Qubaya səfər edən Türkiyə səfirinin Bizim.Media-ya EKSKLÜZİV MÜSAHİBƏSİ - VİDEO

Qubaya səfər edən Türkiyə səfirinin Bizim.Media-ya EKSKLÜZİV MÜSAHİBƏSİ - VİDEO

Hazırda oxunan: Qubaya səfər edən Türkiyə səfirinin Bizim.Media-ya EKSKLÜZİV MÜSAHİBƏSİ - VİDEO

102008

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Quba rayonuna səfər edib. Səfir əvvəlcə İqriq kənd  qəbristanlığında uyuyan 2 naməlum türk əsgərinin məzarını ziyarət edib. Sonra "Quba Soyqırımı" Memorial Kompleksinə baş çəkib. O, muzeyin xatirə kitabına aşağıdakı sözləri yazıb: "Şuşa bəyannaməsinin şərtlərinə uyğun olaraq biz yenə də, hər zaman olduğu kimi, Azərbaycanın yanındayıq. Yaşasın Azərbaycan-Türkiyə  dostluğu-qardaşlığı”. Onun Qubada son dayanacağı Quba şəhərindəki Azərbaycan-Türkiyə qardaşlıq parkı olub.

Bizim.Media-nın əməkdaşı səfər çərçivəsində Cahit Baxçıdan eksklüziv müsahibə alıb.

Ona Xaçmazın Pirquluoba kəndindəki "Türk şəhidliyi" məzarlığı barədə sual ünvanlanıb.

Səfir Azərbaycanda səfərləri zamanı şəhidlərin yerləşdiyi məkanları ziyarət etdiyi deyib.

“Həmin vaxt onların qəbrinin durumunu, bayraqlarını yoxlayırıq, məzarda hər hansı bir problem varsa, onu həll edirik. Bu, bizim borcumuzdur”, - deyə o, əlavə edib.

Cahit Baxçı Qafqaz İslam ordusunun şəhidlərinin məzarlarına da baş çəkdiyini vurğulayıb:

“Yerli icra başçıları ilə birlikdə onların məzarlarını tez-tez ziyarət edirik. Məzarları önündə onları salamlayarıq”.

Məlumat üçün bildirək ki, Xaçmazın Pirquluoba kənd sakinləri 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı ölən və həlak olan türk hərbçilərinin basdırıldığı ehtimal edilən "Türk şəhidliyi" adlanan qədim qəbristanlığı göz bəbəyi kimi qoruyur.

Bu barədə Qubada yaşayan tanınmış bioloq-alim Dilşad Bayramovanın Bizim.Media-ya açıqlamasından sonra informasiya yayılıb. Ümumilikdə isə məzarlıq haqda ilk dəfə 2017-ci il iyun ayının 28-də "İsti Press"saytında geniş məlumat verilib. O vaxtdan bəri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev bu məsələni geniş şəkildə  ictimaiyyətə çatdırıb.

Kənd sakinlərinin çoxsaylı xahişi  və o vaxtkı rayon rəhbərliyinin rəsmi müraciəti əsasında 2018-ci ilin iyul ayında Pirquluoba məzarlığında arxeoloji araşdırma aparılıb. İnstitutun şöbə müdiri Qəhrəman Ağayev məzarlıqdakı 2 qəbri açaraq sümük nümunələrini tibbi ekspertizaya göndərib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyində müayinə edilən sümüklərin bir əsr əvvələ aid və  17-25 yaşarası gənc insanlara məxsus olması təsdiqlənib.

Həmin ilin fevral ayında Türkiyənin Azərbaycandakı o vaxtki  səfiri Erkan Özoral da həmin məzarlığa baş çəkib. 

Pirquluoba kənd sakinləri bu məzarlığın geniş tədqiq olunmasını istəyir.

Qoçaqlı kənd sakini İmaməddin Tahirov deyir ki,"Türk şəhidliyi" adlanan ərazi sovet dövründən çox ciddiliklə qorunub saxlanılıb.

O, mərhum atası Tahir Tahirovun 1970-1973-cü illərdə Mirzə Davud sovxozunun direktoru işləyərkən həmin sahəni boş, əkilməmiş saxlayıb. Sahəni əkib becərməyə, şumlamağa qoymayıb: 

"Atam bizə danışırdı ki, bu məzarlıqda 1918-ci ildə bizə köməyə gələn türklər dəfn edilib. Həmin yeri indi istifadə etsək, türk qardaşlarımızın ruhuna hörmətsizlik etmiş olarıq".

Ümid edək ki, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Baxçı da vaxt tapıb Xaçmazdakı "Türk şəhidliyi" məzarlığına baş çəkəcək. Bu məzarlığın hər iki ölkənin alim və arxeoloqları tərəfindən araşdırılıb tədqiq edilməsi çox məqsədəuyğun olardı.

Əgər bu araşdırma mümkün olarsa, növbəti Türkiyə-Azərbaycan  qardaşlıq parkının gələcəkdə burada salınacağı  qaçılmazdır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO