Fərid Qayıbov: “Növbəti idman festivalını Qarabağda keçirməyi planlaşdırırıq”

Fərid Qayıbov: “Növbəti idman festivalını Qarabağda keçirməyi planlaşdırırıq”

Hazırda oxunan: Fərid Qayıbov: “Növbəti idman festivalını Qarabağda keçirməyi planlaşdırırıq”

104950

Bu gün Şəkidə Bəxtiyar Vahabzadə parkının qarşısında "İdman festivalı 2022"nin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, idmançılar və digər şəxslər iştirak ediblər.

İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, festivalın proqramına uyğun olaraq, idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçirilib.

Nazir Fərid Qayıbov Şəkidə keçirilən "İdman festivalı 2022"nin açılış mərasimində çıxış edib. Fərid Qayıbov jurnalistlərə açıqlamasında idmançıların daim dövlətin qayğısını hiss etdiyini diqqətə çatdırıb:

“Dünən idmançılarımızla görüşümüz olub. Axşam danışıb söhbət etdik. Onların fikirlərini öyrəndik. Hamı növbəti festivalların olmasını gözləyir. Əksəriyyəti də festivalın Qarabağda da keçirilməsini istəyir. Bizim işçi qrupu var. Bu haqda düşünəcəyik. Ola bilsin, növbəti ildə olmasa da, digərki illərdə bu kimi festivallardan Qarabağda keçirməyi planlayacağıq. Biz Ağalıda triatlon üzrə yarış təşkil etmişik. Orada bizim vətəndaşlarımız məskunlaşıb. Həqiqətən yaxşı idman tədbiri alındı. İstəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çox olsun”. 
Fərid Qayıbov qeyd edib ki, ölkə başçısının tapşırığı ilə idmanın kütləviliyi, idmançıların peşəkar səviyyəsinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir: 

“Bunlardan biri də bu gün Şəki şəhərində yeniyetmələr arasında gerçəkləşən idman festivalıdır. Burada 20-dən çox növdə əsasən olimpiya idman növləri üzrə idmançılar, atletlər və onların məşqçiləri toplaşıblar. Tədbir Şəki Olimpiya Kompleksində və şəhərdə baş tutur. Bu festival üçün ətraf rayonlardan da buraya gəliblər. İdmanı təbliğ edirik”.

Nazir gələcəkdə festivalın digər yaş qruplarını da əhatə edəcəyini əlavə edib:

“İdman sağlamlıqdır və təkcə gənclər üçün deyil, hamı üçündür. Və hamını əhatə edən müxtəlif layihələr, tədbirlər nəzərdə tutulur”.

Qeyd edək ki, idman festivalı Şəkidə ilk dəfədir ki keçirilir. Noyabrın 19-dək davam edəcək festivalda 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO