“Namizədliyimin siyasi hakimiyyət tərəfindən dəstəklənməsi vəd olunub”x9d

“Namizədliyimin siyasi hakimiyyət tərəfindən dəstəklənməsi vəd olunub”x9d

Hazırda oxunan: “Namizədliyimin siyasi hakimiyyət tərəfindən dəstəklənməsi vəd olunub”x9d

88093
Bu ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərinə artıq aylar qalıb. Günlər keçdikcə bütün dairələr üzrə aktivlik müşahidə olunur. Nəzəri də olsa, seçicilər iddiaçıların kimliyini müəyyənləşdirməyə başlayıblar.
Bu baxımdan 104 saylı Gədəbəy-Tovuz seçki dairəsində də aktivlik müşahidə olunmağa başlayıb. Bəzi şəxslərin namizəd olacaqları ilə bağlı söz-söhbətlər gəzir. Belə şəxslərdən biri 2005-2010-cu illərdə bu dairənin deputatı olan iş adamı Nazim Məmmədovdur. Müşahidələrimiz onu deməyə əsas verdi ki, keçmiş deputatın bu dəfə də seçilmək şansı daha yüksək görünür. Çünki hazırkı deputat Rafiq Məmmədhəsənovu seçicilərin əksəriyyəti ümumiyyətlə, tanımır. Deputat olduğu beş il ərzində bir dəfə də olsun, xalq arasına çıxmayan bu şəxsin bu dəfə uğur qazanacağı inandırıcı görünmür. 
Hazırda Gədəbəydə olan Nazim Məmmədovla şəhid olan Eldar Fətəliyevin üç mərasimində rastlaşdıq. Fürsətdən istifadə edib, barəsində namizəd olacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirmək, Gədəbəyin ümumi vəziyyəti ilə tanış olmaq üçün sabiq deputatla söhbət etdik.

- Nazim müəllim, bir aydır ki, doğulduğunuz torpaqdasınız. Necə təsir bağışladı Gədəbəy? 

- Azərbaycanın əksər bölgələrindən iqtisadi durumu heç də fərqlənməyən Gədəbəy, təbii ki, isti yay aylarında füsünkar təbiəti ilə fərqlənir. Bildiyiniz kimi, Gədəbəy, Tovuz Ermənistanla yaxın təmas xəttində yerləşir ən yaxın təmas nöqtələri və ən uzun sərhəd burdadır. Təxmini götürsək, doğulduğum Şınıx bölgəsi də daxil olmaqla təmas xəttində 50 min əhali yaşayır. Bu əhalinin əsas problemi yolsuzluq, təbii qazın olmaması və elektrik enerjisinin fasilələrlə verilməsi idi. Şükürlər olsun ki, bu problemlərin bir qisminin aradan qaldırılmasına nail ola bildik. 2006-ci il noyabrın 1-də cənab prezidentin Gədəbəyə səfərindən istifadə edərək, bölgənin bütün problemlərini sadaladım. O cümlədən, ermənilərdən azad etdiyimiz Başkəndi nümunə gətirdim. Göstərdim ki, ermənilər orada bir şəhər düzəltmişdilər. Prezidentə təşəkkür edirəm ki, Qovlar-Saratovka və Gədəbəy-Qaravəllilər yolları 2009-13 cü illəri əhatə edən 2-ci dövlət proqramına salındı, bizim deputat seçilməyimizə qədər maliyyələşməsi dövlət büdcəsinə salınmış Tovuz-Qaralar yoluna vəsait ayrıldı. Bunun üçün bir neçə dəfə baş nazir Artur Rəsizadə və nəqliyyat naziri Ziya Məmmədovla , Azəriqaz rəhbərliyi ilə görüşlərim oldu. İndi müxtəlif istiqamətlərdən insanlar bölgəmizə rahat gələ bilirlər. Bu yolları ona görə sadaladım ki, bəzi adamlar bu layihələri öz adlarına çıxmasınlar. 2010-cu ildən etibarən təbii qazın çəkilişi tam dayanıb. “Azəriqaz”x9d baxmayaraq ki, Şınıxın qazlaşdırıldığı barədə məlumat yayıb. Amma Şınıxın 28 kəndinin yalnız ikisində qaz var. Hazırda bu bölgədə yol problemləri də var. Gədəbəyin İvanovka-Çobankənd istiqamətlərində yol bərbad gündədir. Təbii qaz da yoxdur. Bununla yanaşı, Gədəbəyi digər bölgələrlə müqayisə etmək olmaz. Yaxınlarda Azərbaycanın ən inkişaf etmiş rayonu kimi təqdim olunan Qəbələdə idim. düzdür respublika əhəmiyyətli kifayət qədər infrastruktur layihələr var ki, göz oxşayır, ancaq şəhərdən 5 kilometr aralıda qaz yoxdur, yolları da bərbad vəziyyətdə idi. Amma Gədəbəydən xeyli aralıda olan Şınıxda bu cür problemlər qismən də olsa həll olunub. Ancaq problemlər də qalıb.

- Əsas problemlər nədən ibarətdir? 

- Sərhəd bölgəsi olmasına baxmayaraq, insanlar tam şəkildə əkin-biçin  sahələrindən istifadə edə bilmirlər. İqtisadi miqrasiya üzündən əhalinin yarıdan çoxu Bakı ətrafında məskunlaşıb. İnsanlar bir maşın odunu 300-400 manata alırlar. Bir ailənin qışı keçirməsi üçün ən azı iki maşın odun lazımdır. Azərbaycan bir çox ölkələrə  təbii qaz satır. Gürcüstan ölkəmizin hesabına 100% qazlaşdırılıb. Amma təəssüflər olsun ki, Gədəbəydə qazlaşdırılma 25%-dir. Ən böyük problem təbii qazın olmamasıdır. Meşələr bu səbəbdən qırılır, məktəblər tam qızdırılmır. Ciddi problemlər yaşanır. İşsizlik də böyük bəladır. Bu problemlərin həlli üçün dövlət proqramı olmalıdır. Əksər kəndlərin evlərinin yarısında qıfıl var. Məhşur ifadə var. “Vətən sərhəddən başlayır”x9d. Burada yaşayan insanlara qəhrəman kimi baxmaq lazımdır. Hökumətin borcu bu insanların həyat səviyyəsini yüksəltməkdir. Onu da qeyd edim ki, dövlət proqramı əsasında çəkilən Gədəbəy-Qaravəllilər yolunun bir hissəsi keyfiyyətsiz olması ucbatından dağılıb. Adi gözlə görünür ki, bu layihənin icrasında külli miqdarda pul mənimsənilib. 

- Seçkilərə üç ay qaldı. Yarışmaya qoşulacaqsınızmı?

- Seçkilərə bir il qalmış artıq jurnalistlər bu məsələyə diqqət ayırmağa başlayırlar, məndən də soruşanda  elan etmişəm ki, namizədliklə bağlı  fikrim qətidir. Fikir qətiliyi ondan irəli gəlir ki, beş il ərzində seçicilərimi tək buraxmamışam. Onlarla görüşlərimdə arzuları ondan ibarətdir ki, namizədliyimi irəli sürüm. Bunun üçün gənclərdən ibarət Təşəbbüs Qrupu yaradılıb və bu qrup namizədliyimi irəli sürəcək. Ümid edirəm ki, 2005-ci ildə olduğu kimi, seçicilərin etimadını qazanacam. Coğrafi cəhətdən ən çətin bölgəni təmsil etmək şansını qazanmaq istərdim. Bundan sadəcə şərəf duyaram. 

- 2010-cu ildə müəmmalı şəkildə seçkilərə az qalmış namizədliyinizi geri çəkdiniz. Bu il də o gözlənilirmi?

- Güman etmirəm ki, bu hadisə yenidən təkrarlansın. Onu xatırladım ki, 2005-ci ildə müstəqil namizəd kimi seçkini qazanmışdım, baxmayaraq ki, cənab prezidentin bütün təşəbbüslərini dəstəklədiyimə görə hamı məni YAP-ın deputatı kimi qələmə verirdi. 2010-cu ildə də  "Şınıx" Təşəbbüs Qrupu namizədliyimi irəli sürdü. Namizədliyimdən bir həftə sonra partiyamız vahid siyahısını açıqladı. Bizim dairədən hörmətli Rafiq Məmmədhəsənovun namizədliyini irəli sürdülər. Seçki qaydalarına əməl edərək, normal mübarizə apardım. Monitorinqlər onu göstərirdi ki, şansım yüksəkdir. Şansım yüksək olmasına baxmayaraq, partiyamızın maraqlarını şəxsi maraqlarımdan üstün tutaraq, namizədliyimi Rafiq Məmmədhəsənovun xeyrinə geri çəkdim. Bundan təəssüflənən insanlar oldu. Deputat olmamağıma baxmayaraq, bu beş il ərzində minlərlə müraciətlər aldım. Hər birinə deputat kimi yanaşdım. Dövlət orqanlarına minnətdaram ki, şəxsimə daim hörmət edirlər. Seçicilərin haqlı müraciətlərini araşdırıb həll etmişəm. Bir daha bəyan edirəm ki, namizədliyimi geri çəkməyimə səbəb partiyamızın sədri və prezidentimiz olan şəxsə hörmətimdir. Hamı bilir ki, YAP-ın sıravi üzvüyəm. Seçki günü cənab prezidentin adından mənə zəng olundu. Atdığım addıma, seçkidəki mövqeyimə görə təşəkkür olunub. Gələcək seçkilərdə namizədliyimin hakimiyyət tərəfindən dəstəklənməsi vəd olunub. Bunu başqa mənada xatırlatmadım. Mənə ən böyük dəstək mane olmamaqdır. Bir neçə ay əvvəl hörmətli prezidentimizə və partiyanın idarə heyətinin üzvlərinə məktub ünvanlamışam, müraciətimin əsas məğzi ondan ibarətdir ki, "vahid namizədlər siyahısı" hazırlayıb televizyalardan elan etmək beynəlxalq müşahidəçilər tərəfindən hakimiyyətin seçkiyə müdaxiləsi kimi qiymətləndirilir, ölkəmizin nüfuzuna ziyan vurulur.  Bəzi siyasətçilər namizədlərin partiyalar, siyasi partiyalar blokunun namizəd irəli sürmə hüququ ilə bu "vahid namizəd siyahısı" ilə qarışdırmasınlar. Bütün xarici qurumlar ATƏT başda olmaqla, bu cür siyahıların tv ekranlarından oxunmasını seçkiyə müdaxilə kimi qiymətləndirirlər, yerlərdəki seçki administrasiyalarına bir başa "hakimiyyətin təlimatı" kimi qələmə verirlər. Seçicilər partiyalara yox, konkret şəxslərə səs verirlər. Prezidentimizə müraciətimdə bildirmişəm ki, mütərəqqi yol "vahid siyahıların" olmamasıdır. O anlama gəlməsin ki, müxalifət partiyaları və hakim partiya kimisə dəstəkləməməlidir. Təbliğat kompaniyası zamanı kimisə dəstəkləmək olar. Hakim partiyanın məni dəstəkləməsi avantaj olar. Çünki bu partiyanın kifayət qədər rayonda seçici olan üzvləri var. Vahid siyahının olmasını arzu etmirəm. Gülər Əhmədov və Elşad Abdullayev olayı hələ xatirimizdədir. Seçki sisteminə kifayət qədər kölgə gətirdi. Siyahıya dövlət, millət qarşısında xidmətlərinə görə deyil, qohumları, korrupsiya əlaqələri vasitəsi ilə düşmək istəyən kifayət qədər insan olur və onlar hesab edirlər ki, onlar seçki ilə, seçici ilə maraqlanmaya bilərlər, mübarizə aparıb normal seçki şəraiti ilə qalib gəlməsələr də, hakim partiyanın "vahid siyahısı" onlara mandat qazanmasına zəmanət verir. Kimisi qohumu, kimisə də başqa vasitələrlə bu siyahıya düşür və ya cəhd edir. Ola bilsin ki, siyahıda dövlət qarşısında, partiyamız qarşısında xidmətləri olan şəxslər var, belə üzvlərimizi başqa formada , aktiv təbliğat aparmaqla dəstəkləmək olar. Dövlətçiliyi düşünən insan olaraq, bu şəkildə siyahıların olmasının əleyhinəyəm. Adlar açıqlananda, yerlərdə məmurlar bunu göstəriş kimi qələmə verirlər. Nəticədə seçkilərə müdaxilələr, namizədlər arasında qeyri-bərabərlik olur, seçkiyə müdaxilələr baş verir, istər istəməz bu mətbuat səhifələrinə çıxır, uduzan tərəf məğlubiyyətini qəbul etmir və legitimlik problemləri yaşanır, sonda Avropa Məhkəməsi həmin mandatları şübhə altına qoyan qərarlar qəbul edir.  Bütün dünyada belədir ki, uduzan tərəf öz məğlubiyyətini qəbul etməyibsə mandat qazanan cəmiyyətin gözündə qalib deyil.

- Müşahidələrimiz onu göstərdi ki, əhali hazırkı deputatdan narazıdır. Namizədliyinizi onun xeyrinə geri çəkdiyinizə nə zamansa peşiman olmusunuzmu? 

- Bir seçici kimi Nərimanov-Nizami seçki dairəsində yaşayıram. Öz deputatımızdan belə razı deyiləm. Ola bilər ki, Rafiq müəllim yaşlı insandır, prorektor və s. kimi bir neçə vəzifəsi var, işi çoxdur. Bu səbəblərdən rayona tez-tez gəlməyə bilər. Mən dinamik insan kimi tez-tez gələ bilirdim. Bunun nəticəsində həm 2010-da həm də hazırda vəziyyət xeyrimizə yüksəkdir. Amma peşimançılıq hissi keçirmirəm. Bir dəfə milləti təmsil etmək belə qürurvericidir. Bunu yaşamağın özü ən böyük xoşbəxtlikdir. Deputatlıq və müəyyən vəzifə ömrü boyu ola bilməz. Əsas odur ki, insanlar arasında necə qarşılanırsan. Müxtəlif yollarla deputatlıq müddətini və vəzifəsini uzatmaq istəyən insanlara tövsiyyəm ondan ibarətdir ki, reytinqinizi yoxlatdırın. Bunu müəyyənləşdirəndən sonra cəhd etmək lazımdır. Buna ciddi önəm vermək lazımdır. 

- Deputat olduğunuz vaxt yarımçıq qalan işləriniz oldumu? 

- 2010-cu ildən təbii qazın kəndlərimizə verilməsi prosesi dayanıb. Deputat yol və qazçəkən deyil. Sadəcə prosesləri sürətləndirmək üçün bir vasitədir. Prezident məni Rusiyadakı fəaliyyətimdən bəri tanıyır. Şəxsən bu layihələrin razılığını ondan alandan sonra nazirlərlə görüşdüm. Bunları həyata keçirmək üçün müxtəlif nazirliklərin qapılarını döyməyə məcbur olmuşam. Bundan məmnuniyyət hissi keçirirəm ki, hansı bölgəyə getmədiyimdən asılı olmayaraq insanlar məni ədalət hissi olan, hakimiyyəti normal təmsil edən və xalqın sözünü deyən deputat kimi xatırlayırlar. Təəssüf hissi təbii ki, var. Çünki bu illər insanların həyat şəraitlərini yaxşılaşdırmaq baxımından baxımından itirilmiş illər oldu. Təbii qaz olan kəndlərə insanlar artıq şəhərdən gəlməyə başlayıblar. Bu yerlərin torpaqları çox bərəkətlidir. Sadəcə istifadə etmək lazımdır iri fermer təsərrüfatları yoxdur. Çalışıram ki, insanlar geri dönsünlər. Gədəbəyin tam qazlaşdırılmasına deputat olduğum zamanlarda nail ola bilmədim. Dövlət başçısı Gədəbəyə gələrkən, qeyri millətdən olan malakanlar ondan istirahət yerlərinin olmadığını bildirdilər. Bunları nəzərə alaraq, Saratovka kəndinin girəcəyində “Heydər parkı”x9d saldırdım. Ulu öndərimizin büstünü qoydurdum. Bunu özümə mənəvi borc bildim. O parkdan insanlar hazırda istifadə edirlər. Bundan əlavə,  cənab prezident tapşırıq vermişdi ki, sərhəd rayonlar qazlaşdırılsın. Bu proses 2013-də tam tamamlanmalı idi. Bu işlərin başa çatmasını gözləyirəm. Azərbaycan neft ölkəsidir. Gərək yolların hamısı asfalt olsun. Dövlətimizi əsas inkişaf etdirən, vergi ödəyən sahibkarlardır. Bu sahəyə xüsusi diqqət ayrılmalıdır. İdarəetmədə daha çox gənclər olmalıdır. Müəyyən səbəblərdən bu işlərə təsir etmək imkanlarından məhrum olduq. Bundan əlavə, Azərbaycan sovet idarəetməsindən uzaqlaşmalıdır. Çünki hazırda elə insanlar vəzifədədir ki, sovet dövründə kolxoz sədri, briqadir işləmiş şəxslərdir. Belə insanları gənclər əvəz etməlidir. Bunun üçün çalışırıq. Üzdə hakimiyyəti, prezidenti tərifləyib, özünü kəndxuda kimi aparan insanlara qarşı daim mübarizə aparacam. Bu mübarizədə cənab prezidentin yanındayıq. Prezident deyir ki, vəzifələrə xalqa xidmət etmək üçün seçilmişik. Dövləti sevmək vəzifəni doğru-dürüst icra etməkdir. 

