Elektromobillərə keçidi əngəlləyən səbəblər - İlham Şabanın ŞƏRHİ 

Elektromobillərə keçidi əngəlləyən səbəblər - İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Elektromobillərə keçidi əngəlləyən səbəblər - İlham Şabanın ŞƏRHİ 

103977

“Bizim Barel”in başına gələnlər

Yola saldığımız həftə qlobal bazarlarda baş verənlər diqqət baxımından neft və qazın qiymətinin artımı və ya azalması ilə yadda qalmadı. Çünki Ukraynada müharibə başlayandan məhz enerji qiymətləri amili üzərində fokuslaşan hadisələr indi müəyyən mənada “postmüharibə” dövrünün problemlərinə tuşlanmağa başlayır. Özü də təkcə dünya miqyasında yox, elə Azərbaycanda və Xəzər hövzəsində. Onların arasında isə diqqətimi çəkənlər bunlar oldu.

Avtomobillər üçün “Avro-7” standartı. Avropa Komissiyası 2035-ci ildən Avropa İttifaqı ərazisində daxili yanma mühərrikli avtomobillərin satışını qadağan edən sənədi artıq razılaşdırıb.

Hələ daha irəli gedərək bilirsiniz bu həftə nə qərarı verib?

Daxili yanma mühərrikli avtomobillər üçün Avro-7 ekoloji standartının tətbiq edilməsini. Özü də qeyd edib ki, bu yeni standart avtomobillərin bir qədər bahalaşmasına gətirib çıxaracaq, amma bizim üçün sağlamlıq və gedəcəyimiz hədəfə çatmağımız, yəni 2050-ci ilədək SIFIR karbon emissiyasına nail olmağımız hər şeydən üstündür.

Ona görə də daxili yanma mühərrikli avtomobili təhvil verib əvəzində elektrik avtomobili alan sürücülərə Avropada 4 mindən 12 min avroyadək hökumət tərəfindən bonus da verilir, parklama yerlərində daha ucuz tariflər və hətta yerli bələdiyyələrin ayrıca hədiyyələri də olur.

Bizim “yaşıllaşmaq” istəyimiz. Bizdə təbii ki, inkişaf etmiş ölkələrdəki maliyyə imkanları yoxdur. Cox insanlarda nədənsə elə təsəvvür formalaşıb ki, Azərbaycan dövlətinin əlində xeyli böyük kapital var və sadəcə, istəsə, çox şey Azərbaycanda həm havayı ola bilər, həm də insanlar işləmədən də bundan da yaxşı yaşayış əldə edərlər. Təbii ki, bu belə deyil. Axı məsələ heç də kapitala bağlı deyil. Pulun olması müsbət haldır, amma hər şey pulla həll olunsaydı, onda dərdimiz olmazdı ki. Aşağıda sadəcə bir-neçə misal çəkməklə fikrimi izah etməyə çalışacam.

Aydın olanı budur ki, Azərbaycanın 1,4 milyon ədəddən çox təkcə minik avtomobilləri parkını hökumət arzulasa belə, heç 2050-ci ilə qədər yeniləmək zorunda deyil.

Çünki çox da böyük kapital tələb etməyən ictimai nəqliyyatı belə nəinki Azərbaycanın şəhərlərində, heç onun paytaxtı Bakıda belə 2015-ci ildən bu yana tam sıxılmış qazla işləyən avtobuslara keçirə bilmədi.
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobillərin ölkəyə gətirilməsinin qarşısını alan ÜÇ SƏBƏB


Baxmayaraq ki, vaxtı ilə hədəf götürmüşdü ki, 2022-ci ilin martına Bakıda ictimai nəqliyyat tam CNG yanacaqla işləməlidir. 2025-ci ilə qədər isə kommersiya nəqliyyatı da CNG-yə keçid etməliydi. Əslində düzgün yanaşmaydı, çünki bu, təkcə dizellə işləyən avtobus və kommersiya avtomobillərinin havaya gündəlik olaraq minlərlə ton zəhərli maddə atmasının qarşısının alınmasına hesablanmırdı.

Həmçinin, bu nəqliyyat vasitələri üzrə daşımaların maya dəyərinin azalmasına tuşlanmışdı – çünki CNG 2 dəfə daha ucuz yanacaq hesab edilir. Niyə olmadı, təbii ki, bu suala daha dəqiq Bakı şəhərinin rəhbərliyi cavab verə bilər. 

Görünən isə odur ki, alınmadı. Heç hökumət ilinə bir metro stansiyası tikib istifadəyə vermək imkanında da olmadı (2012-ci ildə açıqlanan plana görə Bakıda 2030-cu ilə qədər 50 stansiya tikilib istifadəyə verilməli idi, amma son 10 ildə 3 stansiya inşa edildi). Baxmayaraq ki, metro stansiyalarının qısa zamanda sayının artırılması şəhərdə tıxacların azaldılması və izafi yanacaq istifadəsinin qarşısının alınması üçün ən doğru addım idi.   

Elektromobillərə keçidi əngəlləyən səbəblər. Orta perspektivdə belə elektromobillərə keçid Azərbaycan reallığında müşkül məsələdi. Bunun bir neçə səbəbi var: elektromobillər xeyli bahalıdır, onların Azərbaycanda enerji ilə təminatı infrastrukturu həddən artıq zəifdir, hökumət xaricdə olduğu kimi daxili yanma mühərrikli avtomobili elektromobilə dəyişmək istəyən şəxslərə hansısa stimullaşdırıcı təkliflər etmir. 

Əsas səbəb isə orta elektromobilin qiymətindədir. Azərbaycana gətirilən avtomobillərin gömrük statistikası ilə tanış olduqda bunu əyani görmək olar. 

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 55199 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir ki, bunun 51055 ədədi  minik avtomobillərinin payına düşüb. Onların içərisində isə 301 ədəd elektrik avtomobili və 8 min 999 ədəd hibrid avtomobil olub.

Hökumətin cari ilin əvvəlindən elektrik avtomobilləri üçün tətbiq etdiyi güzəştdən sonra (18%-lik ƏDV ləvğ edildi, noyabrın 11-də isə hökumətin qərarı ilə yaşı 3-dən çox olmayan elektrik avtomobilləri üçün 15%-lik gömrük rüsumu da ləvğ edildi) nəzərəçarpacaq artım var. Və bu il ölkəyə gətirilən elektrik avtomobilinin orta gömrük qiyməti 33 min 696 dollar olub, yəni 57 min 284 manat. Bunun üzərinə yol xərci və satıcının marjasını da əlavə etsək, təqribən 70 min ətrafında bir vəsait yaranır. 

Bəs bizim əksər istehlakçının cibi bazarda hansı qiymətə uyğundur, yəni aldığı avtomobillərin orta qiyməti neçədir?

Bu sualın cavabı da gömrük statistikasında əks olunub. Ölkəyə idxal edilən minik və hibrid avtomobillərinin orta qiyməti demək olar ki, eyni olub sözügedən müddətdə - 11 min 665 dollar (19 min 830 manat, satışda 25 min manat ətrafında) və ya elektrik avtomobillərindən 2,9 dəfə ucuz olub. 

İndi sual edirəm, bu minvalla biz ölkəmizin avtoparkını nə zamana yaşıllaşdıra bilərik? Gördüyünüz kimi sualın cavabı daha çox düşündürücüdür və proqnozlaşdırılması mürəkkəbdir. 

Başqa bir misal çəkim, 2015-ci ildə qərara alındı ki, Bakıda fəaliyyət göstərən iki neftayırma zavodundan birini (8 Noyabr prospektində yerləşən “Azərneftyağ” zavodunu) ləvğ etsinlər və 3 il müddətində H.Əliyev adına NEZ-i modernizasiya edərək orada “Avro-5” standartlı yanacaq istehsalına başlasınlar.

Sonralar hər il bu müddət korrektə edildi və planlaşdırılmışdı ki, 2022-ci ilin aprelində “Avro-5” standartlı dizel yanacağının istehsalına başlanılacaq. Bu il qərara alındı ki, həmin müddət iyunun axırına keçirilir. Daha sonra cari ilin 3-cü rübü deyildi və indi ilin sonuna ay yarım var, amma bilinmir yeni keyfiyyətdə buraxılacaq məhsul nə zaman bazara çıxarılacaq? Ümumilikdə isə, Koroğlu metro stansiyası yanında başlayan və Keşləyə qədər bir ərazini şəhərin düz içində tutan bu nəhəng sənaye obyektinin modernləşdirilməsinin tam başa çatdırılması 2027-ci iliin sonunadək uzadılıb. 

