Bir zamanların ən məhşur personalarından olan və müxalifətin mitinqlərinin dağıdılmasında özünəməxsus xidmətlər göstərən keçmiş polis rəisi Nazim Nağıyev Moderator.az-a geniş müsahibə verib. Onunla söhbətin ikinci hissəsini oxuculara təqdim edirik:
Əvvəli...moderator.az/?xeber=48363
-O vaxt deyəsən, naziriniz Vaqif Novruzovla
yola getməmisiniz və sizi qəbuluna çağırıb nəsə təklif edib...
-Vaqif Novruzov Nərimanov rayonunda işləyəndə
mən də Bakı Şəhər Baş Polis idarəsində işləyirdim və bir-birimizi tanıyırdıq, mənə
də münasibəti yaxşı idi. Amma bir gün Baş Cinayət Axtarış İdarəsinin rəisi
Zakir Nəsirov mənə dedi ki, səni nazir çağıracaq, amma hazır ol, deyəsən səndən
nədəsə narazıdır. Hətta dedi ki, yəqin Əli müəllim (Əli Nağıyev-red.) onun
haqqında prezidentə nəsə deyib. Heç üstündən bir gün keçməmiş məni nazirin qəbuluna
çağırdılar. Nazirin kabinetinə daxi olan kimi mənə qayıtdı ki, bəs sənin qardaşın
məndən nə istəyir? Dedim mən başa düşmədim, məndən niyə soruşursunuz bunu?
Qardaşım partiya işindədir və YAP üzrə Heydər Əliyevin müavinidir. Əgər
qardaşım barənizdə nəsə deyibsə zəng edin özündən soruşun, məndən niyə
soruşursunuz? Dedim onun başı elə qarışıq olur ki, günlərlə üzün görmürəm və
sizinlə bağlı da mənə bir kəlmə də deməyib. Qayıtdı ki, ona zəng etmirəm, amma
biləsən ki, prezidentə mənim haqqımda deyib. Bildirdim ki, mən bir rayonun
polis rəisiyəm, ancaq Əli Nağıyev YAP sədrinin müavini kimi bütün respublikadan
məlumatlar alır, onun informasiyaları məndən min dəfə çoxdur, ola bilsin ki,
hardansa bununla bağlı məlumat və ya siqnal gəlib. Mənə qayıtdı ki, bəlkə sən
bir vəzifə istəyirsən, mən bilim. Cavab verdim ki, heç bir vəzifə istəmirəm, işimdən
narazılığım yoxdur, rəislərim də həmişə işimdən razı qalıb. Söhbətin sonunda
yumşaldı və bir daha soruşdu ki, bəlkə nədənsə narazısan? Bildirdim ki, cənab
nazir, özüm üçün narazı deyiləm, amma bu nazirlikdə AXC iqtidarı dövründə
olduğu vəziyyət davam edir. Yəni haqsızlıq da var, vəzifələr də alınıb-satılır.
Bunu deyəndə yenidən əsəbləşdi və məndən fakt istədi. Dedim ki, burda kadrlar
idarəsində Səfər Əliyev adlı bir nəfər var, bunu Naxçıvanlı olduğuna görə işdən
çıxarırlar. Dərhal knopkanı basdı və Çingiz Hidayətzadədən Səfərin vəzifəsin
soruşdu. Dedi o Səfər nə vəzifədədədir, Çingiz də cavab verdi ki, inspektordur.
Nazir dedi ki, yaxşı, bu gündən olsun baş inspektor. Yəni aramızda belə bir
söhbət oldu. Sonradan Səfər mənə dedi ki, elə mən baş inspektor idim, nazirin xəbəri
yoxdu. Çingiz Hidayətzadə də onu çağırıb ki, səni kimsə nazirə tapşırıb, mən səni
baş inspektor təyin etmək istədim, baxdım ki, elə baş inspektorsan. Səfərdən
xahiş edib ki, sən Allah, səndən soruşan olsa de ki, mənə baş inspektor vəzifəsini
elə indi veriblər. Səfərlə də aram yaxşı idi, Səfərə də dedim ki, səni nazirə mən
tapşırmışdım. Mən nazirlə söhbətdən sonra öyrəndim ki, Əli müəllim ovcunda olan
məlumatlarla bağlı prezidentə məruzə edibmiş. Əli Nağıyev elə bir adamdır ki,
kimsəyə güzəşt etməz, özü də Heydər Əliyev kimi bir adama informasiyanı olduğu
kimi və vaxtında deməliydi. O heç vaxt düşünməzdi ki, qardaşım filan yerdə işləyir deyə bunu deməyim.
-Bəs Ramil Usubovla necə, polemikalarınız olubmu?
-Açığı deyim ki, Ramil Usubov başqa rəislərə necə tələbkarlıqla
yanaşıbsa, həmişə mənə qarşı da tələbkar davranıb, ancaq hörmət-izzətlə. Deyim
ki, işlərimiz həmişə yaxşı gedib. Elə bir məqam olmayıb ki, nazir məndən nədəsə
narazı qalsın və ya hansısa addımımı tənqid eləsin, yaxud qəzəblənsin. Ramil müəllim
hətta bir neçə dəfə Səbail Rayon Polis İdərəsinin işini başqa rəislərə nümunə də
çəkib. Özü də deyim ki, obyektiv olaraq nümunə çəkib. Məsələn, kadrların seçilməsi,
bizim idarədə olan nizam-intizam məsələsində çox öndə olmuşuq. Elə olmayıb ki,
Ramil Usubov məni bir dəqiqədən artıq axtarsın və tapa bilməsin. Nə vaxt
axtarıb, məni iş yerində tapıb. Bunu da həmişə qeyd edib.
-Əgər nazirin yanında bu cür nüfuz qazanmışdınızsa niyə
Səbaildən Binəqədiyə köçürüldünüz? Hansı ki, mətbuat bunu hətta sürgün kimi qələmə
verdi...
-Səbail də Bakının 11 rayonundan biri idi və Binəqədi
də çox çətin, ağır bir rayon idi. Orada da əməliyyat şəraiti gərgin idi. Binəqədi
ərazi və əhali baxımından da Səbaildən bir neçə dəfə çox idi. Ona görə də siz jurnalistlərdən
fərqli olaraq bunda mənfi bir şey görmədim. Heç indi də belə fikirləşmirəm. Binəqədidə
də kifayət qədər yüksək səviyyədə işlədim, bir çox məzmunlu elə tədbirlər
gördük ki, nazir tərəfindən qiymətləndirildi. Sonra da vaxt gəlib çatanda ki, təqaüdə
getməliydim, özüm ərizəmi yazdım ki, təqaüdə göndərin.
-Gəlin etiraf edək ki, o vaxtlar təqaüd yaşı çatmış
onlarla polis rəisi də vardı və bu gün də var. Amma Sizin təqaüdə getməyiniz
labüd oldu nədənsə...
-Mənim də müddətimi iki dəfə artırdılar. Bilirsiniz,
elə ki, yaş gəlib çatır və hər dəfə müddətini bir il artırmaq lazım gəlirdi,
ona görə də açığı, bu heç o qədər də maraq doğurmurdu. Yəni raport yazırsan,
bir də görürsən ki, bir il gəlib çatdı, təzədən bir də yazmağa məcbur olursan.
Ona görə də getməyə qərar verdim.
-Təqaüdə göndəriləndə heç olmasa Ramil Usubov sizi qəbul
etdimi?
-Raportum əsasında məni nazirliyə dəvət elədilər,
nazirin kabinetində nazir və nazir müavinlərinin iştirakıyla xidmətdə fərqlənməyə
görə bir “qramota” da verdilər, hətta bir yerdə xeyli söhbət elədik və şəkil də
çəkdirdik.
-Nazirlə?
-Nazirlə də, müavinləriylə də. Yəni deməyim odur ki, təntənəli
surətdə bir mükafat da verib məni təqaüdə göndərdilər. Ramil Usubov məni yola
salanda da dedi ki, nə vaxt istəsən yanıma gələ, müraciət edə bilərsən.
-Sonradan elə olub ki, nazirə işiniz düşə?
-Bir-iki dəfə tədbirlərdə mehribancasına görüşmüşük.
Amma zərurət olmayıb ki, ona nəyə görəsə müraciət edəm, yaxud da nəyisə xahiş
edəm.
-Sizi jurnalistlər və cəmiyyətin küçə-meydana çıxmağa cəsarət
edən təbəqəsi müxalifətin mitinqini dağıdan irikalibrli toplardan biri hesab
edirdi. Amma deyəsən Binəqədiyə gedəndən sonra müxalifət də xiffətinizi çəkdiyindən
meydanlara çıxmaqdan az qala imtina etdi...
Ardı var...































































































