Bu gün korifey müğənni, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-in xalq artisti, Gürcüstan SSR-in əməkdar incəsənət xadimi Rəşid Behbudovun 100 illik yubileyidir.
Rəşid Behbudovun şəxsiyyəti, sənət yolu nə qədər parlaqdırsa, ölümü də bir o qədər qaranlıqdır. Böyük sənətkarın son günləri ilə bağlı bəzi məqamları öyrənmək üçün xalq artisti Bilal Əliyevlə əlaqə saxladıq.
O, Rəşid Behbudovla tanışlığından başlayaraq, ömrünün son dəqiqəsinə qədər olanları Axar.az-a danışdı:
Moderator.az həmin müsahibəni təqdim edir:
- Bilal müəllim, əvvəlcə Rəşid Behbudovu tanımağınızdan başlayaq...
- Böyük sənətkarımızla tanışlığım Heydər Əliyev adına Sarayda başlayıb. O vaxt “İstedadlar axtarılır”x9d adlı müsabiqə var idi. Mən də həmin müsabiqədə iştirak edirdim (1984-cü il). Həmin müsabiqədə birinci yeri qazandım və qalibləri seyr etmək üçün böyük sənətkarlarımız, eləcə də Rəşid Behbudov gəlmişdi. Mən zala çıxıb oxuyanda hamı bir nəfər kimi məni alqışlamağa başladı.
Çıxışdan sonra Rəşid müəllimdən iştirakçılar barədə rəy alındı, onda o, belə demişdi: “Hamısı əladır, amma Bilal tamam başqa aləm idi”x9d. Mən sonradan xəbər tutdum ki, Rəşid müəllim mənim teatra gətirilməyim barədə qərar verib. Onunla çalışdıqca məni daha da çox istəməyə başladı, demək olar ki, mənə övladı kimi yanaşırdı.
- Bu doğmalığın yaranmasına nə səbəb oldu?
- Kollektivdə fəaliyyətə başlayandan sonra tez-tez eşidirdim ki, Behbudov çox aqressiv adamdır. Onunla davranışlarda diqqətli olmaq lazımdır. Çalışmaq lazımdır ki, o, insandan küsməsin. O teatrda əksəriyyət 6 aydan çox işləyə bilmirdi, çünki səhvlərə yol verirdi. Şükürlər olsun ki, böyük ustad mənə hər nə deyirdisə, çox yüksək səviyyədə yerinə yetirirdim. Düzdür, bəzən kiçik incikliklər olurdu, amma elə olanda dönə-dönə üzr istəyirdim. O görürdü ki, mən öz günahlarımı başa düşürəm, ona görə də hər zaman məni bağışlayırdı.
Mənim onunla birlikdə çalışmağımın bir ili tamam olanda hər kəs məni təbrik edirdi ki, sən böyük adamsan ki, bu qədər vaxtı onunla birlikdə çalışmağı bacarmısan.
- Ölümündən əvvəl onunla ən son nə vaxt danışmışdınız?
- Ölümündən bir neçə gün qabaq Moskvadan mənə zəng edib, tapşırıqlar vermişdi. Deyirdi ki, ruhdan qətiyyən düşməyim, konsertlərimə yüksək səviyyədə davam edim.
- Bəs, ölüm xəbərini necə aldınız?
- Onun ölüm xəbərini Naxçıvanda olanda aldım. Deməli, Naxçıvana tədbirə yollanmışdım. Elə həmin günün axşamı mənə gəlib dedilər ki, özünü toparla, müəllim rəhmətə getdi. Mən, sadəcə, şokda idim. Dizi üstə yerə oturub ağladım. Dostlar məni qaldırdı, bir az özümə gəldim. Amma o zərbədən sonra orada qala bilməzdim. Tədbiri yarımçıq qoyub Bakıya qayıtmalı oldum.
- Müsahibələrinizdən birində demisiniz ki, ustad sizin rus dili bilmədiyinizi düşündüyü üçün yanınızda hər şey danışıb. Hansı sirli söhbətlər olurdu yanınızda?
- Yox, elə də sirli söhbətlər olmurdu. Düzdür, çox vaxt rusca bilmədiyim üçün rahat danışardı, amma yenə də diqqət edərdi hər şeyə. Çünki o, hər zaman fikirləşirdi ki, yerin də qulağı var.
- Hindistandakı söhbətində də yanında oturmuşdunuz”¦
- Bəli, onda Ravi adlı hindistanlı tərcüməçi ilə söhbət edirdi. Ona dedi ki, uşaq onsuz da rus dilini bilmir. Sən bunları mənə danış. O da Şaumyan barədə danışmağa başladı.
- Bilal müəllim, Şaumyan barədə yanınızda olan dialoqu vaxtında ictimaiyyətə demədiyiniz üçün insanlar çox vaxt sizi ittiham edir. Deyilənə görə, Rəşid Behbudov Hindistanda Şaumyanın məzarını görüb, çəkiliş aparıb, kaseti də saxlayıb. Üstəlik, ona deyiblər ki, Şaumyan edam olunmayıb, Hindistanda qocalıb ölüb. Bəs, siz niyə bildiyiniz faktları açıqlamadınız?
- O vaxt vəziyyət fərqli idi. Sovet hökumətinin vaxtında qəribə-qəribə hadisələr olurdu, buna görə də hər kəs ehtiyat edirdi. Mənim də Rəşid Behbudovun ölümündə sakit dayanmağıma səbəb bu idi. Düzünü deyim ki, durğunluq dövrü olduğuna görə bir az qorxdum, çəkindim. Düşündüm ki, zamanı gələndə açıqlayaram.
- Niyə Rəşid müəllim ona verilən kasetin surətini çıxartmadı?
- Ola bilsin ki, o qədərini düşünməyib. Bəlkə də çıxardıb, sadəcə, həyat yoldaşı bu hadisələrdən qorxduğu üçün onu məhv edib. Çünki o vaxt Ceyran xanım bu söhbətlərdən çox qorxmuşdu. Rəşid müəllim ölməzdən qabaq xanımına belə demişdi: “Ola bilsin, məni aradan götürsünlər”x9d.
- Siz özünüz kasetə baxdınızmı?
- Xeyr, baxmadım.
- Niyə?
- Çünki baxmağa ehtiyac yox idi. Mən artıq bildim ki”¦ Gör, insanların nələrdən xəbəri yoxdur. Elə günlər olub ki, bütün bu baş verənlərə görə oturub saatlarla ağlamışam.
- Bu barədə danışmaq istədiyiniz başqa nələr var?
- Heç nə, bildiyim nə var idisə, hamısını danışdım.
- Sonda nə demək istəyirsiniz?
- Sonda onu demək istəyirəm ki, bütün bunları xalqım həqiqətləri bilsin deyə danışdım. Mən heç nədən qorxan adam deyiləm.
































































