İndi görürsünüzmü, neft hasilatında və emalında XİX əsrdən bu yana təcrübəmiz olduğu halda, amma hökumətin müvafiq nazirlikləri, layihə institutları, mütəxəssisləri oturub hesablaya bilmir ki, o zavodu şəhərdə saxlamaq sərfəli idi, ya yenisini Qaradağ rayonunda tikmək. Özü də hamıya gün kimi aydın idi ki, o zavod 1953-cü ildə tikilib! Ən heyrətamizi isə odur ki, SOCAR Egey dənizi sahillərində 5 ilə elə bir neft emalı zavodu (STAR) tikə bildi ki, son 20 ildə onun texnoloji səviyyəsində nə Afrikada, nə yaxın Şərqdə, nə də Mərkəzi Asiyada belə bir müasir zavod ərsəyə gəlməyib. Bizdə isə hər şey birdən elə mürəkkəbləşir ki...

Hüquqi baxımdan “Azərneftyağ” zavodu 6 il əvvəl ləvğ edilsə də, amma onun fəaliyyəti bu gün də davam edir – baxmayaraq ki, ilkin plana görə, artıq 2018-ci ildə o tam demontaj olunmalı, ərazisi neft tullantılarından təmizlənməli və daha sonra Bakı Bulvar İdarəsinin balansına keçirilərək paytaxt sakinlərinin istirahət guşəsinə çevrilməliydi.

O biri zavodda modernizasiya işləri gərək tam başa çata ki, sözügedən NEZ-də istehsal dayandırıla.       

Göstərdiyim misallar ona dəlalət edir ki, məsələ təkcə ölkəyə yeni elektromobillərin idxalını stimullaşdırmaqla bitmir. Böyük pul verib elektromobil alan şəxs daxili yanma mühərrikində gördüyü, daddığı komfortu onda da yaşamaq istəyəcək. Bunun üçün istər payaxtda, istərsə də regionlarda elektrikin doldurulması infrastrukturu indiki YDM-lərdən geri qalmamalıdır. Həmin qurğular isə bahalıdır – qiyməti 50 min dollar ətrafındadır. Qurğuların nə qədər tez elektriki doldurmaq qabiliyyəti varsa, onun qiyməti də ona müvafiq artır. 

Göründüyü kimi, elektromobillər hesabına “yaşıllaşmaq” elə də sadə və asan məsələ deyil. Amma vəziyyət çıxılmaz da deyil.

O baxımdan ki, qısa müddətə hökumətə xidmət edən avtomobilləri yaşıllaşdırmaq mümkündür. Bu addımın özü elə bizim ölkəni ənənəvi enerji qonşularımız arasında seçilən edə bilər.

Məmur avtomobilləri günün yarıdan çoxunu hərəkətsizdir, bu baxımdan onların elektrik “çəninin” daim dolu vəziyyətdə saxlanılması problemli deyil. İkincisi, bu addım başqalarına bir nümunə olar və digərlərini də elektrikli avtomobilə keçidə həvəsləndirər. 


Bu addımı Azərbaycanda Prezident İlham Əliyev artıq atıb. Onu ictimailəşdirən isə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan oldu. Onun jurnalistlərə açıqlamasına görə, Azərbaycan Prezidenti Türkiyənin yerli istehsalı olan elektromobildən 2 ədəd almaq üçün sifariş verib. Özü də Azərbaycanın dövlət başçısı bu avtomobilləri Prezident Administrasiyası üçün almaq istədiyini deyib. 

Çox yaxşı addımdır. Mən təsəvvür edirəm, “PA” seriyalı elektrik avtomobili görənlər hansı hisslər keçirəcəklər və çox keçməz bu tip avtomobillərə keçid edərlər. Amma niyə bunu məmurlar özləri etmir? Gərək yaşıllaşmaq haqda siqnalı məhz dövlət başçısı özü verə ki, onlar tərpənələr. 

Türk dövlətlərinin enerjisi. Diqqətinizi bu həftə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünə yönəltmək istərdim. Çünki müzakirə edilən məsələlərdə diqqət mərkəzində də Türk dövlətləri arasında ticari-nəqliyyat əlaqələrinin, o cümlədən enerji əməkdaşlığının genişləndirilməsi də durur.   

Elə isə Türk dövlətlərinin neft və qaz hasilatı imkanlarına nəzər yetirək. Mərkəzi Asiyanın 3 enerji ölkəsi: Qazaxıstan, Özbəkistan və Türkmənistandan bu il 102 milyon ton neft və kondensat, həmçinin əmtəəlik 170 milyard kubmetrə yaxın qaz hasilatı gözlənilir. Və bu həcmlərin üzərinə Azərbaycanın dəqiqləşdirilmiş proqnoz göstəricilərini əlavə edək: 32,5 mln ton neft və 34 milyard kubmetr əmtəəlik qaz. Ümumilikdə, 134,5 milyon ton maye karbohidrogen və 204 milyard kubmetr mavi yanacaq edir.  

Əgər yaxın beşillik proqnozlara nəzər yetirsək, Qazaxıstanda və Türkmənistanda neft və qaz hasilatı artacaq. Qazaxıstan 120 milyon tona qədər neft hasil etməyi, Türkmənistan isə qaz hasilatını 100 milyard kubmetrə çatdırmağı planlaşdırır. Qaz hasilatının Azərbaycanda da daha 10 milyard kubmetr artması perspektivləri var. Və yaddan çıxartmayaq ki, 2023-cü ildə Türkiyə Qara dənizdəki “Sakarya” yatağından ilk qazını gözləyir. Elə Azərbaycan da “Abşeron” yatağının birinci fazasından ilk qazını qəbul etməyi planlaşdırır. 

Bu qədər enerjidən düzgün yararlanmaq inkanı ortaya qoyulsa, bilirsinizmi nələr əldə etmək olar? Axı iqtisadiyyatı inkişaf etdirmək üçün ilk növbədə enerji lazımdır. 
 

Qazaxıstanın Azərbaycana doğru yolu. Qazaxıstandan bu həftə Azərbaycanla neft nəqlinin artırılması ilə bağlı danışıqlarda ciddi irəliləyişin olması haqda xəbər gəldi. Əvvəlcə, Qazaxıstan Energetika nazirliyi Azərbaycanla neft nəqli və marşrutların şaxələndirilməsi ilə bağlı danışıqların davam etdirilməsini təsdiqlədi.


Daha sonra isə Qazaxıstanın baş naziri Əlixan Smailov “Qazaxıstanın neft ixrac marşrutlarının şaxələndirilməsi işini apardığını” ictimailəşdirdi. 

Baş nazir xüsusilə vurğulayıb ki, artıq Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 2023-cü il yanvarın 1-dən başlayaraq ildə 1,5 milyon ton neftin daşınması üçün razılaşma əldə edilib. 

Bundan əlavə, Qazaxıstan Azərbaycanın müvafiq qurumları ilə danışıqlarda BTC marşrutu ilə qazax neftinin tranzit daşımalarının ildə 6-6,5 milyon tona qədər artırılması barədə qarşı tərəfdən ümidverici siqnallar gəldiyi haqda da məlumat verib. 

ABŞ-dan Xəzər enerjisinə dəstək. İş burasındadır ki, Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə okeanın o tayından da dəstək siqnalları gəlir.

Bu həftə ABŞ türkmən qazının Azərbaycan vasitəsilə Aİ-yə nəqli üçün yaxşı perspektivlər olduğunu dilə gətirib. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Aşqabada səfəri zamanı türkmən qazının Azərbaycan vasitəsilə Avropa İttifaqına nəqli perspektivlərini faydalı əməkdaşlıq adlandırıb. 
 

"Diplomatik karyeramın ilk illərində Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili kimi çalışdım. Biz Azərbaycan, Aİ, ABŞ və Türkmənistanla Xəzərin o tayından qazın Avropaya nəql imkanlarını müzakirə etdik. Türkmənistan hökumətinin indiki halda bu layihə haqqında düşünməsi çox faydalı olardı”, - deyə ABŞ rəsmisi bildirib.


Diplomat hesab edir ki, ölkədən müxtəlif istiqamətlərə qaz nəqli üçün imkanlar artdıqca, Türkmənistan daha əlverişli vəziyyət əldə etmiş olar. ABŞ istənilən şəkildə bu layihənin gerçəkləşməsinə kömək etməyə hazırdır", - deyə Donald Lu fikrini tamamlayıb.

İlham Şaban, ekspert, xüsusi olaraq Bizim.Media üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO