Arif Quliyevin oğlu: “Gözüm hər yerdə atamı axtarır” - VİDEO 

Arif Quliyevin oğlu: “Gözüm hər yerdə atamı axtarır” - VİDEO 

Hazırda oxunan: Arif Quliyevin oğlu: “Gözüm hər yerdə atamı axtarır” - VİDEO 

102808

“Ailədə üç uşaq olmuşuq. Dünyasını dəyişən böyük qardaşım Fərid, mən Rövşən və balaca bacım Günel. 1982-ci ildən bu mənzildə yaşayırıq. Ən gözəl illərimiz isə atamla bu evdə keçib. Məktəb illəri də çox yadda qalan oldu.Yeddinci sinfə kimi bizi məktəbə atam aparıb-gətirirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Quliyevin rejissor oğlu Rövşən Quliyev “Atv səhər” verilişinə müsahibəsində deyib.  

O, atası ilə bağlı xatirələrdən söz açıb:  

“Atam evdə çox ciddi idi. O evə gələn kimi sakitlik olmalı idi. Çəkilişdən gəlirdi, əsəbi ola bilərdi. Sənət adamlarının böyük hissəsi belədir. O uşaq evində böyüdüyünü bizə bildirmirdi. Atam istəyirdi ki, biz tamam başqa cür böyüyək və başqa mühitdə olaq. O çətinliklə böyüdüyünü və əziyyətli illər keçdiyi haqda bizə dəfələrlər danışıb. Atamın həyatı 25 yaşına kimi çox ağır keçib. Atam istəyirdi ki, vəfat edən qardaşım onun yolunu davam etdirsin. O da aktyor olsun. Məni də həkim görmək istəyirdi. Amma qardaşım hüquq fakültəsinə daxil oldu, mən isə İncəsənət Universitetinə. Onun dediyi kimi olmadı. Özüm teatrda aktyor kimi deyil, rejissor kimi fəaliyyət göstərmişəm.  Lakin aktyorluğu bitirmişəm”.  

Sənətkarın adını və soyadını daşıyan nəvəsi isə babasının arzusunu reallaşdırdığını bildirib:  


“Adımı babam verib. Onun adını daşıyıram – Arif Quliyev. Onun adını daşıdığıma görə fəxr edirəm. Babamın adına layiq olmağa çalışıram. O istəyirdi ki, pilot olum. Yaxşı təhsil alım. Bu il onun arzusunu yerinə yetirdim. Milli Aviasiya Akademiyasına daxil oldum. Çox təəssüflər olsun ki, babam bu günləri görmədi. Onun arzusunu babam vəfat edəndən sonra reallaşdırdım”.

Rövşən hələ də atasını itirdiyinə inanmadığını dilə gətirib:  

“Atamın dünyasını dəyişməsinə inanmıram. Həftədə iki-üç dəfə gedib, onun məzarını ziyarət edirik. Onunla bağlı xatirələrim yoxdur. Çünki onu hər zaman yanımda hiss edirəm. Hər yerdə gözüm atamı axtarır”.  

Qeyd edək ki, A.Quliyev ötən il koronavirusa yoluxmuş, ağ ciyərinin 90 faizi zədələndiyindən "Yeni klinika"da süni tənəffüs aparatına qoşulmuşdu. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Xalq artisti ötən ilin mayın 7-də 71 yaşında dünyasını dəyişib.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO