“Azərbaycanda çərşənbələr 7 dəfə keçirilməldir” – Folklorşünas bunun izahını verdi 

“Azərbaycanda çərşənbələr 7 dəfə keçirilməldir” – Folklorşünas bunun izahını verdi 

Hazırda oxunan: “Azərbaycanda çərşənbələr 7 dəfə keçirilməldir” – Folklorşünas bunun izahını verdi 

10345

Təxminən ay yarımdan sonra Novruz Bayramı ölkəmizə böyük çoşğu və sevinclə qədəm qoyacaq. Daha dəqiq desək, Azərbaycanda Novruzun ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.

Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, 9-da Hava (Yel), 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də elan olunub. 

Tarixi çox qədimlərə dayanan milli bayramımız haqqında bu günə kimi çoxlu araşdırmalar aparılıb, məqalələr dərc olunub, elmi işlər hazırlanıb. Hər bir alimimizin əldə etdikləri məlumatlarda baharın müjdəsi olan Novruzla bağlı çoxlu hekayələr formalaşıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Gələn ilin qeyri-iş günləri açıqlandı


Ancaq həmişə xalqımıza bir sualın cavabı maraqlı gəlib: “Novruz çərşənbələrində adlar nəyə əsasən tətbiq olunub?”. Düzdür, bunlar haqda saysız-hesabsız araşdırmalar yazılıb. 

Ancaq yenə də ekspertdən münasibət öyrənməyə çalışdıq. 

Folklorşünas Atəş Əhmədli bildirdi ki, çərşənbələrin adları bölgələrin iqliminə görə formalaşıb: 

“Məsələn, Naxçıvan və Şirvanda ilk çərşənbə sudur. Axırıncı çərşənbə isə Naxçıvanda Od çərşənbəsi kimi götürülür. Yəni  onlarda  ardıcıllıqla Su, Torpaq, Yel və Od çərşənbələri olur. Ancaq Bakıda və Şirvanda od çərşənbəsi ikinci gəlir. Cənub bölgələrimizdə isə birinci Su, Od, Yel, Torpaq çərşənbəsi qeyd olunur.

Ölkəmizdə rəsmi olaraq çərşənbələr  Su, Od, Yel, Torpaq ardıcıllığı ilə  qeydə alınıb. Həmçinin, çərşənbələrin adlarının fərqli olması rayonların iqlim tiplərinin dəyişməsi ilə əlaqədardır. Dünya səviyyəsinə biz çərşənbələri  məhəllə dilində çatdıra bilmərik. Öz daxilimizdə bu çərşənbələrin xüsusiliyini bilirik. Ancaq milli bayramımız kimi dünyanın diqqətinə bir adla tanıtdırmalıyıq. Məsələn, Qazaxda Torpaq çərşənbəsi Ölü çərşənbəsi kimi qəbul edilir. Biz bunu dünyaya necə izah edək, axı fikir aydın olmayacaq”. 

O, əlavə etdi ki, Azərbaycan türklərinin dünya görünüşünə baxsaq, çərşənbələrin başlaması fevral ayının axırına, təbiətin oyandığı günlərə  təsadüf edir. Bu yanaşma da boş yerdən qaynaqlanmayıb: 

“Bilirsiniz ki, təbiət hadisələri  zamanı daşqınlar olur, sel gəlir, tufan qopur. Ümumiyyətlə təlatümlü vəziyyət yaşanır. Belə hadisələr insanlarda pis əhval ruhiyyə yaradır. Və o vaxtı onlar təbiət hadisələrini başa düşə bilməyəndə ona təsir etmək istəyirdi. Təsir etməyin üsülunu bu günü xoş, şən keçirmək kimi düşünüblər. Fikir verirsinizsə, biz çalışırıq ki, çərşənbələri bayram əhval ruhiyyəsi ilə qeyd edək”.

Söhbətimizə əlavə olaraq folklorşünas söyləyir ki, Şirvan  bölməsində, çərşənbələr  hava, su, torpaq, ağac adlanıb:
 

“Və həmin çərşənbələrdə od yandırırdılar. Şirvanlılar bütün çərşənbələrdə ocaq yandırılması ilə Od çərşənbəsinin ayrıca qeyd olunmasına ehtiyac görməyiblər. Qədim mifologiyaya görə, ağac nəsil, kök anlayışına gəlir. Ağacın kökü yeri, budaqları isə səmanı izah edir. Özlüyündə üçlü dünya modeli yaradır.


Yəni göy qatı, yerin  altı və üstü nəzərdə tutulur. Məsələn, Aran bölgəmizdə suyun oyanması həmin dəqiqə hiss olunur. Çünki suyun bolluğu günəşin istiliyindən, torpağın donunun açılması ilə bağlıdır”. 

Atəş Əhmədli düşünür ki, bizim çərşənbələrin bayram kimi qeyd olunması bu günün tələbidir. Bu da qədimdə insanlar küləyin əsməsi, odun yanması kimi hadisələrə şən müqavimət göstərərək bunu bayram kimi qeyd edirdilər: 

“Qədim yunan mifologiyasına baxsaq, tədqiqatçı  Afaq Xürrəmqızının “Qadın Ana” folkloru kitabında rus müəllifindən bir sitat gətirir. Yunanıstanda çərşənbə axşamı həmişə mənfi münasibətin səbəbi kimi izah olunur. Həmin günün Müharibə Allahı Areslə bağlı olduğu göstərilir”. 

Müsahibimiz əlavə edir ki, Yunan Roma mədəniyyətində çərşənbələrə  mənfi münasibət şərq xalqlarından  yansıdığı  deyilir: 

"Əski türk xalqaları fikirləşirlər ki, hər günün öz qoruyucusu var.  “Çərşənbə qarısı”, “Bibi çərşənbə”, “Bazar ana”, “Cümə qarısı” kimi adlar var. Həftənin günlərinin yaşlı qadın olması kimi bir düşüncələri olub. Bu anlayış, dünyanın qoca olmasına  dayanır.

Xiristian qaqauzlarda çərşənbə babası da deyilir. Qaqauzlar türk olsalar da dinləri xiristiandır. Anadolu inanclarına görə “Perşenbe karı” “Cümə karısı” da deyilir. Bu qarı müsəlman bayramlarında evləri gəzər, ev işlərini görən, ip əyirən, kilim toxuyan qadınlara iş görməyə qoymazmış. 

Folklorşünas bizə yalançı çərşənbənin də əsl mənasını izah etdi. 
 

Deyir ki, professor Məhərrəm Qasımlıya görə, çərşənbələr 7 dəfə keçirilməldir. 4-ü həqiqi , 3-ü isə yalançı çərşənbə olmalıdır. Hava bir az yaxşı olan kimi insanlar düşünürdülər ki, təbiət canlanır. Deyirlər ki, bir gül ilə bahar olmaz. O misal bura aiddir. Bilirsiniz ki, kiçik çilə fevral ayının 1-dən 20- nə qədər olan günləri əhatə edir.


Çox ağır və amansız bir hava şəraiti olur. Bu günlərə təsadüf edən çərşənbə yalançı adlanır. Çünki hava müvəqqəti olaraq mülayimləşir. İnsanlar elə bilirlər ki, yaz gəlir, təbiət oyanır, lakin bir müddətdən sonra hava yenə öz sərtliyini göstərir. Yalançı çərşənbələr də bu günlərə təsadüf edir. Adı buradan götürülüb.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO