Zəfər Günü ilə bağlı müxalifət liderlərindən maraqlı AÇIQLAMA

Zəfər Günü ilə bağlı müxalifət liderlərindən maraqlı AÇIQLAMA

Hazırda oxunan: Zəfər Günü ilə bağlı müxalifət liderlərindən maraqlı AÇIQLAMA

103319

“Bu gün tarixi bir gündür. Bu 44 gün ərzində 7-dən 77-dək xalqımızın iştirak etdiyi müharibənin zəfər günüdür. 8 noyabr 2020-ci ildə Azərbaycan xalqının çoxdan gözlədiyi, düşmənlərimizinsə gözləmədiyi və təssəvvür etmədiyi bir zəfər qazandıq”.

Bu fikirləri Bizim.Media ilə bayram sevincini bölüşən Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov söyləyib.

O, əlavə edib ki, bu gün həm də qüdrətli Azərbaycan üçün böyük perspektivlər açıb:

“Azərbaycan öz milli ideyalarının ilkin mərhələsinə məhz bu gün nail oldu. İndiyə qədər hansısa nəticələrin aradan qaldırılması üçün mübarizə aparmışıq. Bu gündən sonra isə Böyük Azərbaycan uğrunda mübarizə aparacağıq”.
Musavat Partiyasının sədri Arif Hacılı isə Bizim.Media ilə söhbətində bildirdi ki, bu gün həm Zəfər Günüdür, həm də Şuşanın işğaldan azad edildiyi gündür:

“Bu gün Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu hadisə Azərbaycanın faktiki olaraq 30 ilə yaxın işğal altında olan ərazilərinin işğaldan azad edilməsinin kulminasiyası oldu. Əminəm ki, Zəfər Günü bundan sonra bütün tarix boyu bayram kimi qeyd ediləcək. Fürsətdən istifadə edib mən də xalqımızı bu möhtəşəm gün münasibəti ilə təbrik edirəm”.

Arif Hacılı onu da əlavə etdi ki, Rusiya sülhməramlılarının Qarabağda olması həm Rusiya, həm də Ermənistan üçün bu məsələnin konservləşdirilməsinə xidmət edir:

“Sülh sazişinin imzalanmasını ləngitmək üçün Rusiya bu gün də əlindən gələni edir. Rus-erməni birliyi bu məsələni gələcək nəsillərə miras qoymaq istəyirlər. Bu da təbii ki, Azərbaycan dövlətinin maraqlarına qətiyyən uyğun deyil. İnanıram ki, bu məsələ də tezliklə öz həllini tapacaq”.
Ağ Partiyanın sədri Tural Abbaslı bu günü tariximizin son 100 ilinin ikinci ən şərəfli günü kimi xarakterizə etdi:

“1918-ci ildə Bakının azad olunmasından sonra xalqımızın yaşadığı ən qürurlu gündür. Əslinə baxsan, 44 günlük müharibənin hər günü bizim üçün qürur və fəxarət günüdür. Amma Şuşanın işğaldan azad edilməsi gününün həm də Zəfər Günü kimi qeyd edilməsi bütün günlərimizin zirvəsi oldu.

Azərbaycan xalqı qələbəyə təşnə idi. Qələbə yanğımız məhz 8 noyabrda sakitləşdi. Təkcə keçmişimizə hörmətlə baxmağımıza görə yox, həm də gələcəyə inamla baxmağımız üçün Zəfər Günü bizə çox lazım idi.

Məhz 8 noyabrdan sonra biz üzümüzü Zəngəzura, Göyçəyə və Dərələyəzə tuta bildik. Bu gün digər tarixi Azərbaycan torpaqlarımız və bəzi dövlətlərdəki soydaşlarımızın tapdalanan hüquqları haqqında çəkinmədən və ürəklə danışa biliriksə, buna görə 8 noyabra minnətdarıq”.
Tural Abbaslı onu da əlavə etdi ki, 8 noyabr türk dünyası üçün də çox önəmli bir gündür:

“Məhz bu gündən sonra Turan birliyi məsələsi gündəmə gəldi. 8 noyabrdan sonra türk dövlətləri  arasındakı inteqrasiya daha da sürətləndi. Artıq hədəf Turan Birliyidir. Bütün bunlara görə isə biz 8 noyabra minnətdarıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO