“Bəli, Fransa prezidenti Emmanuel Makron Fransanı nüfuzdan salır. Daha sərt demək olar:
Fransa lideri həm Avropa İttifaqını, həm də NATO-nu nüfuzdan salır, çünki bu təşkilatlar ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmət edir və bu prinsiplərə əməl edir. Fransa lideri Azərbaycan-Ermənistan münaqişəsindən danışarkən dünya tərəfindən qəbul edilmiş qaydalara nümayişkaranə şəkildə tüpürür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri litvalı jurnalist, “Slaptai.lt” saytının və "Slaptai" videostudiyasının yaradıcısı Gintaras Visockas səsləndirib.
“Beləliklə, beynəlxalq birlik bütün sənədlərində Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu deyir.
Bu o deməkdir ki, Ermənistanın bütün hərbi qulluqçuları bu əraziləri tez bir zamanda tərk etməlidirlər.
Rəsmi Bakı onların qalmasına icazə verməyib. Çünki Azərbaycan heç vaxt Qarabağ torpağının bir santimetrini də Ermənistana verməyə razı olmayıb. Rəsmi Bakı otuz ilə yaxındır ki, Qarabağı sülh yolu ilə qaytarmaq üçün Avropadan kömək istəyir. Minsk Qrupunun kifayət qədər vaxtı (dəqiq desək 28 il) olub ki, rəsmi İrəvanı ona aid olmayanlardan imtina etməyə inandırsın. Təəssüf ki, rəsmi Parisin böyük təsiri altında olan Minsk Qrupu işğalçı Ermənistana yad torpaqları tərk etməsi üçün təzyiq göstərməyib. Əksinə, Azərbaycana ərazi itkiləri ilə barışmaq üçün təzyiq göstərib.
2020-ci ilin payızında Minsk Qrupunun fəaliyyətsizliyindən məyus olan Azərbaycan bütün Qarabağı geri almaq üçün hərbi güc tətbiq etdi.
Əlbəttə, düzgün addım atdı, nə qədər gözləyə bilərdi ki? Biz Ukraynanı da öz torpaqlarını geri qaytarmağına görə qınamırıq. Cənubi Osetiya və Abxaziyanı hərbi yolla geri qaytarmağı planlaşdıran Gürcüstanı qınamayacağıq, Moldovanı da Dnestryanı bölgəni öz idarəçiliyinə tabe etdirəndə qınamayacağıq! Ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir, çünki bu, bir dəyərdir.
Bəs, niyə Fransa Azərbaycanın səylərini legitim hesab etmir?
Təəssüflə qeyd etmək lazımdır ki, 2020-ci ilin payızında azərbaycanlıların 44 günlük uğurlu hərbi əməliyyatından sonra Fransa öz torpaqlarını geri qaytaran Azərbaycana ziyan vurmaq üçün çirkin hiylələrə əl atdı. Açığını deyim ki, məhz Fransa Cənubi Qafqazda yeni gərginliklərin yaranmasında günahkardır. O, dinc əhalinin təhlükəsizliyini heç vaxt düşünməyib. Həmçinin diqqətəlayiq haldır ki, həmin il erməni nümayəndələri Azərbaycanın Fransadakı diplomatik və mədəni nümayəndəliklərinə qarşı qanlı hücumlar təşkil edib, lakin nə Fransa kəşfiyyatı, nə də Fransa polisi iğtişaşçıları saxlamayıb, erməni separatizmini dəstəkləyənlərin heç birini mühakimə etməyib.
Bu gün 2022-ci ilin payızıdır. Son iki ildə Fransanın davranışı dəyişməyib. Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq Azərbaycanla tezliklə sülh sazişi imzalamaq istədiyini iddia edir, digər tərəfdən Qarabağdan çəkilməmək üçün ən kiçik bəhanə axtarır. Azərbaycan əsgərlərinə qarşı hərbi təxribatlar təşkil etmək, “azərbaycanlılar yazıq erməniləri öldürür” deyə qışqırmaq, yaxud da gec-tez Azərbaycana qaytarılacaq əraziləri gizli şəkildə minalamaq N. Paşinyanın sevimli taktikalarından biridir.
Başqa bir taktika Parisdə özünə tərəfdaş axtarmaqdır. Fransa prezidenti elə bil Fransanın yox, Ermənistanın ruporudur. Yenə qışqırır ki, dəhşətli müharibəni yaradan Azərbaycandır.
Əbəs yerə deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin səbri tükəndi və açıq şəkildə bəyan etdi:
“Azərbaycanın Minsk Qrupunun xidmətlərinə daha ehtiyacı yoxdur, Azərbaycan Parisin vasitəçiliyini qəbul etmir”. Qeyri-rəsmi diplomatik danışıqlarda rəsmi Bakı hətta zarafat da etdi: “Əgər cənab E.Makron belə israrla Ermənistanın ərazisini genişləndirməyə çalışırsa, qoy ermənilərə Fransanın cənubunu versin”.
Bəs, Fransa prezidentinə xarici əraziləri bölmək nə verib?
Əgər vicdanla 2020-ci ilin payız müharibəsinin günahkarlarını axtarsaq, etiraf etməliyik ki, günahkar Azərbaycana kömək edə bilməyən dişsiz Minsk Qrupu və rəsmi Parisdir. Çünki onlar hər zaman gizli şəkildə İrəvanın separatçı ümidlərini alovlandırıb.
Fransa prezidentindən soruşmaq lazımdır. Niyə bu ilin oktyabrında Parisdəki Azərbaycan səfirliyi qarşısında iğtişaşlar törədən erməni separatçılarından heç birini Fransa xüsusi xidmət orqanları tutmayıb? 2022-ci ilin oktyabrında iki çirkin hücum oldu. Birincidən sonra narahat olan Azərbaycan Prezidenti İlham Əliyev Parisə zəng edəndə E.Makron söz verdi: “Bir daha belə olmayacaq”. Ancaq yenə oldu.
Fransa liderinin sözü köhnəlmiş tətiyə belə dəyməz.
Yeri gəlmişkən, bu il oktyabrın 10-da axşam saatlarında naməlum şəxslər Vaşinqtonda azərbaycanlı diplomatların avtomobilini avtomat silahdan atəşə tutdular. ABŞ-ın Məxfi Xidməti hələ də günahkarları tapmayıb. Çox güman ki, onlar tutulmayacaq, çünki ABŞ-da, eləcə də Fransada böyük erməni icmaları yaşayır. Rəsmi Vaşinqtonın özü də Qarabağ mövzusunda hələ tam fikrə gələ bilmir”, - deyə o yazıb.
Bizim.Media