"Nazirliyə 12 min manat rüşvət vermişəm" - Səlim Müslümovun məhkəməsi 

Hazırda oxunan: "Nazirliyə 12 min manat rüşvət vermişəm" - Səlim Müslümovun məhkəməsi 

102100

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə "Ellada" MMC-nin rəhbəri Əhməd Bağırov ifadə verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikib. Onun sözlərinə görə, hər evin tikintisi üçün nazirliyin tikilməkdə olan obyektlərin rəhbəri Natiq Əzizova 6 min manat rüşvət verib.

Daha sonra ifadə verən Səxavət Cəlilov bildirib ki, "Erol" şirkəti onun adına rəsmiləşdirilib: "Söküntü işləri ilə məşğul olmuşam. Maliyyə işlərindən xəbərim olmayıb. Sənədləri gətiriblər imzalamışam. Nazirlikdə heç kimlə görüşməmişəm. Sadəcə şirkət mənim adıma rəsmiləşdirilib.

Özüm usta işləmişəm. Heç nədən xəbərim olmayıb".

Digər şahid Şahlar Məmmədov isə deyib ki, 2014-cü ildə Ağdaşda 2 ev tikib: 'Mən işi görətürməyə peşman olmuşam. İndiki vaxta qədər də pulumu ala bilməmişəm. O evləri tikəndən sonra bankrot oldum. Maliyyə Nazirliyi gələrək yoxlama keçirdilər, 31 min manat ziyan müəyyənləşdirdi. Mən isə bununla razı deyiləm. Mən məhkəməyə verdim, sonradan danışıqlar apardılar, dedilər ki, ödəyəcəyik. Mən də şikayətimi geri götürdüm. Öz pulumu ala bilməmişəm". 

Digər şahid Adil Cabbarov isə bildirib ki, 2015- ci ildə Ağdaş rayonunda 1 ev tikib: "İnflyasiya dövrünə düşdü deyə, dedilər ki sonra pul veriləcək. Pulu vermədilər. Kommunikasiya işlərini başa çatdıra bilmədim. Ev hazırdı o vaxtdan, kommunikasiya işləri qalıb". 

Şahid Sübhan Əliyev qeyd edib ki, şirkət direktoru olub. Onun sözlərinə görə, "FF-TM" şirkəti onun şirkətinin adı ilə səhv olub: "Mənim heç bir prosesdə iştirakım olmayıb. Sadəcə şirkətin adı səhv düşüb".

Abusəlim Cəfərov isə deyib ki, qardaşı Elman Cəfərovla birlikdə Zaqatalada 2 ev tikib: "Maliyyə işlərinə Elman baxıb. 6 min manat bir evə, 12 min manat isə digər evə görə Natiq Əzizova rüşvət verilib".

Samir Şahmirov isə bildirib ki, qohumu Elman Səfərov onun adına şirkət açıb: "Şirkətə qohumum Elman Səfərov rəhbərlik edirdi. Mən usta olmuşam. Bankdan pul götürəndə sənədləri mən imzalamışam. Amma pulu Elman alırdı".

Növbəti proses noyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO