Övladları vəzifələrdə olan Azərbaycanlı MƏŞHURLAR - FOTO

Övladları vəzifələrdə olan Azərbaycanlı MƏŞHURLAR - FOTO

Hazırda oxunan: Övladları vəzifələrdə olan Azərbaycanlı MƏŞHURLAR - FOTO

100483

Azərbaycanın istər mədəni, istərsə də siyasi sferasında öz sözünü demiş, ölkənin inkişafında, tanınmasında rol oynayan dövlət, ictimai xadimlərin fəaliyyəti və həyatı hər zaman ictimaiyyətin maraq dairəsində olub. Həmçinin övladlarının da zamanla müxtəlif qurum və dövlət strukturunda çalışması da diqqətdə saxlanılan mövzudur.

Elə buna görə də Bizim.Media övladları dövlət strukturlarında- vəzifələrdə çalışan məşhur övladlarının siyahısını təqdim edir:

Bəxtiyar Səxavət oğlu Məmmədov - Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov da sözügedən siyahıya daxildir. Belə ki, hələ kiçik yaşlarından Azərbaycan Televiziyasının efirində öz istedadı ilə tanınan Bəxtiyar Səxavətoğlu daha sonra fəaliyyətini diplomatiya sahəsində davam etdirməyə başlayıb. Argentinadakı səfirlikdə 3-cü katib olaraq diplomatiya işində çalışıb.

Məşhur bəstəkar Eldar Mansurovun hər iki oğlu isə hazırda vəzifədədir. Onun övladlarından biri Anar Mansurov bir müddət əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib. Anar bundan əvvəl “AzerGold” QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - “Azerblast” MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq “AzRe Təkrarsığorta” ASC-nin Direktor Şurasının müstəqil üzvlüyünü də edib.

Bəstəkarın digər övladı Ülvi Mansurov isə  keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru vəzifəsində çalışıb. O, bundan əvvəl "Azərpoçt"un baş direktoru, o cümlədən ləğv edilən "Texnikabank"ın İdarə Heyətinin sədri olub və bank sektorunda müxtəlif vəzifələri icra edib.



Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev də bir çox vəzifələrdə çalışıb. O, Səbail rayonu prokurorunun köməkçisi, daha sonra Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror, Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifələrində işləyib. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsini icra edib.

Həmçinin Ramin Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində də çalışıb. O, 2018-ci ildən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edir.



Xalq artisti Mənsum İbrahimovun qızı Aysel İbrahimova bir müddət Azərbaycanın Macarıstandakı səfirliyinin attaşesi vəzifəsində işləyib. 2021-ci ildən isə ona Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Diplomatik rütbəsi artırılan Aysel İbrahimova birinci katib vəzifəsinə gətirilib.



Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin qızları Nigar, Günay və Humay Əfəndiyevalar müəyyən dövrlərdə bir çox vəzifədə çalışıblar. Nigar Əfəndiyeva bir müddət Azərbaycanın Bolqarıstandakı səfirliyinin müşaviri vəzifəsini icra edib. Onun bacısı Günay Əfəndiyeva isə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsində çalışıb. Yazıçının digər qızı Humay Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir. Nigar, Günay və Humay Əfəndiyevalar məşhur yazıçı İlyas Əfəndiyevin nəvələridir.


 

Yazıçı Anarın oğlu Tural Rzayev hazırda Azərbaycanın Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiridir. O, bu vəzifəyə yeni təyin edilib. Tural bundan əvvəl Azərbaycanın Misir Ərəb Respublikasında və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrində çalışıb. O, mərhum şairlər Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsidir.


 

Mərhum Xalq artisti Amaliya Pənahovanın oğlu İlqar Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İlqar Muxtarov bundan əvvəl Azərbaycan səfiri kimi Meksika, Kosta-Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda diplomatik fəaliyyət göstərib.


 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO