Moderator.az çağdaş Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan şair Aqşin Yeniseylə müsahibəni təqdim edir:
- Söhbətə şeirin yükündən başlayaq. Şeirin yükünü, ağırlığını hansı fiziki vahidlə müəyyən etmək olar?
- Şerin ölçü vahidi onunla təkbətək qalmaq istəyən adamların sayıdır. Kütləvi oxucu, elitar nəzəri qiymətləndirmələr, bunlar müvəqqəti meyarlardır. Poeziyanın yaratdığı təəssüratın, ovqatın mənbəyi çox dərindədir. Poeziya uzun dövrlər ərzində nəsillərin, xalqların yaşamaq uğrunda mübarizə nəticəsində “öz başlarında”x9d öyrəndikləri ustalıqların irsi kodlarla ötürülməsi və genetik yaddaş kimi nəslin, soyun sonrakı nümayəndələrinə də zəruri qanunauyğunluqlara əsasən, gözlənilmədən müxtəlif formalarda üzə çıxmasıdır. Biz buna fitri istedad deyirik. İstedad xalqın öz övladının şüuraltısına əmanət etdiyi mənəvi-təcrübi mirasıdır. Nə qədər materialistcəsinə səslənsə də, istedadın fitri qaynağı Tanrı yox, tarixdir. Onun mövhumiliyinin kökü izaholunmaz ilahi möcüzəvilik yox, filizləşmiş tarixi gerçəkliklərdir. İstedadlı insanlar isə sadəcə öz şüurları və şüuraltıları arasında rahat get-gəl edə bilən, bu “filiz mədəni”x9dndə qazıntı aparan fərdlərdir. Bizi incəsənətdə heyrətləndirən, düşündürən, heyran edən nə varsa, fərdin öz şüuraltısından tapıb gətirdikləri həmin tarixi gerçəkliklərin, daşlaşmış emosiyaların əridilməsindən alınan külçələrdir.
- Bu dəqiqə üstünüzdə nə qədər şeir yükü var? Çiyinlərinizi əzmir?
- Alimlər qurbağa üzərində belə bir eksperiment aparıblar. Onlar qurbağanı isti su qazanına atırlar və qurbağa dərhal hoppanıb qazandan çıxır. Daha sonra alimlər qurbağanı soyuq suya atırlar. Bu zaman soyuq su qurbağanın xoşuna gəlir. Alimlər get-gedə qazanın istiliyini artırırlar. Su isindikcə, qurbağa arxayınlaşır və yuxuya gedir. Qurbağa o dərəcə də rahat olur ki, qazandan çıxmır ləzzət ala-ala bişir. İnsan da qurbağa kimidir. Əvvəlcə öyrəşə bilmədiyi, qaçmaq istədiyi işdə, peşədə mənəvi, maddi ehtiyacları ödəndikcə rahatlıq tapır və özü də bilmədən öz peşəsinə çevrilir. Şairlik də belədir, bir müddətdən sonra ağrılar müqəddəs həzzə çevrilir.
-Aqşin Yeniseyin əlində seçim imkanı olsaydı hansı ölkənin, hansı cəmiyyətin şairi olmaq istəyərdi?
- Misir piramidalarına nə ad qoyuruqsa qoyaq, tarixi abidə, sənət incisi, dünyanın yeddi möcüzəsindən biri və s. onun dəyərini azaltmır. Eləcə də bu abidələrin dünyanın harasında olması da onlara əlavə üstünlüklər gətirmir. Bu piramidaların mövcudluğu sübutdur ki, sənət nə sənət elitası üçündür, nə də xalq üçün. Sənət ayrı-ayrı ramzeslərin əbədiliyi üçündür. Mən məndə əbədilik duyğusu axtaran, eyni zamanda məni də özüylə əbədiləşdirə bilən hər bir Ramzesin, hər bir Misirin şairi olmaq istərdim. Sözsüz ki, buna layiqəmsə! Layiq deyiləmsə, bu suala nə cür cavab verəcəyimin heç bir mənası yoxdur.
- Ədəbiyyat niyə Xeyirlə Şərin intervalında insanı gah o tərəfə, gah da bu tərəfə sürüyür?
- Gəlin, əvvəlcə xeyirlə şər arasındakı sərhədi çəkməyə çalışaq. Nə qədər cəhd göstərsək də belə bir sərhəd çəkə bilməyəcəyik. Basdırıb getdiyimiz dirəyi bir gecə şər aşıracaq, o biri gecə xeyir. Simvolik olaraq qəbul edək ki, xeyir - göydən gələnlərdir, şər - yerdən çıxanlar. Mənə görə yaradıcı adam nə göydə avaralanmalıdır, nə də yerdə eşələnməlidir. Yaradıcılıq üçün ən münasib yer və vaxt xeyirlə şərin, qaranlıqla işığın, həyatla ölümün bir-birinə qarışdığı, onları biri-birilərindən ayırd etməyin mümkün olmadığı vaxtdır, yerdir. Şair büsbütün xeyirə qulluq eləyəndə də şərləşir, xeyirin şərlatanına çevirilir, büsbütün şər üçün əlləşəndə də xeyirləşir, şərin xeyirxahına çevrilir. Ona görə də yaradıcı adam, mənə görə, dan yerində, işıqla qaranlığın qovuşduğu üfüq xəttində görünməz olan, itkin düşən adamdır.
- Axır vaxtlar yazılan şeirlərə baxanda adamda elə hiss yaranır ki, poeziyamız sanki “intihar körpüsü”x9dnə çıxıb. O “körpü”x9d bizim poeziyamıza nəsə qazandıra biləcək, ya yox?
- Bu sualın cavabına lap uzaqdan başlayacağam. Bəşər mədəniyyətinin beşiyi olan Afinada birdən-birə fəlsəfənin inkişafına səbəb kimi dəniz ticarəti göstərilir. İran-yunan müharibələrindən sonra yunanlar bütün hərbi donanmanı ticarət donanmasına çevirdilər. Bu şəhər dövlətin qapılarını müxtəlif ölkələrdən gələn tacirlərin üzünə açması ticari alış-verişlə yanaşı, həm də müxtəlif ölkələrdən, müxtəlif inanclardan olan insanların fikir mübadiləsi üçün şərait yaratdı. Yəni Yunanıstanın şərq sahillərinə və geriyə üzən gəmilər həm də rəngarəng fikirlərlə dolu idi. Ticarət özü ilə müxtəlif mədəniyyətləri də ölkədən-ölkəyə daşıyırdı. Beləliklə, Yunanıstan sərhədlərində tacirlərdən ibarət nəhəng mədəniyyətlərarası dialoq qurulmuşdu. Bu qarmaqarışıq dialoqların içərisində Sokratın, Platonun, Aristotelin aydın məntiqi yetişirdi. Bizim ədəbiyyatda çatışmazlıqların başlıca səbəbi dünya ilə aramızda belə bir dialoqun olmamasıdır, ya da çox zəif olmasıdır. Azərbaycan taciri dünyada nə qədər məsafə qət edə bilibsə, yazıçısı da o qədər məsafə qət edib. Azərbaycan məhsulu nə qədər ölkədə alıcı qazana bilibsə, yazıçımız da o qədər oxucu qazana bilib. İkinci bir fakt da budur ki, Türkiyənin dövlət dəstəyi ilə tərcümə olunan bir-iki yazıçısını çıxmaqla bu gün dünyada, ümumiyyətlə, müsəlman ədəbiyyatı aktual deyil. Aktual olan yazıçıların da arxasında heç bir ədəbi kriteriyalar dayanmır. Məsələn, Salman Rüşti müsəlmanları qəzəbləndirən “Şeytan ayələri”x9d kitabına görə tanınır. Xalid Hüseyn, Maalof kimi yeni müsəlman əsilli yazıçılar isə “Ərəb baharı”x9dnın səhnəarxası “peşkalarıdır”x9d və s. Demək istədiyim budur ki, ədəbiyyatımızın dediyiniz körpüdə ilişib qalmasında günahkar yalnız özümüz deyilik.
