Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” klubu Avropa macərasını Konfrans Liqasında davam etdirəcək. Belə ki, Avropa Liqasında mübarizə aparan təmsilçimiz qrupda 3-cü yeri tutmaqla Konfrans Liqasının “pley-off”una vəsiqə qazanıb.
“Qarabağ”ın Konfrans Liqasındakı şanslarını Bizim.Media üçün dəyərləndirən futbol şərhçisi Rəşad Rafiqoğlu ağdamlıların 9 ildir Avropa kuboklarında çıxış etdiyini vurğulayıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın FIFA referisi Konfrans Liqası matçına təyinat alıb
“Bu illər ərzində “Qarabağ”ın çıxışı həmişə uğurlu olub. Xüsusilə də, təmsilçimizin “pley-off”a vəsiqə qazanması onu göstərir ki, klub pillə-pillə irəliləməkdədir. Fikrimcə, “Qarabağ”ın hazırki heyəti klub tarixinin ən yaxşısıdır. Komanda artıq öz oyununu tapıb və çox gözəl oyun stili var.
“Qarabağ” artıq Azərbaycan səviyyəli yox, Avropa səviyyəli komandaya çevrilib.
Bu mövsümə gəlincə isə Qarabağın çıxışı çox uğurlu qiymətləndirirəm. Klubun mübarizə apardığı qrup heç də zəif deyildi. “Nant” və “Frayburq” böyük beşlik ölkələrinin təmsilçiləri idi, “Olimpiakos” isə uzun illərdir Avropa kuboklarda öz sözünü demiş, ölkəsinin adlı-sanlı klublarından biri idi. Bu cür rəqiblərlə mübarizədə “Qarabağ” öz meydanında uduzmadı.
Digər oyunlara gəldikdə isə, Bakıda “Nant”ı, Yunanıstanda “Olimpiakos”u böyük hesabla məğlubiyyətə uğratdı. Eyni zamanda digər görüşlərdə də “Qarabağ” çox yaxşı mübarizə aparsa da, bir qədər şanssızlıq, bir qədər də hakimlərin qərəzli qərarları ilə üzləşdi. “Qarabağ” bu oyunlarda məğlub olsa belə, rəqib baş məşqçiləri təmsilçimizin oyununu yüksək qiymətləndirdi”.
Son oyundan öncə “Qarabağ”ın artıq Konfrans Liqasına vəsiqəni təmin etdiyini bildirən şərhçi əlavə edib ki, “Frayburq”la oyundakı hakim ədalətsizliyi ilə qarşılaşıb:
“Bütün dünya gördü ki, iki epizodda “Qarabağ”ın təmiz qolu qeydə alınmadı. Xüsusilə, ikinci epizodda. Əgər bunlar olmasa idi, “Qarabağ” qələbə qazanardı. İstənilən halda, Almaniya Bundesliqasının liderlərindən biri ilə oyunda ağdamlıların on nəfərlə belə mübarizə aparması artıq komandanın gücündən xəbər verib”.
Rəşad Rafiqoğlu “Qarabağ”ın Konfrasn Liqasındakı mübarizəsindən gözləntilərini də açıqlayıb:
“Doğrudur, Avropa Liqasının “pley-off”u alınmadı, lakin Konfrans Liqası da pis deyil. Ələxsus da, burada daha məqbul rəqiblər var. Hesab edirəm ki, “Qarabağ” belə oyunu davam etdirib, ruhdan düşməsə, daha iki-üç mərhələ adlaya bilər. İstənilən halda təmsilçimiz bugünkü oyunu ilə daha da irəliləməyə layiq komandadır”.
Qeyd edək ki, “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi noyabrın 7-də keçiriləcək püşkatmada məlum olacaq.
Murad Əhmədov, Bizim.Media