Xarici ölkələrdə yüksək vəzifələrdə çalışan azərbaycanlılar kimlərdir? – ARAŞDIRMA 

Xarici ölkələrdə yüksək vəzifələrdə çalışan azərbaycanlılar kimlərdir? – ARAŞDIRMA 

Hazırda oxunan: Xarici ölkələrdə yüksək vəzifələrdə çalışan azərbaycanlılar kimlərdir? – ARAŞDIRMA 

100817

Müxtəlif hesablamalara görə, Azərbaycandan kənarda 50 milyona yaxın soydaşımız yaşayır. ABŞ-dan, Avstraliyaya qədər səpələnmiş, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında yüksək vəzifələrdə çalışanların sayı da kifayət qədərdir.

Bizim.Media xarici ölkələrdə vəzifə tutmuş soydaşlarımızı araşdırıb.

Zaur Darğallı



Gürcüstanda yaşayan soydaşımız Zaur Darğallı 2017-2019-cu illərdə Kvemo Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıb. O, 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərdə 78,6% səs toplayaraq Marneulinin icra başçısı seçilib. 34 yaşlı soydaşımız hal-hazırda da bu vəzifəni icra edir.

Fərid Səfərov



Ukraynada yaşayan soydaşımız Fərid Səfərov ötən ilin dekabrında bu ölkənin energetika nazirinin müavini təyin olunub. O, bu təyinatadək Ukrayna İnfrastruktur Nazirliyində Rəqəmsal İnfrastruktur Departamentinin direktoru işləyib. Fərid Səfərov həmçinin Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvüdür. 

Aylin Fazelian və Ayda Kərimli



2018-ci ildə İsveçdə baş tutan parlament seçkilərində Sosial Demokrat Partiyasından olan 26 yaşlı Aylin Fazelian qələbə qazanaraq qanunverici orqanda mandat qazanıb. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.

İsveçdə yaşayan 34 yaşlı Ayda Kərimli, bacısı Aylin Fazelian kimi parlamentdə təmsil olunur.

O, İsveç Mərkəzi Partiyasının nümayəndəsidir. O, əslən Cənubi Azərbaycanın Təbriz şəhərindəndir və 2 yaşından etibarən İsveçdə yaşayır.

İradə Əyyubova



1971-ci ildə Bakıda anadan olan İradə Əyyubova 2018-ci ildən Tatarıstan Respublikasının mədəniyyət naziridir. O, daha əvvəl 2016-18-ci illərdə Tatarıstan Parlamentinin Əsas Arxiv İdarəsinin sədri, 2008-15-ci illərdə isə Tatarıstan mədəniyyət nazirinin müavini və I müavini vəzifələrini icra edib.

Tamerlan Vahabov



Həmyerlimiz Tamerlan Vahabov ötən ilin dekabrında Ukraynanın daxili işlər nazirinin müşaviri, nazirlikdə yeni yaradılmış İslahatlar İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin keçmiş müavini olub. O, 2002-2012-ci illərdə Daxili İşlər Nazirliyində BMT-nin İnkişaf Proqramının layihəsində, Fransada İnterpolun Baş Katibliyində, Xarici İşlər Nazirliyində, ABŞ-da Atlantik Şurasında “Qara Dəniz-Xəzər enerji təhlükəsizliyi” layihəsində, Ukraynanın “Kyiv Weekly” qəzetində müxtəlif vəzifələrdə çalışıb,

Adil Bağırov



44 yaşlı azərbaycanlı alim Adil Bağırov 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-ın Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-da qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir.

Rəna Nəzərova



Jurnalistika fəaliyyəti ilə tanınan Rəna Nəzərova Ukraynada 2014-cü ilin mayında keçmiş boksçu və siyasətçi Vitali Kliçkonun “Udar” Partiyasından Kiyev Şəhər Şurasının VII çağırış deputatı seçilib.

Nəimi Əmirəl



Naxçıvanda dünyaya gələn ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Con Naimi Amiral (Nəimi Əsgər oğlu Əmirəl) HDQ-nin 5-ci Donanmasının xarici əlaqələr şöbəsinin rəisi təyin edilib. O, daha əvvəl ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində Baş İnteqrator və heyət başçısı olub.

Elxan Süleymanov



E. Süleymanov ötən ilin dekabrında Rusiya Federasiyasının Çeçenistan Respublikası hökumətinin sədr müavini vəzifəsinə təyin olunub. Bu yüksək dövlət vəzifəsinə qədər Azərbaycan əsilli məmur Çeçenistan Respublikasının səhiyyə naziri olub. Elxan Süleymanov 1974-cü ildə Bakıda anadan olub.

Aygün Attar 



Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar ötən ilin fevralında Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib. O, daha əvvəl 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. 

Romina Purmoxtari



İsveçdə yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Romina Purmoxtari bir neçə gün öncə İsveçin iqlim və ətraf mühit naziri təyin olunub. 27 yaşlı azərbaycanlı İsveç tarixində hökumətdə yer alan ən gənc nazir kimi də adını tarixə yazdırmağı bacarıb. Rominanın atası 1990-cı illərin əvvələrində Təbrizdən İsveçə mühacirət edib.

Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm vəzifələr tutan digər soydaşlarımızla bağlı isə növbəti yazımızda...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO