“Əsir və girovların dəyişdirilməsi imzalanan üçtərəfli bəyanatda əksini tapan məsələdir və bu vaxta qədər proses həyata keçirilib. Müharibədən sonra Azərbaycan ərazilərinə daxil olaraq terror və diversiya cəhdləri edənlərin heç biri əsir və girov götürülən şəxs hesab oluna bilməz”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu terrorçu kimi saxlanılan 62 erməni ilə bağlı Azərbaycanın rəsmi mövqeyinin qəti olduğunu bildirdi.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkili: "Türkiyənin masada olmaması heç kəsdə narahatlıq doğurmasın" - VİDEO
“Hətta yanvarın 11-də Moskvada keçirilən görüşdə Paşinyan bununla bağlı öz fikirlərini irəli sürsə də bu, qəbul olunmadı. Ona görə də bu məsələdə Azərbaycanın mövqeyi qətidir".
"Ərazimizdə terror törədənlər əsla girov sayıla bilməzlər. Qaldı ki, Ermənistan tərəfinin arzusu məsələsinə, həqiqətən də, hazırda Ermənistanda istər siyasi arenada, istərsə də ictimai rəydə həmin terrorçuların Azərbaycandan geri alınması müzakirə mövzusudur".
"Ermənistan müxalifəti də bu məsələyə toxunmaqla Paşinyanı ittiham edirlər ki, Moskvada buna nail ola bilməyib”.
Azərbaycanın bu istiqamətdə mövqeyinin qəti olduğunu təkrarlayan millət vəkili Bakının İrəvana erməni terrorçularını qaytarmayacağını qeyd edib.
“Azərbaycanın hansısa haqlı tələbi, yaxud ermənilərin sərfəli təklifi müqabilində həmin terrorçular Ermənistana geri verilə bilərmi?” sualına Milli Məclisin üzvü belə cavab verdi:
“Düşünürəm ki, hadisələri qabaqlamaq doğru olmazdı. Bu yaxınlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dedi ki, hələ I Qarabağ müharibəsindən bizim 4 min itkin düşmüş hesab edilən vətəndaşımız var. Onların taleyi haqqında məlumatsızıq. Yaxşı olar ki, Ermənistan onlar haqqında informasiya verməyi fikirləşsin, nəinki terroristləri tələb etmək barədə".
"Ona görə də, düşünürəm ki, hələlik hadisələri qabaqlamadan prosesi izləməliyik”,- deyə Hikmət Babaoğlu fikrini tamamladı.
Xatırladaq ki, yanvarın 28-də Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.
Qeyd edək ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 2020-ci ilin dekabrın 14 və 28-də də əsirlərin mübadiləsi baş tutub.
Anar Rəhimov, Bizim.Media