Bakının Sabunçu rayonu ərazisində fəaliyyətini dayandırmış uşaq bağçasının binası narkomanların məskəninə çevrilib. Ətrafda yaşayan sakinlər belə iddia edirlər. Çəkiiş zamanı məlum olub ki, bağçanın bütün otaqları istifadə olunmuş şprislərlə doludur.
Bizim.Media xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən bu binada acınacaqlı vəziyyət yaşanır.
Yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, bir neçə il əvvəl uşaq bağçası kimi fəaliyyət göstərən, hazırda isə baxımsız vəziyyətdə olan birmərtəbəli tikilidə narkomanlar məskən salıblar.
Sakinlər deyirlər ki, yararsız vəziyyətdə olan keçmiş bağçanın bir neçə metrliyində 230 saylı körpələr evi-uşaq bağçası olduğundan, övladlarını bağçaya aparmaqdan ehtiyat edirlər. Çünki həmin bağçaya aparan yol məhz köhnə bağçanın yanından keçir. İddialara görə, narkomanlar sakinlər üçün ciddi problem yaradırlar.
Sakinlər ərazidə nəzarətin gücləndirilməsini və yarasız vəziyyətdə olan bu binanın sökülməsini istəyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd olunan ərazi artıq Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tam nəzarətə götürülüb.
Ərazidə neqativ halların tam aradan qaldırlması üçün əlavə naryad qrupları təhkim olunub. Bu məqsədlə bütün zəruri tədbirlər görüləcək.
Mövzu ilə bağlı XƏZƏR TV-nin hazırladığı daha ətraflı videomaterialı təqdim edirik.
Bizim.Media