“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində ilk podkast izləyicilərə təqdim olunub.
Bizim.Media xəbər verir ki, layihənin ilk buraxılışında qonaq şair, millət vəkili və dərin ictimai düşüncə sahibi Elçin Mirzəbəyli olub.
Podkastın aparıcısı isə peşəkar jurnalist, ədəbiyyatın incəliklərinə bələd olan Leyla Səmədovadır. Podkast izləyicilərə mütaliənin əsl mahiyyətini yeni rakursdan təqdim edir.
Söhbət zamanı “Niyə oxumuruq?” sualına cavab axtarılıb, oxu vərdişləri, kitabların insan həyatına təsiri və müasir ədəbiyyatın aktuallığı mövzularında geniş fikir mübadiləsi aparılıb. Podkast həm ədəbiyyatsevərlərə, həm də mütaliə mədəniyyətini inkişaf etdirmək istəyən hər kəsə dəyərli tövsiyələr təqdim edir.
Qeyd edək ki, “Bookline” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında oxu mədəniyyətini inkişaf etdirmək, davamlı mütaliə vərdişi formalaşdırmaq və kitab ətrafında müzakirə mühiti yaratmaqdır.
Podkastı “Bookline” layihəsinin rəsmi YouTube səhifəsindən izləyə bilərsiniz.
Bizim.Media































































































