliyi tərəfindən, şəxsən öz tərəfimdən növbəsiz qəbul həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşların müraciəti dərhal nəzarətə götürülür və bütün imkanlar daxilində həlli istiqamətində əməli addımlar atılır. 44 günlük müharibədən sonra təkcə Gəncə-Daşkəsən Regional Məşğulluq filialı üzrə 590-a yaxın şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramına cəlb edilib, 161 şəxs isə münasib iş ilə təmin edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir”.
Gəncə-Daşkəsən Regional Məşğulluq filialınin rəhbərinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində peşə hazırlığı kursları regionda da uğurla davam etdirilir. Cari ilin ötən dövrü ərzində 357 nəfər Gəncə-Daşkəsən Regional Məşğulluq filialı üzrə peşə kurslarına cəlb olunublar.
“Peşə kursunu bitirən müdavimlərin iş ilə təmin olunmasına dəstək göstərilir. Belə ki, kurslarda tədris olunan peşələr üzrə yaranan vakansiyalar bu müdavimlərə təklif olunur və onların işlə təminatına yardımçı olunur” - deyə filial müdiri qeyd edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 18.11.2022
"Şəhid ailələri və veteranların işlə təminatı prioritetimizdir" - Emil Bədəlov
Hazırda oxunan: "Şəhid ailələri və veteranların işlə təminatı prioritetimizdir" - Emil Bədəlov
Hazırda oxunan: "Şəhid ailələri və veteranların işlə təminatı prioritetimizdir" - Emil Bədəlov
105095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.