- Nazim müəllim, Gədəbəyin təhsil sistemi son açıqlamada bəlli oldu ki, bərbad vəziyyətdədir. Sizcə səbəb nədir?

- Təəssüf edirəm. Vaxtı ilə Gədəbəy türk dünyasının intelekt mərkəzi kimi qələmə verilirdi. Hazırda Azərbaycan və riyaziyyat fənlərindən qeyri-kafi almaqda axırdan 4-cü yerdədir. Çox pis haldır. Azərbaycan elminə yüzlərlə ziyalı bəxş etmiş bir rayonun təhsilinin bu şəkildə olması çox ürək ağırdır. Məşhur məktəblərin siniflərində 5-6 nəfər oxuyur. Keyfiyyət yuxarı ola bilməz. Bulaq necə quruyursa, Gədəbəyin təhsili də elə qurumağa doğru gedir. 

- Son olaraq, seçicilərə müraciətiniz varmı?

- Seçki hələ ki rəsmi elan olunmayıb. Sözüm odur ki, seçkilərə “bir səs hər şeyi həll edər”x9d prizmasından baxsınlar. İlk növbədə, vətəndaş borcunu yerinə yetirib, seçkilərə gəlmək lazımdır. Bayaq qeyd etdim ki, insanlar payız fəslində şəhərə gedirlər. Bu da seçki vaxtına düşür. Arzu edərdim ki, onlar Bakıya getmələrini seçkidən sonraya saxlasınlar. Kimə səs versələr, gələcəkdə ondan nəyisə tələb etmək haqları olsun. Bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. “Kimə səs verməyimin önəmi yoxdur. Kimi desələr o, seçiləcək”x9d düşüncəsindən azad olmaq lazımdır. Yeri gəlmişkən, bir aydır burdayam. Eşidirəm ki, vaxtı ilə bir neçə partiya dəyişmiş, müxtəlif keçmiş korrupsioner nazirlərin patronajlığı altında olmuş 3-4 potensial namizəd "yuxarıların icazəsini aldıqlarını" deyərək təbliğat aparırlar. Hətta iş o dərəcədə anormaldır ki, mənim bəzi məmurları korrupsiyaya, rüşvətxorluğa, monopoliyaya görə tənqidimi əsas gətirib məni "müxalifətçi" kimi qara PR aparırlar. O adamlara sözüm ancaq budur: Mən YAP-ın üzvü kimi cənab sədrimizin işinin öhdəsindən gələ bilməyən məmurlara, korrupsionerlərə, rüşvətxorlara , monopolistlərə qarşı münasibətini təbliğ etmişəm və edəcəyəm də, əgər cənab prezident "müxalifətçidirsə" on da mən də "müxalifətçiyəm". Onu qeyd edim ki, seçkinin taleyini seçici həll edir. Yuxarıdan kiminsə icazə alması fikirlərini başdan çıxarmaq lazımdır. İcazə verən də seçicidir, alan da. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO