Qırx dörd günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının da misilsiz xidmətləri olub.
Bizim.Media bildirir ki, Vətən müharibəsindən öncə düşmən öz silahlanmasına yeni nəsil hava hücumundan müdafiə vasitələri daxil etdiyindən Azərbaycan Ordusunun, Hərbi Hava Qüvvələrinin ehtimal olunan hücumu zamanı düşmənin hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi başlanğıc və ən vacib döyüş tapşırığı idi.
Buna nail olmaq üçün Hərbi Hava Qüvvələrinin bütün güc və vasitələri səfərbər edildi. Düşmənin hərbi hava qüvvələri sistemlərinin məhv edilməsində "Su-25" hücum təyyarələrinin də iştirakı nəzərdə tutulmuşdu. Bu məqsədlə Hərbi Hava Qüvvələrinin komandanlığı tərəfindən "Su-25" hücum təyyarələrində yeni taktiki üsullardan istifadə olunması tapşırığı verildi. Komandanlıq tərəfindən bu iş polkovnik Zaur Nudirəliyevə tapşırıldı.
Xarici ölkələrdə təhsil alan, bir çox dövlətlərlə, xüsusilə Türkiyə ilə birgə keçirilən təlimlərdə böyük təcrübə toplayan polkovnik Zaur Nudirəliyev bu işin öhdəsindən məharətlə gəldi. O, mütəmadi keçirilən təlimlər zamanı "Su-25" hücum təyyarələrinin tam döyüş imkanlarından istifadə edərək, yüksək hündürlüklərdə nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etdi. NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılandı.
Vətən müharibəsinin iştirakçısı mayor Cavid Fərəcovun sözlərinə görə, "Su-25" hücumçu təyyarə olaraq aşağı hündürlükdə istifadə üçün təyin olunub. Amma polkovnik Zaur Nudirəliyev "Su-25" döyüş təyyarəsinin imkanlarından məharətlə istifadə etməyi bacarıb: "Su-25" döyüş təyyarəsi aşağı və orta hündürlükdən uçarsa düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı yüksəkdir.
Polkovnik Zaur Nudirəliyevin təcrübəsi və araşdırmaları nəticəsində taktikada olmayan yeni bir üsuldan istifadə edildi. Vətən müharibəsində yuxarı hündürlükdə "Su-25" döyüş təyyarəsindən bomba atışının yüksək dəqiqliklə həyata keçirilməsi düşməni sarsıtdı. Polkovnik Zaur Nudirəliyev bu bacarığı biz təyyarəçilərə aşılamışdı.
O, həmçinin "Su-25" döyüş təyyarəsindən lazer güdümlü bombaların ilk atışlarını yerinə yetirmişdi. Bu taktikanı tələbələrinə də öyrətmişdi. Bütün bu yeni taktikalar sayəsində döyüşlərdə çox böyük üstünlük əldə edə bildik".
Polkovnik Zaur Nudirəliyev "Su-25" döyüş təyyarəsində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurub. Sonuncu uçuşunda isə düşmənin hava hücumundan müdafiə vasitələrinin hədəfi olub.
Onunla eyni istiqamətdə uçuşlar yerinə yetirən polkovnik-leytenant Elçin Məmmədov belə deyir: "Oktyabrın 4-də polkovnik Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığını yerinə yetirmək üçün Cəbrayıl istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman mərkəzi komanda məntəqəsinə məlumat daxil oldu ki, düşmənin hava hücumundan müdafiə vasitələri hərəkətə keçib.
Bizim kəşfiyyat məlumatımıza görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. "Su-25" hücum təyyarələrinin düşmən tərəfindən vurulması ehtimal böyük idi. Buna görə də dərhal bizə geri qayıtmaq tapşırığı verildi. Həmin vaxt polkovnik Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o çağırışa cavab vermədi.
Artıq polkovnik Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq, polkovnik katapult edə bilərdi. Lakin o, düşmənə əsir düşməmək üçün katapult etmədi. Polkovnik Zaur Nudirəliyev düşmənə ağır zərbə vurmaq üçün canından keçib təyyarəni düşmənin canlı qüvvə və zirehli texnikasına çırpdı və qəhrəmancasına şəhid oldu".
Amma qəhrəman polkovnikimizin qanı yerdə qalmadı. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən həmin istiqamətdə düşmənin hava hücumundan müdafiə vasitələri tamamilə məhv edildi. Bununla da "Zərbə" pilotsuz uçuş aparatlarından, döyüş helikopterlərindən və hücum təyyarələrindən geniş istifadə üçün imkan yaradıldı.
Məhz onların fəaliyyəti nəticəsində düşmənin xeyli sayda artilleriya qurğuları, tank, digər zirehli texnikası və canlı qüvvəsi məhv edildi. Xüsusi Təyinatlı Qüvvələr və Quru Qoşunları üçün Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin işğaldan azad olunmasına az sayda itki verməklə olduqca əlverişli şərait yaradıldı.
Vətən müharibəsi zamanı yeni taktiki üsuldan istifadə olunması nəticəsində təyyarəçilərimiz 600-dən çox uçuş həyata keçirərək düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Məhz bu taktika nəticəsində 44 günlük Vətən müharibəsində cəmi bir "Su-25" hücum təyyarəsi itirilib. Bu qəhrəmanlıqlara görə dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnik Zaur Nudirəliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Şəhid polkovnikin həyat yoldaşı Nazilə Nudirəliyeva deyir ki, polkovnik Zaur Nudirəliyev Vətəninə, peşəsinə olduğu kimi, ailəsinə və övladlarına da ürəkdən bağlı idi. Ən böyük arzusu övladlarını savadlı, Vətənə layiq vətəndaş kimi yetişdirmək idi. Buna görə də daim övladlarının dərsləri ilə maraqlanırdı. Qızımız Pərinin 600 balla universitetə qəbul olması onu ürəkdən sevindirmişdi. Oğlumuz Ömərin də hər zaman dərslərini yaxşı oxumağını istəyirdi.
Nazilə Nudirəliyeva şəhid polkovnikdən yadigar qalan övladlarını onun adına layiq böyüdəcəyini bildirib.
Bizim.Media