Noyabrın 15-dən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılacaq. Son illərin təcrübəsi göstərdi ki, mövsüm başlayanda “Azəriqaz” İB ilə “Azəristiliktəchizat” ASC arasında problemlər yaranır. İstifadə edilən qazın pulunun ödənişini gecikdirdiyinə görə “Azəriqaz” İB “Azəristiliktəhcizat” ASC-yə qarşı inzibati metodlar tətbiq edib. Bu il vəziyyət necədir?
Bizim.Media-ya “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev deyib ki, ötən illərdən fərqli olaraq bu il “Azəristiliktəchizat” ASC-yə qarşı heç bir narazılığımız yoxdur:
“İstifadə edilən qazın pulu vaxtlı-vaxtında ödənilir. Sabahdan bütün qazanxanalara mavi yanacağın verilişi ən yüksək səviyyədə təmin olunacaq”.
MÖVZU İLƏ BAĞLI:
Bakıda və bölgələrdə istilik mövsümü BAŞLAYIR
Bəs, “Azəristiliktəchizat” ASC istilik mövsümünə tam hazırdır?
Məsələ ilə bağlı “Azəristiliktəhcizat” ASC-nin sözçüsü Elvin Basqallı Bizim.Media-ya açıqlamasında istilik mövsümünə dair hazırlıq işlərinin tam yekunlaşdırıldığını bildirib:
“Cəmiyyət qışa tam hazırdır. Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi noyabrın 15-dən işə qoşulacaq. Qeyd edək ki, istilik mövsümü ərzində istehlakçılar istilik enerjisi ilə tam təmin olunacaqlar. Bakı şəhəri və respublikanın digər regionlarının balansında olan 564 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 180 minə yaxın mənzil, habelə, 2085 sosial və təsərrüfat hesablı obyektləri istiliklə təmin edilir”.
Elvin Basqallı onu da əlavə edib ki, “Azəristiliktəchizat” ASC ölkə ərazisində 2022-2023-cü illər üçün payız-qış mövsümündə 282 məktəbi və 157 uşaq bağçasını da istiliklə təmin edəcək. 73 yaşayış binasında 16 minə yaxın sakinə isti su xidməti göstəriləcək:
“Min kilometrdən artıq magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və mövsüm zamanı su itkisi yarana biləcək istilik xətlərinin yeni xətlərlə əvəz olunması işləri yekunlaşdırılıb”.
Surxay Atakişiyev, Bizim.Media