- Müasir ədəbiyyatımız üçün sizcə, “Feysbuk əbəbi məclisi”x9d nə dərəcədə təhlükəlidir?
- Virtual dünyanı mövcud olan dünyaların hələ ki, sonuncusu və ən azad, ən xoşbəxti kimi qəbul etməliyik. Virtual dünyada olan insan haqları, söz və fikir azadlıqları nə yaşadığımız real dünyada mövcuddur, nə də gedəcəyimiz o biri dünyada ehtimal olunur. Virtual dünyadan əvvəlki hər iki dünyanın sahibi insan yox, allah idi. Nəhayət, elmi biliklərinin inkişafı sayəsində insan özünə məxsus olan üçüncü dünyanı yaratdı ”“ internet dünyasını, virtual aləmi. Mənə elə gəlir ki, bu üçüncü dünyanın da öz şairləri, yazıçıları yetişəcək, sadəcə, indi hələ onlar öz yeni dünyalarının qayaüstü rəsmlərini çizirlər. Biz də eynən belə başlamamışdıqmı?
- Sonuncu şeirinizi nə zaman yazmısız? Mümkünsə, ondan bir neçə misranı bizim üçün oxuyardınız...
- O gün metroda Əlisəmid Kürü gördüm, günəbaxan kündəsinə bənzəyən üzü adamların arası ilə başıaşağı fikirli-fikirli harasa gedirdi. Nədənsə mənə elə gəldi ki, Əlisəmid Kür həmin an metroya düşmüş günəbaxandır, adam zəmisinin içində bitmiş yalqız bir günəbaxan. Bunu yazıram, tam hazır olan kimi çapa verəcəyəm.
- Məşhur misranız var- “Ayrılıq ölümün plagiatıdı”x9d. Ölüm öz müəlliflik hüququnu qoruya bilməyəndə gözdən düşmür?
- Misra cavaba çevrilmədikcə gözəlliyini qoruyur. Ətrafımızda gördüyümüz, eşitdiyimiz hər şey şeir olmaq istəyən, ancaq arzusu gözündə qalan nakam bir aləmdir. Bu misranı mən düşünərək belə yazmamışam, o, bu aləmin seçilmişlərindədir. Mənim ona izah verməyim yekəxanalıq olardı.
- Bir az açıq danışaq- Bu gün Azərbaycan Sözü nə qədər kirlənib? İstedadın gücü o kiri təmizləməyə yetəcək?
- İndiki problemlərin çoxu təhsillə bağlıdır, yəni səthi aşınmadır. Bilirsiniz ki, bizdə təhsilin səviyyəsi sovet vaxtı inzibati metodlarla yüksəldilmişdi, inzibati metod dağıldı, təhsil də yoxa çıxdı. Ona görə bizdə uzun müddət elmdə, təhsildə boşluq olacaq. Ona görə Azərbaycan xalqı, hökuməti borcludur ki, bu boşluğun yerini hələ ki, fitri istedad sahibi olan övladları ilə doldursun. Hər yerdə istedad axtarmalıyıq, üzə çıxarmalıyıq, onları digər vətəndaşlarımızdan göz görə-görə uca tutmalıyıq. Yoxsa olan-qalan tarixi potensialımız da tükənəcək və biz yenidən dünyanın ən qədim xalqına çevriləcəyik.
-Sonda zəhmət olmasa, gələcək kitabınız barəsində məlumat verin. Nə zaman işıq üzü görəcək?
- Nəsr kitabı olacaq, amma hələ heç özümə də aydın deyil, proseslər necə nəticələnəcək. Mətni qabaqcadan düşünüb köçürəndə canlı alınmır, ona görə də nəsr yazanda mən ideyanı ancaq mətnlə bir yerdə düşünürəm. Görək nə yaranacaq.
Söhbətləşdi: Elmin Nuri






























































































